2016-cı il Ədəbiyyat üzrə Nobel mükafatına namizədlərdən biri - Coys Kerol Oats kimdir?


 

2016-cı il Nobel mükafatının Tibb, Fizika, Kimya üzrə sahibləri artıq bəlli olub. Bəs görəsən Ədəbiyyat üzrə Nobel mükafatının qalibi kim olacaq? Nobel Komitəsinin rəsmi saytında Ədəbiyyat üzrə Nobel mükafatçısının qalibinin elan olunacağı günün hələ dəqiqləşmədiyi barədə məlumat yerləşdirilib.  Bukmeker kontorları isə hər il olduğu kimi öz Nobel Ədəbiyyat mükafatına pul qoyuluşlarının əmsallarını açıqlayıblar. Siyahıya hər il olduğu kimi bu il də 6 əmsalla yapon yazıçı Haruki Murakami başçılıq edir. İkinci yerdə 7,5 əmsalla suriyalı şair Adonis dayanır.

 

Siyahıda bizim oxuculara az tanış olan amerikalı yazıçı Coys Kerol Oatsın da adı var. 20 ildən artıqdır ki, adı favoritlərin sırasında çəkilən yazıçı hələ də qalib ola bilmir.

Coys Kerol Oats kimdir?

1938-ci ildə Nyu-Yorkda doğulub. 14 yaşında nənəsindən eşitdiyi hekayələri qələmə almağa başlayıb. Ailəsi dindar olsa da özü sonradan ateist olub. İlk romanı “With Shuddering Fall”-u  28 yaşında çap etdirğn Outsun “Onların həyatı” (1969) romanı gözləntiləri daha da doğrultdu və bu əsərindən sonra tənqidçilər onun yazıçı kimi yetkinləşdiyini qeyd etdilər. 1970-ci ildə “Them” adlı romanı ilə “National Book Award” – Milli Kitab Mükafatını qazandı. Outs bundan başqa, “Rosamond Smith” və “Lauren Kelly” ləqəbləri ilə detektiv əsərlər də yazıb. 1996-cı ildə Pen-Malamuddan “həyat boyu uğur mükafatı”nı alıb.

Əksərən çağdaş Amerika həyatından yazan Outs, xüsusilə qəddarlıq və sevgi arasındakı əlaqə ilə maraqlanır. Xarakterləri adətən başlarına dəhşətli hadisələr gələn adi insanlardır.  1980-cı illərin əvvəllərində Оuts qotik və dəhşət janrında hekayələr yazmağa başlayıb. Özünə bəraət qazandırmaq üçün isə "Kafkanın təsiri olub” deyirdi. Digər tərəfdən o, yazıçı-şair Silvia Platın pərəstişkarı olub. Lakin sonradan onun qəhrəmanlarının romantik intiharlarını qəbul etmir və güclü, iradəli şəxslərin tərəfdarı olur.

Eyni zamanda onu daha çox kasıb kənd əhalisinin həyatı, seksual zorakılıq, sinfi ziddiyyətlər, hakimiyyət hərisliyi, qadının uşaqlığı və gəncliyi bəzən də fövqəladə hadisələrdən bəhs edən mövzular maraqlandırırdı.Outsun hekayələrində mövzu nə olursa olsun, hər gün hər kəsin başına gələ biləcək hadisələrdir, gündəlik həyatımızda yaşanan, çox adi, hər kəs tərəfindən bilinən hadisələrdir. Bircə fərq ordadır ki, müəllifin qorxuya, amansızlığa, zorakılığa düşkünlüyü onun artıq bir neçə əsərini oxuduqdan sonra gün kimi ortaya çıxır. O sanki bizim düşünüb dilə gətirə bilmədiklərimizi, düşünməyə belə çəkindiklərimizi hekayələrində rahatlıqla, adi şeymiş kimi təsvir edir.

Onun amerikan cəmiyyətində hörmət qazanmasının kökündə cəmiyyətdəki cinsi toqquşmalar, qadın-kişi rolları, feminizmə əhatəli yer verməsi, bəzənsə hər iki cinsə tərəfsiz mövqedən baxması dayanır. Əslində, o bu gün Amerikada yazarların sıx-sıx müraciət etdiyi və bir çox tanınmış amerikan yazarın ortaq mövzusu olan, cəmiyyətdəki ayrı-seçkilik və zorakılığın köklərini araşdırmaq və qınamaqla məşğuldur.

