Canet Uinterson – ingilis ədəbiyyatı


“İncəsənətin həyatı əks etdirən güzgü olduğu barədə deyilənlər, sadəcə olaraq, axmaqlıqdır”

27 аvqust 1959-cu il İngiltərə tarixində əlamətdar tarixlərdən biri hesab olunur. Belə ki, bu tarixdə Mançestrdə ingilis yazıçı Canet Uinterson dünyaya gəlib. O, beş yaşında ikən dindar ailə tərəfindən övladlığa götürülür. Lakin 16 yaşında lezbiyan olduğunu bildirərək evdən gedir. Universitetə hazırlaşdığı dövrdə gündüzlər oxuyub axşamlar işləyir. Hətta təhsil haqqına görə psixoloji dispanserdə də çalışır. Sonda Oksforda qəbul olub, ingilis dili və ədəbiyyatını öyrənir.

İlk əsəri 26 yaşında “Portağaldan da başqa meyvələr var” çap edilir. Realizm janrında yazlan povest 1985-ci ildə mükafata layiq görülür. Əsərin əsas qəhrəmanı “Elim İncil Kilsəsi”nin yevangelistləri tərəfindən övladlığa götürülən Harqin adlı gənc qızdır. Kitabda dini ruh yüksəkliyi sevgi hakimiyyətinin kəşfi kimi təsvir edilir. Kitabın əsas mövzusu yetkinlik, mürəkkəb ailə münasibətləri, eynicinsli münasibətlər və gənclərin dinə yönəlməsidir.

Lakin yazıçı daha sonrakı işlərində magik elementlərin dünyanın realist mənzərəsinə daxil edildiyi bədii metodlardan istifadə edir. Canet Uinterson artıq xarici reallığı, gördüklərini olduğu kimi əsərinə salmırdı. O, hadisələri qarmaqarışıq hala salır, şişirdir, sonra əsərinə daxil edirdi: “İki şey insanları heyvanlardan xeyli fərqləndirir. Dilin keçmişi və imkanları. Onların birlikdə gətirdiyi üçüncü dəyər İncəsənətdir”.

Yazıçı hesab edirdi ki, sevgi hissi insan qəlbini təmizləyir, saflaşdırır, onu yaxşı əməllərə yönəldir. Qəlbində sevgi yaşadan insan pisliyə, bədxahlığa, qəddarlığa yol verməz: “ Sevgi insan mənəviyyatını zənginləşdirir, humanizm, xeyirxahlıq, vətənpərvərlik və digər müsbət keyfiyyətlər formalaşdırır”.

Onun digər romanı isə “Bədən yazıları”dır. Roman bir məhəbbət tarixçəsindən bəhs edir. Fiziki və real dünyada hisslərin sərhədlərini araşdıran yazıçı sevginin əsl mahiyyətini açmağa çalışır: “Məhəbbət ifadəni tələb edir. O, sakit, dinməz qalmayacaq. Xeyirxah, təvazökar görünsə də eşidilmir. O, dildə təriflə başlanır, yüksək notla bitir”.

Sonuncu əsəri isə “Vaxt qıtlığı” dır. Əsərdə yazıçı müasir dünyanın şəxsiyyətlərin daxili mənəviyyatına vurduğu problemlərdən danışıb. Hisslərin adiləşdiyi, fərdlərin əsl sevgiyə tələbatının qalmadığı vurğulanır. Şəxsi həyatına gəlincə, yazıçı 12 il ərzində rəfiqəsi Peqqi Reynoldsla yaşayıb. 2000-ci ildə ayrıldığı Peqqi alim olmaqla yanaşı BBC radiosunda aparcılıq edir. Hazırda yazıçı ədəbi fəaliyyətini davam etdirir. Ədəbiyyat sahəsində göstərdiyi xidmətlərə görə “İngiltərə İmperiya” ordeni ilə təltif edilən yazıçının müsahibələrindən birini təqdim edirik.  .

- Sevgiyə olan rəğbətiniz məlumdur. Yaradıcılığınıza bu necə sirayət edir?

- Müvafiq dövrdən sonra yazıçının öz arxivi yaranır. Nəticədə müəyyən düşüncələr və fikirlər özü-özünə formalaşır. Bilirsiniz, mən mövcud olan materialları özümküləşdirərək dəyişirəm və onun üzərində işləyirəm. Nəyisə daxil edirəm və ya povestin emosianal səviyyəsini artırıram. Mənə görə yazıçı ömrü boyu eyni şeyi istehsal edir. Eyni sözləri təkrar etmək mənasında yox. Mənim üçün sevgi, zərər, xəyanət , qırılmış qəlb, güvən hissi əsas mövzu olub. Sual belədir:  heç kimə güvənilməyən bir dövrdə özünə qarşı inamı necə saxlamalısan? Ətrafda sevginin qiyməti düşdüyü anda onun müqəddəs olduğunu sübüt etmək mümkündürmü?. 

