Cəsarət Nakam Qoqol və "Quql"


"Don Kixot bizim hər gün pis-yaxşı yaşamaqdan, qarnımızı doyurmaqdan, əynimizi təzələməkdən ötrü içimizdə susdurduğumuz, səsini batırdığımız, ələ salıb utandırdığımız insandır"

Yaradıcılıq öhdəlik deyil, hətta şəxsi mənada da. Yəni yaradıcı adam istəməsə, yazmaya, çəkməyə, bəstələməyə bilər və buna görə heç kimə hecabat verməyə borclu deyil. Bəs nədir yaradıcılıq? Gəlin, bunu yaradılanların və yaradanların ən mükəmməlləri üzərində müzakirə edək. Yaradılanların mükəmməli bütün roman qəhrəmanlarını öz “cəngavərliyi” ilə kölgədə qoyan Don Kixotun və yaradanların ən mükəmməllərindən biri olan Qoqolu götürək; birinin əsərdəki, o birinin həyatdakı taleyini düşünək.

Don Kixot – Servantesin Qəmginüzlü cəngavəri, onun ağıllı, yoxsa dəli, xeyirxah, yoxsa amansız, zadəgan, yoxsa səfil olması haqqında bir nəticəyə gəlməyimiz üçün bizə heç bir ayaq yeri qoymayan ədəbi qəhrəman. Ağıllılardan ağıllı, dəlilərdən dəli, mərhəmətlilərdən mərhəmətli, qəddarlardan qəddar, zadəganlardan zadəgan, səfillərdən səfil, özünü tale sazağının ixtiyarına buraxmış bir insan müqəvvası... Keçmişin ölmüş yaxşılıqlarını diriltmək istəyən aciz bəndə. Quru canından, qoca Rosinantından, sınıq nizəsindən, paslı dəbilqəsindən, hiyləgər və qarınqulu Sançosundan, xəyalındakı Dulsineyasından başqa bir şeyi olmayan, Tanrının yazdığı taleyə üsyan edib, özü-özünə tale yazan tənha zadəgan. O, niyə belə idi? Hiyləgərliyə yoluxmayan ağılın inkişafı ağılsızlığa, dəliliyə doğru aparır. Yalnız hiylə ağlı formada saxlayır, onu azadlığın sərxoşluğundan qoruyur. Dəlilik, əgər anadangəlmə qüsur deyilsə, hiyləsiz ağıllılığın, idrak şiddətinin nəticəsidir. Dəlilik – söhbət Don Kixotsayağı dəlilikdən gedir – ağılın dişiylə-dırnağıyla qalxmağa can atdığı zirvədir. Ruhun ən böyük arzusu – bədəni öldürməkdir, ağılın ən böyük arzusu – ağılsızlığa qovuşmaq. Ölüm ilahi, ağılsızlıq insani azadlığın ən həqiqi olanıdır, yerdə qalan azadlıqlar sığortalanmış, məqsədli, yəni günəmuzd azadlıqlardır. İnsan bədəninin və ağlının tərəfində olduğu üçün ona mütləq sərhədlənmiş azadlıqlar lazımdır, yəni hiylə! Don Kixot bədəninin tərəfində deyil, o, öz ruhunun və ağılsızlığının cəngavəridir. Ruhu ona fövqəliradə cəsarət, ağılsızlığı isə ağılasığmaz azadlıq verir. O, heç kimə, heç nəyə, hətta özünə də tabe deyil – adi insanın ən böyük, ən əbədi, lakin heç vaxt çatmadığı qorxulu arzularından biri, tabe olmamaq! Servantes bu əsərlə insanı astar üzünə çevirib. Don Kixot bizim hər gün pis-yaxşı yaşamaqdan, qarnımızı doyurmaqdan, əynimizi təzələməkdən ötrü içimizdə susdurduğumuz, səsini batırdığımız, ələ salıb utandırdığımız insandır və onu ədəbi bir obraz kimi bu günə qədər diri saxlayan da bizim içimizdəki ört-basdır elədiyimiz Don Kixotluqdur. Əslində, biz hamımız Don Kixot olmaq istəyirik, ancaq həyatda qorxa-qorxa, hiylə ilə qazandığımız vəzifəmizi, ailəmizi, maaşımızı itirməkdən qorxuruq, mədəmiz başımızı aclıq sancısı ilə hədələyir. Don Kixotun isə mədəsi yoxdur. Yalnız başı var, ağlına azadlıq vermiş hiyləsiz başı. O, düşünmürmü bəs? Düşünür, amma onun ağlı müstəqil düşünür, həyat şərtlərinin buxovlarını nəzərə almadan düşünür. Don Kixot ağlın azadlığa çıxardığı insandır. O, təkcə dövrünün ictimai-siyasi qanunlarından kənarda yaşamır, həm də öz ağlından kənarda yaşayır.  

