"Nobel"ə namizəd: “Valideynlərimin dəfn olunduğu qəbristanlığa yollandım və məlum oldu ki, artıq burada heç kimi dəfn etmirlər”." />
Filip Rot - Klinton-Levinski məhəbbətini romana gətirən yazıçı


"Nobel"ə namizəd: “Valideynlərimin dəfn olunduğu qəbristanlığa yollandım və məlum oldu ki, artıq burada heç kimi dəfn etmirlər”.

19 mart 1933-cü ildə Amerikada anadan olan Filip Rotun 25-ə yaxın romanı var. Hələ sağlığında Nyuark şəhərindəki meydanlardan birinə onun adı verilib.

Rotun yaradıcılıq obyekti rersonajların amansız və komik təhlilidir. Onun ilk romanı olan “Əlvida Kolumb” oxucuların dərhal diqqətini çəkib. Əsər Amerika yəhudilərinə xas olan kompleksləri hamıya nümayiş etdirirdi. Erkən uğurun kölgəsində yaşayaraq Filip Rot ona heç vaxt təslim olmadı. O kitablarda 90-cı illərin sonsuz eksperimentini aparır, avtobioqrafik əsərlərini silsilə formada dərc etdirirdi. O, əyri güzgüdə öz sevimli qəhrəmanı - Amerika nasir Natana Çukermanı əks etdirirdi. 80-ci illərdə yazıçı realist nəsrə aid olsa da, fantastik süjetdə də özünü sınayır.

“Amerika pastoralı” romanına görə Pulitser mükafatına, “Əlvida Kolumb”“Şabbat teatrı” əsərlərinə görə isə Milli Kitab Mükafatına layiq görülüb. Bütün romanlarında siyasi məqamlar fərqli bucaqlardan ələ alınıb. “Praqa orgiyası” romanında qəhrəman totalitarizmlə qarşılaşır. “Mənim ərim kommunistdir” romanımda isə Rinqvolt qardaşları makkartizmin caynaqlarına keçirlər. “Kontrhəyat” - bir tərbiyə romanıdır, qəhrəman İsraildə, İordan çayının qərb sahilində yaşayır. Oradakı həyatı heç bir vəchlə könülaçan adlandırmaq olmaz.

“İnsan damğası” romanında tarixin və siyasətin rolu xeyli sönükdür. Bu əsərlə yazıçı Klinton-Levinski qalmaqalının Amerikada əxlaqçılığa olan marağı necə artırdığını göstərir. Əxlaqçılıq və siyasi dözümlülük Amerikanın heç vaxt qurtula biməyəcəyi mərəzlərdir. “Portnoyun mərəzi” romanın bütün mətni - psixoanalitikin qəbulundakı pasiyentin etirafları üzərində qurulub. Həmin əsərdə yazıçı öz həyatından baş verənləri əlavə edib. Yazıçı öz oğlunu sünnət edən yəhudi qadını təsvir etməklə ümumilikdə məşhur stereotiplərə təzə ruh verir. “Şabbat teatrı” romanın qəhrəmanı isə dəfn olunmaq üçün özünə yer axtarmasıyla başlayır, çünki artıq o, intihara hazırlaşır. Lakin çağdaş dövrün məzarlıqlara vurduğu ziyanı görən qəhraman insanın məhv etmədiyi yer axtarmağa başlayır. Ən nəhayət, Bard Kollecinin məzarlığı üzərində dayanır. Çünki həmin kollecdə çalışanların əksəriyyəti, bu məzarlıqda dəfn olunub. Kollec fəaliyyət göstərdiyi müddətcə həmin məzarlığın baxımsız qalma ehtimalı imkansızdır. Həm də kim isə məzarımı ziyarət eləmək fikrinə düşərsə, o məzarlıq Nyu-Yorkdan sən deyən uzaqda deyildir. Bütün hallarda həyatı hədsiz sevsə də, onun romanlarının sonluqlarına bir faciə havası hakimdir. Adətən, amansız yumor hissi və kobud erotizmə meyl edən bu adamın son vaxtlar nəsihətçiliyə həvəs saldığı diqqətlərdən yayınmır. Elektron kitabları görməyə gözü yoxdur.

