Brodveyi “Brodveysiz tamaşaların kralı” adı ilə fəth edən dramaturq haqqında
ABŞ-ın dünya şöhrətli dramaturqu, üçqat “Pulitser mükafatı” laureatı Edvard Olbi 88 yaşında vəfat edib. Edvard Olbi ХХ-ci əsrin ikinci yarısında ən məşhur ABŞ dramaturqu kimi tanınıb. Onun ən məşhur “Virciniya Vulfdan kim qorxur?" (Who's Afraid of Virginia Woolf?) pyesi 1962-ci ildə Brodveydə tamaşaya qoyulub. E.Olbi Nyu-York ştatındakı evində vəfat edib. Ölümün səbəbi hələ ki, açıqlanmır.
Olbi kimdir?
12 mart 1928-ci ildə Vaşinqtonda anadan olan Edvard varlı ailə tərəfindən övladlığa götürülüb. Onun ailəsi bir neçə teatr binalarının sahibi idi. Olbi orta təhsili aldıqdan sonra “Triniti-Kolleci”nə gedib. Nyu-Yorka köçdükdən sonra maddi cəhətdən sıxıntı çəkməsə də Edvard barmen, kitab satıcısı və radoida işləyib. İlk pyesini isə 1960-ci ildə yazıb.
Absurd teatrının nümayəndəsi sayılan Olbi simvol və təbii səhnə effektləri ilə müasir həyatın mənasına rəng qatır. Dramaturq deyirdi ki, ötən əsrin 60-70-ci illərdə sənətin bir çox növündə olduğu kimi dramaturgiyada da, teatrda da yeni axtarışlar başladı. Bu dönəmdə Absurd teatr xüsusilə önə çıxdı. Modernizm, inkişaf, proqres düşüncəsinə inamını itirən sənətçilər yeni yolların, təqdimatların, konsepsiyaların axtarışına başladılar ki, bu axtarışların da kökündə ənənəvi olandan imtina dururdu.
Olbinin özü də etiraf edir ki, onun yaradıclığına Absurd teatrın atası Ejen İoneskonun ciddi təsiri olub. İonesko deyirdi: “Dünya, həyat sağlam şüur, rasionalist təfsirlər baxımından son dərəcə uyğunsuz, ziddiyyətli, anlaşılmazdır. İnsan üçün il ildən daha ağır gəlir, həyat yükünü qaldırmaq onun qüvvəsi xaricindədir. İçərisində yaşadığı gerçək vəziyyətlərin ağırlığını nəinki şüuru ilə, hətta hissləriylə də getdikcə daha çox anlamağa, izah etməyə qadir deyil. Deməli, heç öz həyatını, özünü də anlaya bilmir”.
Dramaturqun yaradcılığında tənha insanlar üstünülük təşkil edir. O, hesab edirdi ki, bu kimi dəyələr həyatı mənasızlaşdırır və qarşılıqlı anlaşmanı çətinləşdirir. Dramaturqun mövzularında aydın, dəqiq bir mövzu, canlı xarakterlər yoxdu, onların yerinə mexaniki kuklalara bənzəyən tiplər var. Mövzunun əvvəli və sonu bəlli deyil. Dövrün davranışları yerinə xəyalların, ruhların əks olunması önəm daşıyır. Obrazlar konkret cəmiyyətdən alınmır, müəyyən sosial təbəqədən də deyil. Dünyanın harasındansa götürülən tiplərdir.
Dramaturqun evinin pəncərəsi Brodvey küçəsinə baxırdı. Bu küçələrdə əksər kommersiya teatrları və Nyu-Yorkun musiqi salonları yerləşirdir. Küçənin neon işıqları tanınmaq istəyən insanlara rahatlıq vermirdi. Yuxusuz gecələrin birində otuz yaşlı Edvard küçənin acığına dərdli insan haqqında pyes yazır. O, öz məğrur tarixini “Zooparkda hadisə” adlandırır. Bax beləcə Olbi-dramaturq, “Brodveysiz tamaşaların kralı” dünyaya gəlir.
Birpərdəli pyeslərindən fərqli olaraq Olbinin üçpərdəli pyesləri əvvəl Avropada daha sonra ABŞ-da səhnəyə qoyulurdu. O daha sonra “Bessi Smitin ölümü”, “Fem və Yem” “Amerikansayağı arzu”, “Üçəlli insan” pyeslərini ərsəyə gətirib. 1996-cı ildə “Kennedi Mərkəzi” tərəfindən mükafatlandırılıb. 1997-ci ildə isə ABŞ prezidenti Bill Klinton tərəfindən incəsənət sahəsində əldə etdiyi uğurlara görə medalla təltif edilib.
Dramaturq hətta ABŞ-la Sovetlər arasında soyuq müahribə illərində belə Sovetlər birliyinə səyahət edən nadir şəxslərdən biri idi. O, dəfələrlə Moskvada olub. Hətta 1976-ci ildə onun rus dilində “Bessi Smitin ölümü və digər pyeslər” adlı pyeslərdən ibarə toplusu işıq üzü görür. Bundan əlavə Olbinin bir neçə pyesi Sovet teatrlarında səhnələşdırilib.