 Bütün dünyanı ağlaya-ağlaya güldürən  Qoqol da onun kimi. İstedadın azadlığına, heç bir öhdəlyə tabe olmamağına baxın; demək, bu gənc adam, yəni Qoqol ilk şeirlər kitabının uğursuz hesab etdiyi üçün dükanları gəzib bütün kitablarını özü alırmış ki, yandırsın. Bizim Qooqle-lər isə Qoqoldan fərqli olaraq iki vərəq çərənləyən kimi ona haytəpdi təqdimat, sünnət toyu, el şənliyi təşkil edirlər. Daraşmaq, şöhrət qoxusu gələn hər yerə soxulmaq, təqaüd almaq, xalq yazıçısı olmaq, “Fəxri xiyaban”da basdırılmaq, cənnətə düşmək... və daha nələr, nələr. Və bütün bunlara görə hiylələr qurmaq, din yaratmaq, siyasət yürütmək... Yuxarıda sadaladıqlarım acgözlüklərin heç birinin peşində olmayan Qoqol isə razı qalmadığı üçün ən məhşur əsəri olan “Ölü canlar”ı  dörd dəfə yandırıb yenidən yazmağa başlamışdı. İstedad əlacı olmayan anadangəlmə xəstəlikdir, ona yaşaması üçün mütləq həmişə kömək etmək, ya əlindən tutub ayaqda saxlamaq, ya da qucaqlaşıb onunla məhv olmaq lazımdır. Məsələn, Qoqol gənc yaşlarında yazdığı və Peterburq teatrında səhnəyə qoyulan “Müfəttiş” komediyasına görə çar Nikolayın əlindən brilyant qaşlı üzük və o vaxtkı pulla üç min rubl təqaüd aldı. Və bu pulları Qoqol yaşamağa xərclədi, daşa-dəmirə verib kasıbların yanında öyünmədi. Həyat isə qırx iki yaşında o, əlini belə qaldırmağa gücü çatmayan qocaya çevirdi. Bu hələ harasıdı? O, elə bir psixi xəstəliyə düçar oldu ki, adamların onun yaxın günlərdə öləcəyini bilib, aparıb basdıracaqlarından qorxuya düşdüyü üçün illərlə yatağa uzanmadı, yatmaqdan qorxdu. O qədər dözülməz olmuşdu ki, həkimlər onu soyuq suyun altında hətta döyürdülər.

Qoqol içki düşkünü idi, əyyaş, qumarbaz idi, amma hiyləsiz idi. O, heç vaxt evlənmədi, amma həmişə sevdi. Do Kixot kimi Qoqolun da başı mədəsinə tabe olmadı, o, ölüm “orucu tutdu” və aclıqla intihar etdi. Qəbrini köçürəndə hamı məttəl qalmışdı; Qoqolun azad başı tabutda da yox idi, ancaq buna fikir verməyən goreşənlər onun cəsədini hərisliklə öz aralarında bölüşdürdülər: biri Qoqolun qabırğasını, biri ayaq barmaqlarını, biri dırnaqlarını özünə yadigar götürdü...

Yaradıcı adamın öhdəliyi elə budur; sümüklərinə qədər özünü azadlığına qurban vermək! 



Tarix: 03.10.2016

4154