
“Mağarada ər arvadını küt ailətlə qətlə yetirdi”, “Qobustan” istirahət mərkəzindəki ziyafətdə bir qəbilə zürafə ətindən zəhərlənib”, yaxud “İbtidai icma quruluşu dağılır, xalq quldarlıq quruluşuna “yox” deyir”
Savadsız, hərf görəndə qanı qaralan bir əmioğlum var. Adı Elbarizdir, adını da başdan yazıram ki, cəsarətsiz jurnalist olduğumu güman etməyəsiniz. Demək, sovet təhsil sistemi gah onun əllərini partanın üstünə qoyub çubuqladı, gah onu noxud dənələrinin üstündə dizi üstə oturtdu, gah mürgülü qaz kimi saatlarla tək ayağı üstə dayanmağa məcbur etdi, gah oxuyan uşaqları onun üzünə tüpürtdürdü, gah qır qazanında qaynatdı, gah odlu gürzələrin qaynaşdığı qəfəsə saldı, gah Sibirə sürgünə yolladı, gah güllələnmə hökmü oxudu, gah tonqalda yandırdı, gah məktəbin həyətində hamının gözü qarşısında edam elədi, amma bu adama, elm cəhənnəm, heç əlifbanın otuz iki hərfini axıracan öyrədə bilmədi. Adam işgəncəyə razı oldu, kitab oxumağa yox. O qədər cəza çəkməyə vərdiş etmişdi ki, bəzən dərs başlayanda özü bəri başdan könüllü şəkildə gedib sinif otağının küncündə tək ayağı üstə üzüdivara dayanırdı. Məktəb illəri onun yaddaşında elə acı xatirələrlə qalıb ki, deyir indi də yanımda kitabdan-dəftərdən söz düşəndə təzyiqim qalxır.
Ağızadan-ağıza gəlib bizə çatan söz-söhbətə görə, deyir, yazı mədəniyyətinin beş min ilə yaxın tarixi var. Türklərin, çinlilərin, misirlilərin, mayyalıların, inklərin qədim tayfaları səsin sözə, sözün yazıya çevrilməsində əllərindən gələni gələcək nəsillər üçün əsirgəməmişlər. Nizənin, sapandın, mamontun bol, kağız-qələmin isə tapılmadığı vaxtlarda başlarına gələn hadisələri, ilk sevgi macəralarını, yeyib-içmək ayinlərində deyilən sağlıqları əl-ayaqlarını əzə-əzə daşa-qayaya ilan-qurbağa işarələrlə, heroqliflərlə, mixi yazılarla döyəcləmişlər ki, övladları onların həyat və yaradıcılığını unutmasınlar, lazım olanda oxuyub ibrət alsınlar.
Yəqin ki, o vaxt da nisbətən gözdən tük qapmaq istəyən qələm adamları qədim dünyanın ilk mediasını da yaradıblarmış; çox güman ki, o dövrün ilk jurnalistləri hər gün tayfada baş verən yeni xəbərləri daş perolu qələmlərlə mağaranın qarşısındakı qayaya cızmış, tayfanın ilk intellektualları daş gözlüklü eynəklərini taxıb bu anlaşılmaz xəbərləri oxuyaraq tayfa başçılığna namizdələrin vədlərindən, mağaradakı “əxlaqsızlıq yuvalarından”, tayfadakı hörmətli, tüklü-müklü kişilərin qəbilədə tüğyan edən rüşvətxorluq və korrupsiya halları ilə mübarizəsindən, ocaq başında mamontun dağıdılcılıq gecəsinə yığışanlar arasında ilk sosial bərabərsizliyin təməlinin qoyulmasından xəbər tutmuşlar. Yəqin ki, o vaxtın ən çox oxunan ictimai-siyasi mətbu qayasında belə başlıqlı manşet yazıları olurmuş: “Mağarada ər arvadını küt ailətlə qətlə yetirdi”, “Qobustan” istirahət mərkəzindəki ziyafətdə bir qəbilə zürafə ətindən zəhərlənib”, yaxud “İbtidai icma quruluşu dağılır, xalq quldarlıq quruluşuna “yox” deyir” və s. Növbəti səhifələrdə, yəni əsas qayanın yan-yörəsindəki daş-kəssəkdə isə ilk şairlərin, rəssamların qəhrəmanlıq, mağarapərvərlik ruhunda yaratdıqları lirik-epik janrlı əsərləri yer alırmış. Uzun illər ulu babalarımızın Qobustan qayalıqlarındakı milli cızmaqaralarını oxumağa çalışan, təxəllüsü bizim dilimizdə “xiyar” anlamını verən fransız alimi Fransua Concombre felyetonlarının birində yazır: “Yazı mədəniyyəti inkişaf etdikcə yaradıcı adamlar, daşdan inək dərisinə, papirus yarpaqlarına, ən nəhayət, kağıza üz tutdular. Çünki ilk oxucular hər gün evə ağır daş qəzetlər, kitablar alıb gətirdiyi üçün evlər, bir növ, daş karxanalarına dönür və hər gün evi bu lazımsız daş yığınından, boyat informasiyalardan təmizləyən ev xanımlarının deyingənliyinə, ailələrin dağılmasına səbəb olurdu. Bütün