Yaddaşınıza həkk edin, yaşadığımız dünya yenilənməyə məhkumdur. Münasibətlər telefonlarınızı yenilədiyiniz kimi yenilənir. Bu müasir dünyada yenilənmənin fəlsəfəsi ciddi münasibətlərin məhvinə səbəb olur. Mənasız iztirabların əleyhinəyəm. Çünki insan çox vaxt özünə meydan oxumağı bacarmalıdır. Özü də çətin vəziyyətdə. Bax bu kimi hallar hazırda yoxdur. Düşünürəm ki, yenilənmə cəmiyyətin məhvinə səbəb olacaq və qəlbin bizə imkan verdiyi hərarətli, sevgi dolu həyatı doyunca yaşamağa maneçilik yaradacaq. Saxta hisslərin mövcudluğu insanları adiləşdirir. Bütün bunlara baxmayaraq əsl insani keyfiyyətləri özündə ehtiva edən şəxslər mövcuddur. Bu isə dünyanın daha maraqlı və geniş edir.

- Bəs özümüzü necə qoruyaq?

- Qəlb qırıqlığından savayı hər şeydən qorunmaq mümkündür. Lakin bu, o demək deyil ki, risk etməyəsən. Sözün bütün mənalarında oynayan insanlardan xoşum gəlir. Biz onlara qarşı çox sərtik. Düşünürük ki, bu məhvə aparan bir addımdır. Bəzən belə olsa da oynamaq özünüifadədir. Həmin şəxs düşdüyü vəziyyətə görə riskə gedir. Çox ehtiyatlı olmaq da lazım deyil. Bunu Nitsşe deyirdi. Onu isə elə də çox sevmirəm. Sanki, qorxulu faşistdir. Lakin onun insanlığın özünü necə məhv edəcəyi barədə fikri mövcuddur: “Yanğında və odda və ya sadəcə olaraq, özünü quma basdıraraq”. Qumda özünü basdırmaq macəralar zamanı xəsarətlərdən özünü sığortalamaqdır. Biz buna doğru gedirik. Bu isə mənə görə deyil. İnsanlar gərək emosianal mənada riskə getsinlər, qorxmasınlar. Hazırda bu kimi hallar baş vermir. Getdikcə cılızlaşmağımız pis nümunədir .    

- “Kartda bəxti gətirməyənin sevgidə də bəxti gətirməz” sözləri sizi qorxutmur?

- Bilmirəm. Düşünürəm ki, öz qəlbinə qulaq asıb risk edərək digər şəxslərlə münasibət qurmağı düşünürsənsə, deməli, nə zamansa bəxtin gətirəcək. Hər zaman uşaqlara və gənclərə deyirəm ki, nəticəni gözləməyin risk edin əlindən tutun gedin sonuna qədər. Münasibətlərin nə ilə nəticələnəcəyi barədə düşünməyi unudun. Əvəzini gözləmədən edin bunu. Gördüyünüz kimi fikirlərim hələ də dəyişməyib.

- Bildiyimiz qədər həyat sənəti təqlid edir?

-  İncəsənətin həyatı əks etdirən güzgü olduğu barədə deyilənlər, sadəcə olaraq, axmaqlıqdır. Bunu Şekspir deyib deyə çoxları sitat gətirməyi xoşlayır. Bu qəribədir. Lakin ortada bir sual meydana çıxır: bu nə güzgüdür və bu güzgüdə nə görürük? Bu dəqiq faksimal görüntü olmasa da təsəvvür mövcuddur. Sadəcə olaraq, biz istədiyimizi görmək üçün güzgüyə baxırıq.  Eyni zamanda güzgüdə hər şey bir az dəyişik göründyü üçün ona inanmaq lazım deyil. Bax bütün bunları yadda saxlamaq lazımdır.

Hisslər səviyyəsində tapılan həqiqət incəsənətin saxtakarlığıdır. İnsanlar mənim kitabımı oxuduğu zaman yeni vəziyyətlə üzləşirlər. Yəni oxucularla kitab arasında heç nə mane olmur. Onlar baş-başa qalır. Onların istədiyini təqdim edirəm.

- Bəzən deyirlər ki, uşaqlar üçün yazmaq vacibdir. Lakin böyüklər üçün yazmaq daha vacib və məsuliyyətlidir.

 

- Əlbəttə, uşaqlar üçün əsərlərdə sujet xətti bir olmalıdır. Labirint və döngələrin sayı da. Uşaqlar üçün bu normaldır. Uşaq ədəbiyyatında daha çox zəhmətkeşliyə, dilin zənginliyinə yer verib ədəbi sevgi əlavə etmək lazımdır. Dil kimi digər halları da uşaqlar göydə tutur. Uşaq ədəbiyyatında geniş, müxtəlif, qəribə sözlərin yer almaması barədə düşünmək sadəcə olaraq yalnış düşüncədir. Çünki o zaman uşaqların beynində formalaşan düşüncələr adi olacaq. Çox dərin fələsəfəyə də yer vermək lazım deyil. Yəni orta mövqe. Burada bacarıqlı olmaq hər yazıçıya nəsib olmur.

hazırladı: Günəş Fərhadlı



Tarix: 23.09.2016

6430