Ərəb şairi Adonis


“Gərək yazasan və həbs olunasan. Ərəb həbsxanaları niyə yazıçılarla dolu deyil? Ona görə ki, ərəb yazıçıları həqiqəti demirlər”

 

Əsl adı Əli Əhməd Səid Eşber olan ərəb şairi Adonis 1930-cu ildə Suriyanın Lazkiyə şəhərində doğulub. 1955-ci ildə siyasi səbəblə həbsxanaya düşüncəyini görüb Beyruta qaçıb. 1976-ci ildə Parisə gedib. Burada Ərəb diktatorluğuna və səfalətə qarşı şeirlər yazıb. Ərəb Birliyinin UNESCO nümayəndəliyi vəzifəsində çalışıb. Nobel Ədəbiyyat Mükafatına illərlə namizəd olur. Almaniyada 3 ildən bir dünyanın ən böyük şairlərinə verilən, şeir dünyasının ən nüfuzlu mükafatı “Gete Mükafatı”nı qazanıb. 83 yaşında olmasına baxmayaraq, hələ də şeir yazır.

 

Adonisin yaradıcılığında sürrealizmin prinsipləri və mifik obrazların təsiri duyulur. Onun şeirlərində islamdan öncəki Aralıq dənizi sahillərində yaşayan qədim xalqların - şumerlərin, finikiyalıların, yunanların mədəniyyətləri ilə bağlı ünsürlərə rast gəlmək olar. Adonisin poeziyasının dili çox qəlizdir, orijinal və dolğundur, onun obrazları təxminən hər dəfə qeyri-adi və gözlənilməz atmosfer yaradaraq oxucunu təəccübləndirir, onun metaforaları isə həqiqi reallıqdan uzaq olmayaraq öz şəxsi aləmini yaradır.

Bir çox oxucuların gözündə 1961-ci il şeir toplusu indiyədək ən yaxşı toplu hesab olunur. Onun 400 səhifəlik ən qəliz kitabı - “Cəm formasında olan tək” (“Mufrad bi sığat-əl-cəm” 1977) oxucuların çoxu üçün “qapalı aləm” olaraq qalır.  Adonis Ərəb şeirində formal strukturun ənənələrini pozaraq əsərlərini sərbəst şeir janrında yazıb. O, “Adonis: seçilmiş əsərləri” (2010, ingilis dilinə tərcümə edən Khaled Mattawa), “Dəməşqli Mihyarın nəğmələri” (1961/2008), “Əgər yalnız dəniz yata bilsəydi” (2002) və Beynəlxalq şeir forumunun Suriya-Livan mükafatına layiq görülmüş “Adonisin qanı” (1971) kimi çoxsaylı şeir toplularının, həmçinin, “Ərəb poeziyasına giriş” (2003) adlı elmi əsərin müəllifidir. Şəhərlə bağlı mövzuya şair “Nyu York üçün qəbir” (1971) poemasında toxunub.

1995-2003-cü illər ərzində Adonis “Əl-Kitab” üzərində çalışır. Əsərdə şair öz ölkəsinə səyahət edir, Məhəmməd peyğəmbərin  ölümündən başlayaraq, özünün dəfələrlə müraciət etdiyi və ərəb tarixinin əhəmiyyətli dövrü hesab etdiyi IX əsr ərəb cəmiyyətinin tarixi və siyasətinə toxunur. “Əl-Kitab” on beş əsr ərzində davam edən ərəb sivilizasiyasında siyasi, dini və mədəni çətinliklər yaradan dastan deyil, geniş lirik-freska təsiri bağışlayan bir əsərdir.

O da Nobel mükafatı ala bilməyən şairlərdən biridir. Belə ki, dəfələrlə adı namizədlərin siyahısında olsa da mükafatı ala bilməyib. Adonisin mətbuata verdiyi müsahibələrdən seçmələri təqdim edirik.

- Siz fransız dilində yazırsınız?

- Yalnız ərəbcə yazıram. Çünki xoşbəxtlikdən, ya da əskinə, iki anaya sahib olmaq mümkün deyil. Odur ki, yalnız bir dilidə yaradıcılıqla məşğul oluram.

- Öz diliniz haqqında danışın. Necədir? Məsələn, eskimo dilində ağın onlarla mənası mövcuddur, israil dilində isə “sual” sözünün 20 sinonimi var. Anladanız nəyi kəsb edirəm?

- Mən sizi başa düşdüm. Ərəb dili zəngin, cismani, ehtiraslı, təsviridir. O ivrit dili ilə müqayisəedilməz dərəcədə dərin və çeşidlidir. Bu dil təbiətin gözəlliyi ilə çox bağlıdır. O, suyun, torpağın və quşun səsi ilə danışır. Onu ifadəli oxumaq lazımdır.