günü daş-qaya oxuduğu üçün ovdan, yəni işdən-gücdən qalan kişilərin ailələri yoxsullaşır və belə evlərin xanımları hər gün mamont kababı yeyən, əyninə cürbəcür bahalı brontozavr, ixtinozavr dərilərundən xalat, səndəl geyinən qonşu xanımlarına baxıb öz oxucu və yazıçı ərlərinə qarğış yağdırırdılar. “Oxuduğun daş düşsün sənin kişi təpənə” qarğışı da məhz ilk yazıların yarandığı dövrlərə təsadüf edir ki, bu da yaradıcı adamlara edilən ilk qarğışların əcdadıdır”. Dilimizə “daş düşsün təpənə elə” kimi gəlib çatıb. Concombre bizi inandırmağa çalışır ki, yazı yarandığı gündən insanlara bədbəxtlik, tənhalıq bəxş edib: “Beləliklə, ilk kitab yarandı. Bu kitab Çinin şimal-qərb ucqarında insanlardan qaçıb dağlarda yarımvəhşi həyat yaşayan, qaynadılmış çəltiklə dolanan Buddanın öz şagirdinə söylədiklərindən ibarət eni yarım, uzunu bir metrə çatan, cəmi yeddi səhifəlik “Diamond Sutra” kitabı oldu. Deyəsən, eramızdan əvvəl 868-ci ildə yazılıb. Daha sonra alman texnoloqu Qütenberq 1450-ci ildə ilk kitab maşınını yaratdı. Nəhayət, 1863-cü ildə Avropada ilk çap maşını ixtira olundu ki, onun da ilk alıcılarından biri Amerika yazıçısı Mark Tven idi. Artıq qəzet, kitab oxumaq üçün Qobustana, Orhon-Yeniseyə, mayyalıların, inklərin yaşadığı Yukatan yarımadasına getməyə, yaxud oralardakı üstü yazılı daş-kəssəyi evə gətirməyə ehtiyac yox idi. Yazı mədəniyyəti dəyişsə də yazıçıların taleyi olduğu kimi qaldı”.
Bəs yazı mədəniyyətinin taleyi bizdə necə olmuşdur? Yazı mədəniyyətinin insanların həyatına gətirəcəyi faciələri hələ lap qədimdən hiss edən bizim ulu babalarımız Qobustan qayalıqlarında beş-altı cızmaqara edəndən sonra bu işin gəlirsiz, hətta gərəksiz olduğuna əmin olaraq, heç vaxt öz taleyini, tarixini yazıya, kitaba etibar etməmiş, onun taleyini, tarixini qələmə almaq zəhmətini başqa xalqların muzdlu tarixçiləri öz üzərlərinə götürmüşlər. Axtarsan, bəlkə də, Qobustan qayalarında yallı gedən, ov ovlayıb, quş quşlayan babalarımızın təsvirlərinin də müəllifi özümüz deyilik. O vaxt qapalı hövzə olmayan, Qara dənizlə birləşərək qədim Tetis okeanının bir hissəsi sayılan keçmiş Sarmat, indiki Xəzər dənizi vasitəsilə hardansa avara, yadelli bir qayaçapan gəlib buralara çıxmış və pulunu alıb, babalarımızın el şənliklərini bu qayalara oymuşdur. Soruşa bilərsiniz ki, indi vəziyyət necədir? İndi də narazı deyilik. Məsələn, başqa xalqların avtobusları, metroları qiraət zallarını xatırlatdığı bir vaxtda bizim avtobuslar, metro vaqonları heç bir məna ifadə etməyən, yalnız bir-birinə göz qoyan insan üzlərinin sərgi salonunu, fransızca desək, expositionu xatırladır. Qəzet köşklərindən qəzetdən başqa min bir xırdavat – dırnaqtutan, pomozok, dabankeş, büsqalter, dondurma, siqaret, ütü məftili, qozqıran, corab, ağcaqanad dərmanı ala, hətta əlimyandıda budkadakı daydaya təzə şalvarının balağını kəsdirə bilərsən. Uzağa getməyək, məsələn, bizim binada cəmi-cümlətanı bircə oxucu vardı; müharibə veteranı idi, Hitler vurub ayaqlarını şikəst eləmişdi. Gəzə bilmədiyi üçün bekarçılıqdan kor yolçu kimi həyətdə oturub qəzet oxuyurdu. II Dünya müharibəsində əlli yeddi milyon insan qırılıb, deməli, əgər bu müharibə olmasaydı və əlli yeddi milyon adam qırılmasaydı o kişi də ayağının birini itirməyəcəkdi. Deməli, belə çıxır ki, bu binanın topal sakini də olmayacaqdı və bu həyətdə heç kim qəzet oxumayacaqdı. Bizim binanın heç o bircə çolaq oxucusu da olmayacaqdı. Bizim insanın adicə qəzet oxuması üçün gərək Dünya müharibəsi-zad törədəsən, ölü yeri, əlli yeddi milyon insan qırasan. İndi Hitlerin amanatı olan o şikəst oxucu da rəhmətə gedib. İndi bizim evlərə qəzetlər ancaq kənddən gəlir, özü də yalda sımasın deyə yumurtalara bükülmüş vəziyyətdə...
Tarix: 07.11.2016
