Yun Fosse - Norveç ədəbiyyatı


“Mən ədəbiyyata matəm kimi baxıram”.

 

“Allah öldükdən sonra biz tam perspektivi, həqiqi biliyi itirdik. Dünyanın reallığı, mövcudluğu mümkünsüzlüyə çevrildi. Bunun nəticəsi kimi realist roman da məhv oldu”. Bu fikirləri görkəmli norveç yazıçısı, dramaturqu və şairi Yun Fosse yaradıcılığının epiqrafı hesab etmək olar. O, Norveç ədəbiyyatı və teatrının xaricdə “vizit kartı”dır. Böyük Henrik İbsenlə müqayisə edilən yazıçının pyesləri bütün dünyada səhnələşdirilir. Britaniya analitik agentliyi olan “Synectics” Fosseni yaşayan dahilərin yüzlüyünə daxil edib. Bu uğur necə əldə edilib və Fosse müasir oxucunu və tamaşaçını öz yaradıcılığına necə inandırıb?

Yazıçı müsahibələrinin birində deyib: “Mən ədəbiyyata matəm kimi baxıram”. Ağrı, melanxoliya , bədbinlik Fossenin erkən yaradıcılığı üçün də səciyyəvidir. Yaradıcılığının əvvəlindən o, “sırf sənət” tərəfdarı kimi özünü təqdim edir, sosial ideyaların üstünlük təşkil etdiyi 70-ci illərin ədəbiyyatından imtina edir: “Yaxşı ədəbiyyat özlüyündə yaxşıdır”- deyirdi yazıçı. Frankfurt məktəbinin nümayəndələri Markyuze, Adorno kimi Fosse də hesab edir ki, bədii mətnin əsas cəlbedici qüvvəsi onun estetik tərkib hissəsidir. Ümumiyyətlə, ixtisasca ədəbiyyatşünas olan Fosse ədəbiyyat nəzəriyyəsi məsələlərinə böyük diqqət yetirir. Yaradıcılıq prosesində onun düşüncəsində mərkəzi yeri “skribnet” anlayışı tutur - yəni daim yazan.

Mətnlərin təkrarlığı, oxşar musiqi əsərləri Fosse kompozisiyaların qurulma prinsiplərindən biridir. Poeziya - onun əsas düşüncəsidir. Bu hətta onun nəsr və dram əsərlərində görünür. Digər tərəfdən təkrarlanan sözlər və cümlələr Fosse mətnlərini həm ritmik, həm də emosional edir. Onun dil leksikası və sintaksisi oxunaqlı, sadə və eyni zamanda çox məlahətlidir. Yeri gəlmişkən, yazıçı “yeninorveç” dilində yazır.

Fossenin ədəbi yaradıcılığa ilk cəhdlərini 70-ci illərin sonuna aid etmək olar. 1980-ci ildə o, “Sud-Vest” tələbə qəzetin elan etdiyi müsabiqənin qalibi olur və ən yaxşı novella müsahibəsində birinci yer tutur. Fossenin debüt romanları olan “Qırmızı, qara” (Raudt, svart, 1983) və “Bağlı gitara” (Stengd gitar, 1985) tənqidçilər tərəfindən yüksək qiymətləndirilməsə də yazıçı bu iki romanda özünü istedadlı və orijinal müəllif kimi göstərib.

“Bağlı gitara” romanında evdə bir yaşlı övladı qalan və mənzilin qapısını aça bilməyən gənc ananın həyatından bəhs edilir. O, məqsədsiz formada şəhərdə dolaşır və artıq evə gecə qayıdır, yenə də bilmirdi ki,  mənzilə daxil olub və ümumiyyətlə, evə necə gəlib. Təkrarçılığın vacib rol oynadığı romanda əsas mövzu baş qəhrəmanının “şüur axını” üzərində qurulur. Burada qadınların çarəsiz, qapalı dairədə olması təəssüf yaradır. İradəsizlik və gücsüzlük hissləri özünü qabarıq göstərir. Bu isə Fosse əsərləri üçün çox tipikdir.

Fossenin digər romanı isə “Qan. Daş”dır. Bu roman yazıçının ən qaranlıq və mürəkkəb əsəri sayılır. Bu əsərdə öz həyat yoldaşını qətlə yetirdiyini düşünən tacirin daxilindəki monoloqdan bəhs edilir. Əslində, oxucuya aydın deyil ki, bu hadisə baş verib. Əgər baş veribsə onda kimdir əslində təqsirkar? Əqlin inkişafına və düşüncənin təkrarlanmasına mühüm yer verilir. Əsərdə bəzi nüansları anlamaq üçün əsərin əvvəlinə yenidən qayıtmaq lazım olur.