Yazıçılıqdan getmək istəyi barədə xəbəri isə böyük səs-səda doğurdu. Onu başa düşmək olardı. Çünki yazdığı romanlarla böyük kitabxana açmaq olar. Tərbiyəçisi olan Sola Bellounun ölümüdən sonra Amerika nəsrinin taxtına əyləşdi. Bu gün Rot canlı klassik hesab edilir. Amerikalı yazıçı bu il Nobel mükafatını ala biləcək şanslı yazıçılardan da biridir. Lakin bəziləri hesab edir ki, radikal çıxışlarına görə, yazıçının bu mükafatı alması real görünmür. Amma bütün hallarda Bukmeker kontorlarının açıqladığı siyahı da onun da var. Yazıçının “Snob” layihəsinin iştirakçılarından Lena de Vinne, Samvel Ovetisyan, Mariya Genkina, Marqarita Qorkina, Aleksey Dobkin, Katerina İnnoçenta, Anna Kaçurovskaya, İren Kommo, Sergey Popov və Liviya Manera Sambuiyə verdiyi müsahibənin qısa xülasəsini təqdim edirik.

Lena de Vinne: Hansı kitabınız sizin üçün sevimlidir?

Filip Rot: Mən, ümumiyyətlə, yazdığım romanları tez unuduram. Daha sonra onların hamısını oxuyuram. Son yazdıqlarımdan “Ruh qeybə qarışır” daha çox könlümə yatır. Keçmişdə yazdığım və məğzini nisbətən yaxşı xatırladıqlarımdan isə mən, heç şübhəsiz, “Amerikan pastoralı”na və “Kontrhəyat”a üstünlük verərdim.

Mariya Genkina: Son romanlarınızdan bəzilərində qocalıq və xəstəlik mövzuları, habelə qoca kişiylə cavan qadın arasındakı məhrəm əlaqələr mövzusu təkrarlanır və siz bunları siz çox inandırıcı formada təsvir edirsiniz. Yaş ötdükcə nikbin ruhu qorumaq çox çətindir?

Filip Rot: Ətrafındakı dostları bir-birinin ardınca itirmək  dəhşətdir. “Adi insan” adlı əsərimdə yazdığım kimi: “Qocalıq - döyüş yox, qırğın meydanıdır”. Cavan qadınla yaşlı şəxs arasındakı münasibətləri mən ““Ruh qeybə qarışır” romanımda qələmə almışam. Onların yaşları arasındakı böyük fərqə belə bir faktı da əlavə eləmişəm: baş qəhrəman olan kişi - impotentdir, həm də lap çoxdan.

Düşünürəm ki, istəklər - əzabların mənbəyidir. Altmış yaşdan sonra kişilər potensiyalarını itirirlər və qocalığa məhkum olurlar. Çoxdan bir dostum mənə etiraf eləmişdi ki, bu itkini öz həyatının ən betər itkisi sayır. Hazırda bu dərdə də əlac tapılıb. Bunu bir növ dirilik suyu da saymaq mümkündür və bu, irəliyə doğru görünməmiş sıçrayışdır. Lakin bunun özündə də məzəli bir nüans gizlənir: Sözügedən həbləri atanların bəziləri adətən öz xanımlarıyla yatağa girməkdən çəkinirlər, buna görə də məktəbyaşlı uşaqlar kimi küncə çəkilirlər.

Mariya Genkina: İlk kitablarınız sadə və anlaşılan dildə yazılıb. “İnsan damğası” romanınızı da əskinə hədsiz zəngin dil və sonsuz söz bazası mövcuddur. Siz əvvəllər də “İnsan damğası”ndakı kimi yaza bilirdiniz, yoxsa bunu yaş ötdükcə qazandnız?

Filip Rot: İllər keçdikcə istənilən yazarın üslub dəyişkənliyi normaldır. Bu yaxınlarda özümün əvvəlki iki-üç kitabımı oxuyandan sonra düşündüm ki, indiki şərtlərdə yəqin onları fərqli üslubda yazardım. Onların bəzilərini bəyəndim, bəzilərini isə yox. Heç şübhəsiz, “Əlvida, Kolumb” artıq zamanın sınağından da çıxıbdır. “Portnoy”un təsirinin sonrakı bütün kitablarımda sıçramasına, sadəcə, təəssüf edirəm.

