Haruki Murakami: “Mən yalnız təsəvvürlərə inanıram”


“Üçüncü şəxsin dilindən yazdığım zaman özümü allah kimi hiss edirəm”

Haruki Murakami…12 yanvar 1949-cu ildə Kyoto şəhərində dünyaya gəlib. Atası bütpərəst keşiş, anası isə ədəbiyyat müəlliməsi olan Haruki hələ gənc yaşlarından bəri ədəbiyyata meyl göstərib. Uşaqlıq dövrünü öz əsərlərində tez-tez əks etdirən yazıçı bir çox müsahibələrində uşaqlıqda valideynlərindən öyrəndiyi faktların onun üçün əvəzsiz olduğunu bəyan edib.

 

İlk əsəri olan "Pinbol-1973" 1985-ci ildə işıq üzü görmüş və Murakaminin vizit kartı olaraq müasir ədəbiyyat mühitində yazıçının adını məşhurlaşdırıb. Onun bir çox əsərlərində sürrealist ideyaların hökm sürdüyü aydın görünür. Bir çox müsahibələrində yazıçı bildirir ki, hətta bəzən əsərlərinin nikbin və ya bədbin sonluqla bitmiş olmasına qərar verə bilmir. Yazıçının fikrinə görə, hər kəs istədiyi, gordüyü formada reallığı onun əsərlərində tapa bilər.

Murakami qeyd edir ki, bir çox hallarda yazmağa başlayarkən, əsərin mövzusunu belə əvvəlcədən qərarlaşdırmır və ya bir mövzuda yazarkən qələmi onu tamamən başqa istiqamətə yönəldir.

“Kafka sahildə” əsərində Murakaminin boyük musiqi vurğunu olması aydın görünür. Ümumiyyətlə, qeyd etmək olar ki, yazıçının əsərlərində, xüsusilə də “Kəsəyən” trilogiyasına daxil olan romanlarda qəhrəmanlar musiqi və kitab aşiqidirlər.

Yazıçının mürəkkəb ziddiyyətli düşüncələri, Qərb dünyagörüşü prizmasından baxıldığına görə bir çoxlarının marağına səbəb olur. Vətənində Murakami hər zaman qeyri-adiliyə aludə, fəlsəfi-psixoloji romanlarında da bunu bütövlüklə əks etdirən, həm qərb, həm şərq oxucusunu ələ almağı bacaran, daimi həqiqət axtarışında olan, yüksək mənəvi və fəlsəfi dəyərlərlə zəngin ədib kimi tanınır.

Qeyd edək ki, Böyük Britaniyanın “Ladbrokes” bukmeker kontoru 2016-cı il Nobel Ədəbiyyat mükafatına namizədlərə pul qoyuluşunun əmsallarını açıqlayıb. Nobeli qazanmağa ən şanslı namizəd 6.00 əmsalla yaponiyalı Haruki Murakamidir.

Belə ki, yaponiyalı yazıçıya qoyuluş edən şəxslər, o, qalib gələcəyi təqdirdə hər dollara 6 dollar qazanacaqlar. Nobeli qazanmağa ən şanslı namizəd sayılan yaponiyalı Haruki Murakamını müsahibələrindən maraqlı cavabları təqdim edirik.

- Yazdığınız zaman özünüzü necə hiss edirsiniz?

- Yazmaq həyatımın mənasıdır. Burada həyatım özünü tapıb. Yazı masam, sanki, Klark Kentin telefon butkası kimidir. Orada mən supermenə çevrilirəm. Yazdığım zaman hər şey edə bilirəm, qorxu hiss etmirəm. Təsəvvürlərim sahəsində uzaq məsafələr yaxınlaşır, əlçatan olur. Dünyanı xilas edə bilərəm. Lakin masadan qalxdığım zaman Klark Kentə çevrilirəm. İnanın ki, adi bir insanam.

