Conatan Franzen - Yenicağın Amerika ədəbiyyatı


“Texnologiyalar insan üçün yeni dindir. İnsanlar artıq texnologiyaya inanır, onlara ibadət edirlər”.

  “Ən yaxşılardan ibarət onluq: Yazarlar sevimli kitablarını seçirlər” anketini dolduran yazarlar arasında “Time” dərgisinin ‘Ən yaxşı amerikan romançısı” kimi seçdiyi yazıçı - Conatan Franzen. Amerikanın müasir yazıçısı Azərbaycanda az tanınsa da romanlarına görə dünya şöhrəti qazanıb.

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində 17 avqust 1959-ci ildə doğulub, Missuri ştatındakı Sent-Luis şəhərində böyüyüb. Tələbəlik illərində o, “Fulbrayt” fondunun ən yaxşı tələbələrə xaricdə təhsil almağa imkan verən təqaüdünü qazanır və bir müddət Qərbi Almaniya universitetlərində təhsil alır. Conatana məşhurluğu orta səviyyəli amerikalı ailənin həyatını təsvir etdiyi “Düzəlişlər” romanı gətirir. Kitab Milli Kitab Mükafatına layiq görülüb. 3 milyon nüsxə satılıb. “Azadlıq” romanı isə Franzeni dünya çapında tanıdıb. ABŞ prezidenti Barak Obama da kitab dükanına gedib özü üçün yazıçının “Azadlıq” romanını almışdı. Obama hətta onun kitabını çap olunmamışdan qabaq da sifariş edibmiş.

Yazıçının Amerikada roman janrının yüksəlişində böyük əməyi olub. Bu müəllifin iri nəsri xüsusi diqqətə layiqdir, onun tammetrajlı debütu - “İyirmi yeddinci şəhər”dir (1988). Əsər cansıxıcı, çürüyən Qərbin vəziyyətini illusitarsiyalarla nümayiş etdirir. Lakin Franzen özü bu romanı şedevr hesab etmir. “Özümü hərtərəfli savadlı intellektual insan kimi göstərmək istədim. Əslində isə yalnız zəif qorxmuş cavan idim və qohumlara tənqidi formada roman yaza biləcəyimi sübut etmək istəyirdim”.

Digər roman isə “Güclü hərəkət”dir. Məhz “Güclü hərəkət”də Franzen bir narahat ailə timsalında Amerikanın dəyərlər sistemində mövcud böhranı ilk dəfə ciddi cəhdlə göstərdi və bununla tənqidi realizmə doğru böyük addım atdı. Xatırladaq ki, 1990-cı ildə Pinçona və Delillonun kitabları Amerika ədəbiyyatının simasını müəyyən edirdi. Onların fonunda yazıçı ciddi görünməzdi. Lakin nə qədər paradoksal olsa da, “Güclü hərəkat” gözlənilmədən yazçının səsini tipik oxucuya çatdırdı. Bu romanda cəmiyyətin mənfi durumu bütünlükdə göstərilir, zəhərli tullantılardan pul qazanan lənətə gəlmiş kapitalsitlərin, kor-koranə bütə sitayiş edənlərin Amerikanın gurultu ilə göydən yerə çırpılacağına səbəbkar olacaqları göstərilir.

“Narahat Zona”da isə dövrün itirilmiş, metamodernzimin tipik qəhrəmanından bəhs edilir. İdeallaşdırılan ana və müstəbid ata arasında vurnuxan insan məstedici xırda pisliklər, ümidsiz tələbat qarşısında özündən bədgüman olmaqla və şəxsiyyətini alçaltmaqla ətrafında hamının xoşuna gəlməyə çalışır.

Gələn il Franzenin “Günahsızlıq” romanı çap ediləcək. Roman gənc bir qadının öz naməlum atasını axtarması haqdadır. Bu axtarış zamanı o, məxfi məlumatları açıqlayan keçmiş ABŞ casusu Snoudene bənzər bir insanla qarşılaşır. Yazıçının rus mətbuatına verdiyi müsahibəni təqdim edirik.