Yazıçı özü haqqında deyirdi: “Otuz ildən artıq vaxt ərzində dörd yüzə qədər hekayə yayınlamışam, bu rəqəm mənim özümü də ən az başqaları qədər təəccübləndirir. Hər zaman məni yazmağa səsləyən, insanı, təbiəti, hansısa hadisəni onun mahiyyətinə enərək, çətin başa gələn təsvirlərlə əbədiləşdirmək kimi istəklər olub. Buna bir səbəb də uzaqlarda dayanıb məni izləyənlərin “yaşadıqlarıma şahidlik etməsi”, bənzər talelərin və həyatların hər yerdə mövcud olmasını göstərmək arzumdur. Çünki bizi bir-birimizə bağlayan şeylər ən başlıca təcrübələrimiz, hisslərimiz, instinktlərimizdir ki, bunların çox qarışıq da olsa bir ifadə dili yoxdur”.

Yazıçının “The Independent” qəzetinə  Ədəbiyyat üzrə Nobel mükafatının sahibinin adı açıqlanmamışdan öncə telefonla verdiyi müsahibəni təqdim edirik.

- Siz hazırda haradasınız və qarşısınzda nə görürüsünüz?

- Hazırda mən ikinci mərtəbədə öz kabinetimdə masanın arxasında əyləşmişəm. Buradan kənd mənzərəsi açılır. Bir qədər solmuş, heç bir parlaq rəngi olmayan ağaclar görünür. Anbarın tutqun-qırmızı damı diqqətimi uzaqdan cəlb edir. Bir çox ağacların budaqları çılpaqdır və donub. Amma çox gözəldir. Torpağa tökülən yarpaqlar sanki üfüqə qədərdir. Evimin solundan bir az aralıda kiçik göl var. Burada tipik qış mövsümüdür. Yalnız qar yoxdur.

Dəfələrlə deyildiyi kimi, Yeni Dünyada tarix ağlasığmaz sürətlə məsafə qət edib. Hər nəsil yeni bir başlanğıcı, yeni bir kəşfi və hətta özünə adi yeni biri dili əmələ gətirir. Lakin burada mənzərə yeniliyin yox, təbiətin əl işidir.

- İndi siz nə oxuyursunuz?

- Bax, bu an? Hazırda kiçik romanımı dönə-dönə oxuyuram, korrektə edirəm, üzərində iş aparıram. Ehtimal ki, bu il dərc olunacaq. Bu roman, xəstəlik üzündən yaddaşını itirmiş insan haqqındadır. Məhz buna görə, mən əlavə olaraq yaddaş pozulmaları haqqında elmi araşdırmalar oxuyuram.

- Sizin sevimli yazıçınız kimdir və niyə?

- Mənim ən sevimli yazıçım Luis Kerrolldur. Onu lap uşaqlıqdan sevirəm. “Alisa möcüzələr ölkəsində” bədii əsərinin yaradıcılığıma ciddi təsir etdiyini dəfələrlə bəyan etmişəm. İlk dəfə 8 yaşında əsəri oxuduğum zaman valeh olmuşam. Qeyd edim ki, hələ orta məktəbdə oxuyarkən yazmağa başlamışam, məşq üçün şüurlu şəkildə romanlar yazıb bitirər-bitirməz zibilqabına atmışam. Lakin romanın həcmi mənim üçün heç vaxt meyar olmayıb.

Mən səhərdən oturub ara vermədən yaza bilərəm. Bu mənim oturub nə isə işlə məşğul olmağım demək deyil, bu, sadəcə, gündəlik həyatımı yaşamağımdır.

- Hansı kitab personajına daha çox oxşayırsınız?

- Siz mənim kitabımda olan personajlardan danışırsınız və ya ümumiyyətlə nəzərdə tutursunuz?

- Sizin...

- Demək çətindir. Yəqin ki, mən yenə Kerollun Alisasın həssas və bəzi cizgilərini özümə götürərdim. Burada həyatın mənasının cağırışları var.  “Daha uzağa daha çox uzağa”. Burada mən Alisaya yox Alisa mənə oxşayır.

- Real həyatda sizin qəhrəmanınız kimidr?

- Kiçik Martin Lüter Kinq.

- Yenə Nobel mükafatı almağa namizədsiniz...

 

- “Dövran sevgisi” hekayələr toplusunda rəylərin birində bir cümlə var: “Müəllifin istedadı diqqətə layiqdir, lakin hazırda dünya şöhrəti uzaqdır”.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 07.10.2016

3795