Dünya yazarları Bob Dilana verilən Nobel mükafatı haqqında


“Sanki, bu nostalji qoxan mükafatı qoca hippinin büzüşmüş gündəyməzindən çıxartdılar!”

 2016-cı ilin ədəbiyyat üzrə Nobel mükafatı ABŞ-ın məşhur aktyor, ifaçı və bəstəkarı Bob Dilana verildi. O, “Amerika musiqi ənənəsi çərçivəsində yeni poetik ifadə tərzi yaratdığına görə” bu ali mükafata layiq görüldü. İsveç Akademiyasının daimi katibi Sara Danius bu seçimi şərh edərkən deyib ki, akademiklər bu mükafatı Dilana vermək məsələsində yekdil olublar: “O, ifa üçün nəzərdə tutulmuş şeirlər yazır. Bu yaradıcılıqda Dilan poeziyada tez-tez müraciət edilən qədim yunan ənənələrinin köklərinə gedib çıxır. Dilanın yaradıcılığı dərin ənənələri əks etdirir, onlar musiqi ilə yüksək bədii səviyyədə birləşirlər”.

 

Lakin İsveç Akademiyası Bob Dilanla əlaqə saxlaya bilmədiyinə görə artıq Akademiya amerikalı rokçunu 10 dekabrda Stokholmda gerçəkləşəcək təqdimetmə mərasiminə rəsmi dəvət etmək cəhdlərindən də imtina edib. Komitənin yaydığı bəyanatda deyilir ki, Bob Dilanın özünü bu cür dikbaş aparması üzvləri hiddətləndirib.

İsveç akademiyasının üzvü Vestberq Pert bildirib ki,  Bob Dilana ədəbiyyat üzrə Nobel mükafatının verilməsi barədə məlumat musiqiçinin saytında yerləşdirilib və bundan sonra məlumat saytdan çıxarılıb: “Cəhdləri dayandırmışıq, onun dostu və menecerinə nə lazımdərsa demişik və o, bunu bilir, amma heç bir cavab almamışıq. Həmişə olduğu kimi təqdimat mərasimi olacaq, hətta orda olmasa belə, o da mükafatlandırılacaq”

Eyni zamanda mükafatın Boba verilməsindən xeyli müddət keçməsinə baxmayaraq bu hadisə ətrafında müakirələr səngimir. Dünyada bu hadisə birmənalı qarşılanmayıb. Bəziləri komitənin bu addımına müsbət yanaşsa da digərləri sərt münasibət bildirib.

Rusiyanın tanınmış yazıçı və publisisti Eduard Limonov bildirib ki, ədəbiyyat üzrə Nobel mükafatı ABŞ-ın məşhur aktyoru, ifaçısı və bəstəkarı Bob Dilana verməsi qurumun ciddiliyini sual altına qoyur: “Mən onun mətn yazdığını xatırlamıram. Əlbəttə, Nobel mükafatı bundan da aşağı səviyyəyə düşə bilməzdi. Artıq bir bənd yazanlara da Nobel mükafatı verirlər. Yaxşıdır ki, onu rusiyalı satirik yazar Viktor Şenderoviçə və Aleksey Navalnıya verməyiblər. Hər halda, buna görə onlara təşəkkür düşür”.

Digər ədəbi tənqidçi Nikolay Ledovski də Akademiyanı təqid edib: “Mən bir qədər çaşqınlıq içindəyəm. Bu mükafatı qazanmağa layiq olan yazıçılar var idi. Çox güman ki, Nobel mükafatı komitəsində yeni yazıçıların əsərlərini oxumaq üçün əziyyət çəkmək istəməyiblər. Necə deyərlər, onlar asan yolla getmək qərarına gəliblər. Məhz buna görə, onlar qavranılması asan olan musiqiçi və şairi seçdilər”.

Bunun əksinə olaraq, musiqi tənqidçisi Aretmiy Troiskiy xəbəri sevinclə qarşıladığını bildirib: “Nobel komitəsi bu günədək aşkar snobizimlə fərqlənirdi. Çox tez-tez mükafat peşəkarlar istisna olmaqla ədəbiyyat üzrə naməlum müəlliflərə verilirdi. Bu gün hər kəsin tanıdığı şəxs mükafatı aldı”.

Müasir dövrümüzün ən istedadlı yazıçılarından olan İrvin Uelş: “Mən Bob Dilanın pərəstişkarıyam. Amma sanki bu nastolji qoxan mükafatı qoca hippinin büzüşmüş gündəyməzindən çıxartdılar”- deyə şotland yazıçısı bildirib.

Əslən Ruisyadan olan və sonradan ABŞ-a köçən yazıçı Hari Şteynqard isə ədəbiyyat üzrə Nobel mükafatının ifaçı və bəstəkar Bob Dilana verilməsinə ironic şəkildə müsbət yanaşdığını bildirib: “Mən Nobel komitəsi ilə tam razıyam. Kitabları oxumaq çox çətindir”.

Amerikada triller romanlarının müəllifi kimi tanınan Ceyson Pinter isə baş verən hadisəyə daha çox kinayə ilə yanaşıb: “Əgər Bob Dilan ədəbiyyat üzrə Nobel mükafatını qazana bilibsə, onda Stiven Kinq “Rok-n-roll”un şöhrət zalına daxil edilməlidir”.

13 bestsellerin müəllifi olan yazıçı Codi Pikolt da həmkarı Ceysonla həmfikirdir. O, məsələyə kinayə ilə yanaşıb: “Bob Dilana görə şadam. Amma bu, o deməkdir ki, mən “Qremmi” mükafatı almağa ümid edə bilərəm”.

 

Əslən Hindistandan olan və hazırda Böyük Britaniyada yazıçılıq fəaliyyəti ilə məşğul olan Harı Kunzru daha kəskin çıxış edib: “Bu, Obamanı “sən Corc Buş deyilsən” deyə mükaftalandırılmasından sonra Nobel komtəsinin etdiyi ən pis seçimdir”.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 31.10.2016

4013