- ABŞ-da keçirilən prezident seçkiləri barədə fikirlərinizi bilmək istəyərdik?

- Birləşmiş Ştatlarda son yüz əlli il ərzində iki əsas partiya liderlik edir. 2016-ci ildə keçirilən seçkilər sonuncudan fərqi ondan ibarət idi ki, bu dəfə seçicilərin demoqrafik mənsubiyyəti nəsə həll edə bildi. Bu seçki Respublikaçılar partiyasının nümayəndəsinin Ağ evə daxil olması üçün sonuncu şansı idi. Digər tərəfdən onlar daha geniş dünyagörüşünə malik namizəd seçməli idilər. Yəni biz elə əvvəlcədən gözümüzün qarşısında milli partiyanın özünü axmaqlığa qoymasına imkan verdik. Yeri gəlmişkən, Respublikaçılar məni xüsusi maraqlandırmır və onlar mənim heç xoşuma gəlmir.

- Amerikanın 450-dən çox müasir yazıçısının prezidentliyə namizəd Donald Trampa qarşı yaratdığı petisiyaya bir müddət imza atmadınız. Bunula bağlı bəzi tənqidçilərin diqqəti sizin üzərinə yönəldi. Sirr deyilsə, niyə imzalamadınız?

- Mən açıq məktubları imzalamağı sevmirəm və liberallara şübhə ilə yanaşıram. Bu kimi petisiya yaradan istənilən siyasi təbəqədən olan insanlar bunu özünü yaxşı hiss etmək üçün edir. Mənə elə gəlir ki, onsuz da, Birləşmiş Ştatların əhalisini bütövlükdə liberal əhval-ruhiyyəli müəlliflərin bir qrupu düşündürmür. Məncə, bu, səmərəsiz siyasi aksiya idi və çox səmimi görünmürdü. Əlbəttə, mən qətiyyən Trampı dəstəkləmirəm. Nyu-Yorkda yaşadığım 25 il ərzində Tramp yalnız gülüş hədəfi, emosional dəyişkən subyekt kimi diqqət mərkəzində olub və biz də bundan əylənirdik. Sadəcə, bu məktubun mənasının nə olduğunu, ümumiyyətlə, anlamırdım.

- Obamanın prezidentliyinin lap əvvəlində siz onun haqqında böyük rəğbətlə danışırdınız. Səkkiz ildən sonra, fikirləriniz dəyişməyib ki?

- Yox, o, ümidlərimi tam doğrultdu. Corc Buş İraq və Əfqanıstandakı münaqişələri, qorxunc maliyyə vəziyyətini ona təhvil verdi. Və sonra o, Konqresdə müxalifətin ən qəzəbli nümayəndləri ilə toqquşdu. Hesab edirəm ki, heç bir Amerika prezidenti bu cür təzyiqlə rastlaşmamışdı. Hansısa mühüm nailiyyətlər əldə etməkdə əlləri bağlı idi. Amma mən dəqiq bilirəm ki, həyatımda onun kimi ağıllı prezident görməmişəm. Onun etdiklərinin çoxu indiyə qədər məndə heyrət doğurur. Bəli, onun xarici siyasətlə bağlı bəzi qərarları inamımı azaltdı. Ekologiya ilə bağlı bir sıra məsələləri gec nəzərdən keçirdi. Amma görəsən o, məni məyus etdimi? Heç bir halda. Düşünürəm ki, onsuz da o, nə vaxtsa ən yaxşı prezidentlərdən biri kimi xatırlanacaq.

- “Günahsızlıq”-ın personajları zaman-zaman bütövlükdə bəşəriyyətə və dünyanın gələcəyi ilə bağlı kifayət qədər pessimist proqnozlar verirlər. Əhali çoxluğu, mümkün nüvə müharibəsi, qlobal iqlim dəyişiklikləri. Bu barədə sizin fikirləriniz necədir?

