Cəsarət Nakam Oxlovun iki ucu


Ad qoymaq çağırmaqdır. Dilimiz özünü xüsusilə XX əsr texnoloji dilindən həmişə kənarda saxlamışdır. Biz XX əsri görmüş, amma yaşamamış xalqıq.

Görənlər danışır ki, guya, XVI əsrdə Məhəmməd Füzuli doqquz axçalıq Sultan Süleyman təqaüdünü hər dəfə uzun çək-çevirdən, yarısını “sobezin” müdrinə verəndən sonra yerdə qalanını götürüb yollanarmış birbaşa o dövrün meyxanələrindən birinə və üzünü ortalıqda şərab, içki paylayan tanış oğlana (fransızca qarson) tutub ucadan səslənərmiş:

 

Saqiya, mey sun ki, dami-qəmdürür hüşyarlıq,

Məstlikdir kim, qılır ğəm əhlinə ğəmxarlıq.

 

Onun davamçısı, müxalif mövqeli olduğu üçün ömrü boyu təqaüd üzünə həsrət qalan, vəzir dostu Molla Pənah Vaqifin “şotuna” yeyib-içən Molla Vəli Vidadi isə şotverən dostunun Şah Qacarın əmriylə öldürülməsindən sonra saqinin nisyə dəftrərinə belə bir beyt yazmışdır:

 

Bir cam yetir, saqi, bu dövran belə qalmaz;

Tək bir gün olur xak ilə yeksan, belə qalmaz.

 

Azərbaycan mədəniyyəti orta əsr şairlərinin həyat və yaradıcılıq tablosunu günümüzəcən sağ-salamat gətirib çıxarsa da, o şairlərin kuzəsinə, yəni cücərməkdə olan milli poeziyamızın dibçəklərinə mey süzən oğlanın ictimai indeksini, yəni “Saqi” xitabını tarixin “ildırımlı yollarında” itbata salmışdır. Dilimizin kasadlığı ilə nəticələnən məişət qısırlığımız və kafa mühafizəkarlığımız ucbatından müasir saqilərimiz indi restoranlarda adsız dəyirman xoruzları kimi ora-bura qaçışmaqdadırlar və bu adsız, ancaq real məxluqlar hər gün “əmioğlu”, “bacıoğlu” ismiylə çağrıla-çağrıla yaxından-uzaqdan tanımadıqları  adamların toqqasının altını bərkitməklə günlərini keçirirlər. Adi mətbəx işçisinə ad qoya bilməyən, ancaq mətbəxinin zənginliyi ilə öyünən xalqımızın bu yarıtmazlığının səbəblərinin birinin adını məişət qısırlığı adlandırdıq. Çünki xalqımız, adətən, xoş günlərini qapını bağlayıb öz evində, yaxıd yiyəsiz meşədə, talada bulaq başında qoyunlu-qonaqlı keçirməyi sevdiyinə və süfrə işini varlı evlərdə nökər-qaravaş, kasıb evlərdə arvad-uşaq gördüyünə görə klassik Şərq ədəbiyyatında tez-tez adıçəkilən, əlində aftafayaoxşar sərnic tutaraq məclisdə yalnız mey, şərab paylayan ögey saqiyə ehtiyac duymamışdır.

 

Bəzi irqçi alimlər də xalqların gəlişmiş psixi-mənəvi durumunun rüşeymlərini onların məişət birgəliyinin əsaslarında axtarırlar. Məsələn, fransız irqçiləri fransızların ideya və hiss müxtəlifliyinin səbəbini bu xalqın məişət birgəliyinin müxtəlif irqlərin qarışığından yaranmasında görürlər və hesab edirlər ki, bu irqi qartışıqlıq daxili çəkişmələrin başqa xalqlara nisbətən fransızlarda daha amansız baş verməsində özünü göstərir. Fransızlardan fərqli olaraq bu irqi qatışıqlıq ingilislərdə, əksinə, məişət eynicinsliyinə gətirib çıxarmışdır; anqlosaksların, normandiyalıların, bretoniyalıların məişət birgəliyi mentalitetin əsasını təşkil edən hisslərin, mənafelərin və etiqadların ümumiliyi ilə nəticələnmişdir.

 

Biz isə özünüqoruma instinktinin şiddəti sayəsində daha çox yəhudisayağı qatqısız məişət birgəliyinə üstünlük vermişik və tarixi proses nəticəsində bu birgəliyə daxil olan bütün yadelli ideyalara ad qoymaqda çətinlik çəkmişik. Çünki onları biz çağırmamışıq, onlar özləri gəliblər. Ad qoymaq çağırmaqdır. Dilimiz özünü xüsusilə XX əsr texnoloji dilindən həmişə kənarda saxlamışdır. Ona görə yazıçılarımız XX əsri xalqımızın ömründən saymayaraq,  hindistansayağı romantikaya bürünmüş kənd Azərbaycanını daha uğurlu yaza bilirlər. Biz XX əsri görmüş, amma yaşamamış xalqıq. Türklərin “uçak”, rusların “samolyot”, farsların “havapeyman” dediyi uçan aparatı biz öz dilimizdə deyil, ərəbcədə qarşılamışıq, məsuliyyəti ərəb dilinin boynuna atmışıq. Biz XX əsrin lallarıyıq. Yəhudilər əsrlər boyunca heç kimi buraxmadıqları sinaqoqlarında, qatqısız milli dinlərində gizləndiyi kimi, biz də öz mövcudluğumuzu qatqısız dilimizdə qorumuşuq. Bizim dinimiz dilimiz olub, Allahımız da Dədə Qorqud. Mühafizəkarlıq funksiyası dilimizin yaradıcı funksiyasını həmişə total nəzarətdə saxlayıb. Ona görə Azərbaycan dili həmişə söz yaratmaqda çətinlik çəkib. Onun müqavimət gücünün devzi budur: yenidirsə, gəlmədir! Gəlmədirsə, bizdən deyil! Ona görə də Çellininin təsvir etdiyi italyanla bugünki italyan arasında kərtənkələnin başı və quyruğu arasındakı qədər fərq olsa da, Məmmədquluzadənin təsvir etdiyi azərbaycanlı ilə bu günki azərbaycanlı arasında oxlovun iki ucu arasındakı qədər oxşarlıq var.

 

 

 

 

 

 

 



Tarix: 16.09.2016

3922