Səs - dilin bir hissəsidir. Deyək ki, fransızca sizin simanızı təsvir etmək istəsəm bunu birbaşa deyəcəyəm. Yəni mən bunu elə-belə görürəm. Ərəbcə isə mən birbaşa deyil, ikinci dərəcəli obrazlar istifadə edəcəyəm. Mən profildən sizi götürəcəyəm. Birinci halda mənə fikirlərimin mənasını ifadə etmək üçün daha çox söz lazım olacaq. Digər tərəfdən məkanın gözəlliyi də öz sözünü deyir. Qərbin böyük modernist rəssamı Paul Klee-nin əsərlərini görmüsünüz, o, Şərq ölkələrini necə gözəl çəkib. Abu Nawas, yaxud Abu Al-Maarri-ni oxuyanda onların şərqli, ya qərbli olduğunu deməzsən. Yaradıcı insanlar ölkəsindən asılı olmayaraq, dünyaya bağlı olurlar.

- Amma sizin şeirlər bir çox dillərə də tərcümə edilib. Deməli, obrazlarınız bir dildən digərinə keçib?

- Ərəb dilini Avropa dillərinə tərcümə etmək çox çətindir. Bir neçə obrazlar, hansısa ideya qalır. Eyni zamanda səsin, sözün yarısı qalır, melodilik itir.

- Dövrün terror təşkilatları olan İŞİD-in liderləri hətta Ben Laden də şeir yazırdı.

- Onların yazdığı poeziya deyil və onu poeziya saymaq qətiyyən olmaz. Çünki poeziya sosial fenomendir. İstənilən ölkədə indi minlərlə romançı, şair var, onların arasında beşi, altısı yaxşıdır, qalanı zibil yazır. Həmçinin ərəblərdə də milyon dənə şair var, onların arasında əsl şeir yazan azdır. Bombayla şeiri müqayisə etmək olmaz. Şeir yazmaq ətir düzəltmək, nəfəs almaq kimi həyati bir şeydir. Onun maddi standartlarla ölçmək olmaz.

- Şeiri dərk etmək üçün mütləq anlamaq lazımdır?

- Poeziya sevgidir. Sevmək üçün başa düşmək vacib deyil. Amma zaman keçdikcə, məhəbbəti yaşayaraq onu anlamağa başlayırsınız. Ona görə də məhəbbəti təyin etmək olmur. Axı siz məndən soruşmursunuz ki, məhəbbət nədir? Ona görə ki, bu, ağılsızlıq olardı, düzdür? Sevgini poeziya kimi yaşamaq lazımdır. Oxuyun, təkrar oxuyun, bəlkə, siz başa düşərsiniz.

- Suriya müharibəsinin əvvəlində siz prezidenti Bəşər Əsədə məktub yazmısınız. İndi ona nə deyərdiniz?

- Heç nə dəyişməyib. Əksinə, problemlər çoxdur. Din və dövlət bir-birindən ayrılmasa heç nə dəyişməyəcək. Digər tərəfdən mübarizə lazımdır. Yazıçı heç vaxt ölümün, qətlin tərəfində olmaz. Bu, mümkün deyil. Oturan yerdə heç bir iş alınmır, gərək mübarizə aparasan, gərək yazasan və həbs olunasan. Ərəb həbsxanaları niyə yazıçılarla dolu deyil? Ona görə ki, ərəb yazıçıları öz işlərini görmürlər, tənqid etmirlər. Dərin məsələlər haqda danışmırlar. Mən yazıçıları tənqid edirəm, dövləti yox. Yazıçı həbsxanada olar, bu o deməkdir ki, o, həqiqəti deyir. Həbsxanada olmayan, ya da kitabları qadağan olunmayan yazıçı, deməli, həqiqəti demir.

- Yeni kitabınızda İŞİD-in islam dininin sonuna çıxacağını bildirmisiniz. Yeni başlanğıc olacaq?

- İntibaha vaxt lazımdır. İlk islam dövlətinin yarandığı vaxtdan on beş əsr ərzində vətəndaşlarımızın ideal cəmiyyət yaratmaq cəhdi hələlik mümkün olmayıb. İndiyə qədər ərəb cəmiyyətləri eyni vəzifələri yerinə yetirən lakin müxtəlif hüquqlara malik olan fiziki şəxslərin hesabına formalaşır. Əgər Ərəb dünyasında siyasət dəyişməzsə, əgər idarəçilər iqtidarda qalmaq yerinə xalqın rifahını düşünməzsə, bundan daha betər fəlakətlərlə üzləşməyə hazır olmalıdırlar.

- Ərəb ölkələrindən olan qaçqınlar Avropaya gedir. Bu haqda nə deyə bilərsiz?

 

- Mühacirəti iki şey doğurur: işin və azadlığın olmaması. İnsan işləməyə və azad olmağa yer axtarır. İki yüz il ərzində bizim ölkələrimiz kasıb qaldı, bir dənə yaxşı universitet və ya tədqiqat institutu qura bilmədik. Resurslarımızı mənasız silahlara sərf edirik. Silah, təyyarə, hətta təyyarələri sürən pilotlar alırıq. Bundan başqa Qahirədə ABŞ-da istehsal olunan avtomobilləri görüb aldanmamalıyıq. Hələ orta əsrlərdəyik, özümüz avtomobil istehsal da edə bilmərik. Sadə bir misal: heç kofe fincanı istehsal etmirik. Bizdə özünütənqid, sorğulama olmalıdır. İntellektual adamlar özünü, xalqını, mədəniyyətini sorğu-sual etməlidir.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 17.10.2016

5294