Qafar Şövqi Satirik şeirlər


Biz də işığın qiymətinin qalxdığı andan Aydınlığı rədd eyləyərək, zülmətə qaçdıq.

 Qaçdıq

"Siz"lə danışan "sən"lər ilə söhbətə qaçdıq.

Taxdıqca qalstukları rəsmiyyətə qaçdıq.

***

Şamtək əridik xeyli qaranlıqda yalandan.

Gördük günəşin çıxması müşküldür o yandan.

Biz də işığın qiymətinin qalxdığı andan

Aydınlığı rədd eyləyərək, zülmətə qaçdıq.

***

Qəbul eləmirsə bizi öz doğma bədənmiz,

Qoltuq ağacından yapışıbdırsa dünənmiz,

Kaş ki topal eylərdi bizi, xəlq eləyənmiz...

Çünki, ayaq açdıq deyə şan-şöhrətə qaçdıq.

***

Qaçmaqdır igidlik deyib, hər gün qaçırıq biz.

Nolar bizə bir kəs deyə, düzgün qaçırıq biz?

Heç anlamadıq ki, hara, neyçün qaçırıq biz?...

Gördük qaçaqaçdır, qoşulub millətə qaçdıq.

***

Hər kəs bizə öz tərifin ol gün haram etdi.

Tərif bizi tərk eylədi, tənqid davam etdi.

Gördük bu vətən bizləri çox ittiham etdi...

Axırda əlindən vətənin qürbətə qaçdıq.

***

Meyl eyləyib hər kəs baş-ayaq durmağa sanki.

Cənnətdəki nifrətdi cəhənnəmdəki sevgi.

Dünyada zaval yox bizə, bir halda ki Şövqi,

Röyada cəhənnəmlik idik, cənnətə qaçdıq.

 

Kefdə idik

 

Molla əmi, bir yuxu gördüm dünən.

Kefdə idik, hər şeyimiz var idi.

Yummuş idik ağzını insanların.

Üstəlik Allah da bizə yar idi.

 

***

Fərz eləyirdik ki səadətdi bu

Hər çatan əppəymizə qaymaq yaxır.

Cümlə qaranlıqları yırtan günəş,

Bilməz idik hansı tərəfdən çıxır.

***

Görməz idik, kor kimi, haqsızlığı

Aşiq idik kar kimi, təhqirlərə.

Üzdə görünsək belə məsum kimi,

Ortaq idik cümlə müqəssirlərə.

***

Həbs elədi bətninə dünya bizi

Şadlığımız oldu cəza müddəti.

Hər günümüz döndü bu ifadəyə...

"Dörd divarın bir nəfərə töhməti".

***

Molla əmi, bir yuxu gördüm dünən.

Kefdə idik, hər şeyimiz var idi.

Yummuş idik ağzını insanların.

 

Üstəlik, Allah da bizə yar idi.



Tarix: 25.11.2016

1599