 - Kitabda bir yer var: oxucu Tom Aberantın nəzəriyyəsi ilə tanış olur. Burada kənar sivilizasiyalardan niyə siqnallar almadığımız yer alır. Qeyd edilir ki, ağıllı olan hər bir bioloji növ müəyyən mərhələdə nüvə silahı icad edir. Beləliklə, hər bir yeni yaranan sivilizasiya özü özünü məhv edir. Bu konsepsiya mənə görə diqqətə layiqdir. İndi bu, bizim şəxsi nümunəmizdə daha yaxşı görünür: Bizim bioloji növümüz artıq planetin formasını dəyişdirib. Biz faktiki olaraq ekologiyanı məhv edirik. Bununla əlaqədar nikbin olmaq çətindir. Yenə də mənə elə gəlir ki, insanlar müxtəlif texnologiyaların inkişafı, müasir həyatın bütün təzahürlərinin çoxluğu nəticəsindən həddindən artıq dəyişib. Bu cür kütlə narahatlıq yaratmağa əsas verir.

Ədəbiyyat texnolgiyanın işğal etdiyi dünyada yaşamayacaq. İnformasiyanın dünyanın hər yerində əlçatan və azad olduğu bir dövrdə roman yazmaqdan ötrü uzun-uzadı araşdırma aparıb, çoxlu material toplamağın da dəyəri azalmış olur.  Mən bundan sonra yaşadığım qədər yaşamayacağıma şadam. Çünki  hazırda bəzi dəyərlər mövcuddur, təmiz ekoloji mühit var. Əvvəlki kimi öz enerjisini mürəkkəb kitab oxumağa sərf etmək istəyən insanlar var. Ümumiyyətlə isə doğulduğum yerə və dövrə görə şadam. Bu fərəhim gələcəyin doğuracağı qorxu və təhlükədən irəli gəlir. Çünki dünya bu vəziyyətə çox dözməyəcək.

- Siz bu romanınızda total təqibə, xüsusilə internetin cəmiyyətə təsirinə geniş yer vermisiniz. Bildiyimə görə, siz dindar deyilsiniz. Ancaq mənə elə gəldi ki, romandakı internet aləmi, yerdə hər bir insanın günahlarının görünəcəyi Məşhər günü kimidir.

- Qismən belədir. Mən yalnız bir az geniş ölçüdə bunu götürərdim: İndi bir çox mühəndis möcüzələrinə kilsədə olan atributlara dua etdikləri zaman keçirdikləri eyni həyəcanla baxırlar.

Digər tərəfdən yazıçıların da çoxu sosial şəbəkənin qurbanıdır. Baxıram ki, bir zamanlar öz vaxtını peşəkarlığının artırılmasına sərf edən və heç yerdə işləmədən özünü dolandıran yazıçılar indi heç nə qazana bilmirlər, çünki dayanmadan özünüreklam işi ilə məşğul olmağa məcburdurlar.

- “Günahsızlıq” ın kolliziyasının bəzi yerləri Dostoyevskinin əsərlərini xüsusən də  Bulqakovu xatırladır. “Azadlıq” da isə Tolstoydan çoxlu qeydlər var. Deyəsən, rus ədəbiyyatı sizə çox təsir edib.

 

- Bilirsiniz, mənə bir dil öyrənmək üçün seçim versələr və bu, mənə sehirli formada təqdim edilsə tərəddüdsüz rus dilini seçərdim. Xüsusən də Turgenev, Tolstoy, Dostoyevski və Çexovun əsərlərini orijinaldan oxumaq üçün. Bu, çox böyük ədəbiyyatdır, bədii nəsrin və dramaturgiyanın etolonudur. Şeir baxmından bu iddianı irəli sürməyi cəsarət etmirəm, çünki kifayət qədər yaxşı tanış deyiləm. Tolstoyun, Dostoyevskinin və Qoqolun etdiyini anlamaq çətindir. Bu şəxslər bunu necə yaradıb? Hər üçü nəhəngdir. Onlar yazılmış ən yaxşı romanların müəllifləridir. Daha sonra isə Çexov gəlir. Getdikcə böyük dramaturq və  hekayənin ali nümunələrini yaradır. Rus ədəbiyyatı bu dünyada ən gözəl şeydir.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 21.11.2016

1312