Fossenin növbəti romanı “İp yumağı”dır. Bu əsər onun yaradıclığında “sıçrayış” sayılır. Əsər bayağı sevgi üçbucağında qurulub. Lakin romanın təhkiyə forması əsərin müvəqqəti perspektivində digər ölçü verir. Bu, əsər əslində ilk “metaroman”dır. Monoloq, təksəslilik üzərində qurulmuş əsərdə hadisələrin inkişaf dinamikası yer almır. Dramatizm üzdə deyil, daxildə, alt qatdadır. Təəssüf, ağrı ilə xatırlanan insan faciəsi, tale canlandırılır. Monoloq süjet xəttinin inkişafının, zamanın “ləngiməsinə”, personajların daxili yaşantılarının açılmasına xidmət edir.

KafkaBekketin də Fosseyə təsiri olub. “Qurğuşun və Su” romanında bu daha qabarıq özünü büruzə verir. Romanda gənc jurnalistlə qəribə davranışlı qadından bəhs edilir. Jurnalist ondan müsahibə almağa çalışsa da bu mümkünsüz olur. Eyni zamanda jurnalist özü də bilmədən həmin qadına aşıq olur.

Romanları sahəsində Fosse müasir modernçilərin sırasında öz fəxri yerini tutub. Lakin şeirləri də onun yaradıcılıq irsinin mühüm bir hissəsini təşkil edir. O, indiyədək doqquz poetik məcmuə nəşr etdirib. Müəllif özü də etiraf edir ki, onun şeirləri təsadüfən doğulur və vərəqə köçürülür. Lakin bu poeziya həm üslub, həm də tematika baxımdan Fosse yaradıcılığının parlaq səhifəsinə çevrilir. Onun poetik yaradıcılığı modernizm və minimalizm məcrasında inkişaf edir. Bir çox şeirləri “seyrək” obrazlarla - mələk, köpək, dəniz, daş və s. birləşir. Fosse şeirlərində insan və təbiətin qarşılıqlı münasibətlərindən, duyğuların həqiqi məna qazanmasından, antinomiyalarda rahatlıqlardan bəhs edir. Zaman keçdikcə Fossenin şeirlərində dini baxışlar çılpaq şəkildə büruzə verilir. Çünki şeirlərin bəziləri dualar formasındadır.

Fosse özünü heç zaman dramaturq kimi görməyib. Onun ilk dram əsəri - “Biz heç vaxt ayrılmayacağıq” (skal Og aldri vı skiljast) - 1994-ci ildə çapdan çıxır. Yazıçı buna qədər vətənində uşaq kitablarının müəllifi, şair və görkəmli romançı kimi tanınırdı və bu istiqamətdə özünü doğrultmuşdu. Lakin məhz dramlar Fossenin ölkə hüdudlarından kənarda tanıdıb. Çünki Norveçin hüdudlarından kənarda o, ilk növbədə dramaturq kimi tanınır. Fossenin özü də etiraf edir ki, dram yazmağı düşünmürmuş. Bir gün Tom Remlov ondan bunu xahiş edənə kimi. Nəticədə onun pyesi “Den Nationale Scene” teatrında səhnələşdirilir. Dram norveç teatrının tarixində misilsiz başlanğıca səbəb olur. Bu gün həm Norveç, həm də bir çox digər ölkələrdə bu dram böyük uğurla səhnəyə qoyulur. Yaradıcılğı dövründə Fosse təxminən 30 dram yazıb. Dramaturqun yaradıcılığının son illəri pyeslərində qələmə aldığı psixoloji mənzərlərin olduqca mürəkkəbləşməsi ilə xarakterizə edilir. Yaradıcılığının belə mürəkkəb psixoloji mərhələyə qədəm qoyması ilə İbsenin yaratdığı qəhrəmanlarına qarşı daha kəskin mövqe tutur.

Uşaq ədəbiyyatın gəlincə - Uşaq xəyallarını öz əsərlərində ustalıqla qələmə alan Fosse onları öz nağıllar aləminə aparır, orada əyləndirdikən sonra reallığa qaytarır. Onun yazı üslubunun üstün cəhəti ondan ibarətdir ki, hadisələr uşaqlar ətrafında cərəyan edir və onlar əsas qəhrəman kimi hadisələrin gedişini müəyyən edirlər. Müasir realist dramaturgiyanın inkişafına misilsiz töhfələr vermiş bu yazıçını çox vaxt “müasir dramaturgiyanın atası” olan Henrik İbsenin davamçısı adlandırırlar.

 

 Hazırladı: Günəş Fərhadlı



Tarix: 24.10.2016

4236