Mariya Genkina: “Rus samovarı” restoranına tez-tez gedirsiniz. Sizi ora cəlb edən nədir - araq, xörəklər, qadınlar, yoxsa başqa bir şey?

Filip Rot: Bəli, mən hərdənbir o restorana gedirəm. İçkini tərgitdiyim üçün isə oraya gediş səbəbim araq ola bilməz hər halda.

İren Kommo: Uşaqlıq illərinizdə yəhudi olduğunuza görə əzab çəkmisiniz? 1930-40-ci illərdə Nyu-Yorkda durum necə idi?

Filip Rot: Çox xoşbəxt uşaqlığım olub. Lakin bilirdim ki, yəhudilərə nifrət edən insanlar var, ancaq bunun səbəbini anlamırdım. Bir də təhlükəli insanların əsasən Avropada məskunlaşıdığından xəbərdar idim. Beş yaşım olanda biz radio ilə Hitlerin çıxışlarını dinləyir və dəhşətə gəlirdik. Kolin ata kimi faşizmə və antisemitizmə meyl edən amerikalı demaqoqlar da var idi. Hər bazar günü radioda peyda olan bu adamın nəhəng auditoriyası vardı. Eyni zamanda qəzet sahibi olan Qenri Ford. O, hər gün oz qəzetində yəhudilərə qarşı yazılar dərc etdirirdi və dünyanın böyük problemi olduqlarını iddia edirdi. Nəticədə heç bir yəhudinin “Ford”u yox idi.  O, öldükdən sonra ilk avtomobilim “Ford” oldu. Həmin qərarı verməm bir elə asan olmadı.

Livia Manera Sambui: Amerikada hər hansı diskriminasiya yaşamısınız?

Filip Rot: Amerikada diskriminasiya ictimai institut səviyyəsindədir. Xüsusən də Harvard və Prinston universitetlərində yəhudilərə ayrılan yerlərin sayı məhdud idi. Tibb fakültələrində yəhudilər üçün kvota çox az olduğuna görə yaxınlarımdan ikisi Avropaya getmişdi. Banklar və sığorta şirkətləri yəhudilərin yüksək vəzifə tutmasına imkan vermirdi. Yəni diskriminasiya həm aşkar, həm də gizli xarakter daşıyırdı. Hamı bundan xəbərdar idi, onunla hesablaşırdılar.

-         Bəs bütün bunlar nə zaman bitdi?

Filip Rot: Müharibə başlayandan sonra bitdi. Böyük təyyarələr peyda olana qədər hər kəs doğulduğu yerdə yaşamağa məhkum idi. Kanzaslıların Nyu-Cersi sakinləriylə görüşmək imkanı sıfır idi. Həm də bəzi insanlar bütün həyatları boyu nə bir yəhudiyə, nə bir qaradəriliyə, nə də italyana rast gəlirdilər. Orduya çağırıldıqları zaman isə hamı bir-birinə qarışırdı və insanlar çiyin-çiyinə döyüşməyə məcbur olurdular. Ona görə də evə döndükləri zaman onlarda görünməmiş dəyişiklik baş verirdi. Müharibə bitəndən sonra qanunvericilikdə G.İ. dəyişikliyi edildi və hökümət veteranların universitetlərdəki təhsil haqlarını ödəməyə başladı. Bu sayədə kasıb ailələrin övladları ali təhsil almaq imkanı qazandı.

İren Kommo: Tez-tez qəbirstanlıqlar barədə yazırsınız. Harada basdırılacağınız barədə dəqiq bir qərara gəlibsiniz?

 

Filip Rot:  Dəfn ediləcəyim yerlə bağlı axtarışlara hələ 1992-ci ildə başlamışam. O zaman evimə yaxın bütün qəbirstanlıqlara baş çəkdim. Ətrafda təbiət gözəlliyinə baxmayaraq o yerlərin məndən ötrü darıxdırıcı olacağını düşünürdüm. Buna görə də valideynlərimin dəfn olunduğu qəbristanlığa yollandım və məlum oldu ki, artıq burada heç kimi dəfn etmirlər. Çağdaş sivilizasiya bir vaxtlar adama poetik görünən o yerlərin də sonuna çıxıb. Oranın işçisi məni məzarlıqla tanış eləməyə başladı və bu uzun əhvalatı “Şabbat teatrı” romanıma saldım.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 13.10.2016

4050