Xatirələr
Onun haqqında bir dəfə məşhur amerikalı dramaturq, “Pulitser mükafatı” laureatı Tennesi Uilyam deyib: “O, ABŞ-dakı mühüm pyeslərin müəllifi olan yeganə əhəmiyyətli şəxsdir”. Əslən zəngin ailədən olan Edvard iyirmi yaşında analığı ilə dalaşıb Nyu-Yorka köçüb. On ildən çox təsadüfi qazanclarla yaşayıb. Öz etirafına görə ilk pyesini ümidsizlikdən yazıb.
“Mən iyirmi səkkiz pyes yazmışam. Yalnız onlardan beşi kommersiya baxımından uğurludur. Mən - kommersiya cəhətdən uğursuz dramaturqam. İnsanlar pyeslərimi səhnəyə qoymağa qorxurlar. Bilirlər ki, onlara yalnız təcrübəli və ağıllı adamlar gəlib baxacaq” - Olbi deyirdi.
“Əvvəllər, 60-ci, 70-cı illərdə Olbi adı gələndə seçilmiş teatrlar qapısını açırdı amma bu gün onun tələbələri dramaturqun pyeslərini hər yerdə qoyur. Onun əsərləri bu gün daha aydın və açıqdır” - deyən rejissor Valeri Fokin onu belə xatırlayır.
Məhz o, Rusiya üçün Amerika dramaturgiyasını yaxından tanış edib. 1984-ci ildə Fokin “Müasir” teatrının səhnəsində “Virciniya Vulfdan kim qorxur?" pyesini təqdim edir. Qalina Volçek, Valentin Qaft, Marina Neelova tamaşada əsas rolları oynayıblar. Hətta biletləri üç ay öncədən belə tapmaq mümkün deyildi. 50 il ərzində bu pyes Nyu-Yorkdan tutmuş Sidneyə qədər bir çox rejissorlara məşhurluq gətirib. 1966-ci ildə bu pyes əsasında eyniadlı film çəkilir. Elizabet Teylor və Riçard Barton “cinslərin müharibə”sini möhtəşəm oynayır. Olbi özü etiraf edirdi: “Qadınla baş verənlər məni daha çox maraqlandırır”.
Valeri Fokin hesab edir ki, zaman keçdikcə Olbinin pyesləri müasir dünyanın tələblərinə cavab vermir. Çünki bu cür obrazlar artıq adi hala çevrilib: “Lakin indiyə qədər hesab edilir ki, o, əsəb pozulması həddində olan qadınların ən təsirli portretlərindən birini yazıb. Bu kəşf, qadın təbiətinin kosmik mahiyyətini, tükənməzliyini və çoxcəhətli olduğunu ortaya qoyurdu. Onun bu qədər biliyə sahib olduğunu və qadınları haradan belə yaxşı tanıdığını bilmirəm”.
Rejissor Serqey Qolomazov Olbini çox gec kəşf etdiyini deyir. Rus tamaşaçıları üçün isə Olbi şəxsiyyəti “Üç hündür qadın” pyesindən sonra məlum oldu: “Səhnədə bir qadın həyatının müxtəlif illərini üç aktrisa oynayır. Bu pyesdə Olbi böyüdücü şüşənin köməyi ilə qadını yenidən nəzərdən keçirir. Bu qəribə psixologiya ustası olan Olbi tək mənim üçün deyil, həmçinin dramaturgiyanın intellektual parlaq nümunəsidir”.
“Düşünürəm ki, onun əsas işi və təyinatı dünyadadır. O, ölkəsinə xas və dağıdılmayan divar kimi dayanan stereotipləri məhv edir”. Bu fikirlər isə digər rejissor Roman Viktyuka aiddir. Mən çoxdan qərara gəlmişəm ki, Olbi təxribatçı stereotipləri məhv etməyə qadir şəxsdir: “ Ona görə də o, böyük dramaturqdur. Onun pyeslərini üç dəfə səhnələşdirmişəm. Virciniya Vulf haqqında pyes tarixin yanından keçməyib, “Lolita” romanının motivləri əsasında hazırlanan pyes isə Nabokovu ötməyib. Lakin ən dahi pyes “Keçi, və ya Silviya kimdir?” əsəridir. Evli kişi adı Silviya olan keçiyə aşiq olur. Olbi üçün həyat çətin deyil, axı sevgi olan yerdə çətin heç nə ola bilməz. Yeri gəlmişkən, bu pyes 2002-ci ildə ABŞ-da ən yaxşı pyes olaraq seçilib və ona görə dramaturq Amerika teatrının ən yüksək mükafatını alıb”.
Son illər Olbi Brodveydəki evini nadir hallarda tərk edirdi. O, hələ də yuxusuz gecələrdə bütün dünyada nümayiş olunan pyeslər yazırdı. Əvvəlki kimi isə özünü uğursuz dramaturq hesab edirdi. Halbuki iyirmi ildir Olbi dünyada ən populyar dramaturq olaraq tanınırdı.
Hazırladı: Günəş Fərhadlı
Tarix: 27.09.2016