Yaxşı ailə başçısıyam, heç kimə səsimi ucaltmıram, özümdən çıxmıram. Gündəlik həyatımda baş verənlərdən heç zaman yaradıcılığımda mövzu kimi istifadə etməmişəm. Mənim təhkiyə vasitəsilə dediklərimə neytral yanaşmaq lazımdır. Əgər mətnə şəxsi motivlərimin əsasında yanaşsam, hadisələrin gedişatı tezliklə dalana dirənər. Bunun üçün də neytral olmaq, hər şeyə soyuqqanlı yanaşmaq lazımdır ki, şəxsi həyatın əsərə sirayət etməsin. Yazarkən məhz belə mövqedən çıxış edirəm.

İstirahət zamanı iş barəsində düşünmürəm. Adi insan həyatı yaşayanda ətrafda o qədər hadisələr baş verir ki. Hansısa bir məqamda öz-özünə deyirsən: axı mən yazmalıyam - və yazırsan. Əlbəttə, yazmağa başlayarkən müəyyən hazırlıq dövrü keçməlisən. Əgər əziyyət çəkirsənsə, mütləq bir şeylər alınır. Yazıçının yazmaq üçün mütləq harasa getməsi, kimlərləsə tanış olması elə də vacib deyil.

- Nə zamansa başqa cürə yazmağı düşünmüsünüzmü?

- Sadəcə olaraq, üçüncü şəxsin dilindən yazdığım zaman özümü allah kimi hiss edirəm. Bunu isə istəmirəm. Dünyada baş verən hər şeyi bilmək iqtidarında deyiləm. Və hər şey barədə də yaza bilmərəm. Mən, sadəcə olaraq, mənəm və bacardığım qədər yazıram. Qəhrəman kimi görünməsəm də qəhrəmanımın nə edəcəyini, düşüncələrini və hisslərini görə bilirəm. Yazıçlıq təhtəlşüurumda gəzmək imkanı yaradır mənə. Nəticədə bu prosesdən hekayələrimin yaranmasında istifadə edirəm. Bu çox həyacanlı və maraqlıdır.   

Mənim halımda yaxşı hekayə demək, sanki, küçə ilə gəzməkdir. Bu küçəni sevirəm. Və onun qoxusunu hiss edib, nəfəsini eşidirəm. Bunu etdiyin zaman, dünya dəyişməyə başlayır . Bütün hər şeyi yeni şəkildə yaşamağa başlayırsan - işığı, səsi, emosiyaları.  Mənim üçün yazıçılıq budur. Mən evliyəm, 60-dan çox yaşım var. Lakin yazdığım zaman iyirmi beş yaşlı subay oğlana çevrilə bilərəm. Mən başqasının bədəninə daxil olub xəbəri olmadan onunla gəzə bilərəm. Bax beləcə yazıçılıq “ikinci” mən olur. Və bu çox gözəldir.

- Yaponiya və ABŞ-da yaşayan bəzi tənqidçilər hesab edir ki, sizin nəsr “Yapon” ədəbiyyatından kənardır. Siz nə düşünürsünüz bu barədə?

- Bu fikirlər mənim üçün çox səthi görünür. Özümü yapon yazıçısı hesab edirəm. Əlbəttə, mən müxtəlif üslub və müxtəlif materiallardan istifadə etsəm də bütün hallarda yapon xalqı üçün bu dildə yazıram və yapon cəmiyyətini təsvir edirəm. Düşünürəm ki, haqqımda “Qərbyönümlü” ifadələr işlətməklə yanılırlar. Bəli, ilk illərdə “beynəlxalq” yazıçı olmaq istəyirdim.

Lakin sonradan başa düşdüm ki, yapon yazıçısıyam və başqa bir şəxs ola bilmərəm. Hətta yazıçılığa başladığım zaman Qərbin üslub və qaydalarını təkrar etməyi belə düşünməmişəm. Mən yapon ədəbiyyatını içəridən dəyişdirmək istəyirdim. Və bunun üçün öz qaydalarımı icad etdim.

-Nə məsələn?

 

-Yapon yazıçılar xarici gözəlliyi sevirlər və mətnin daxilində olan gücü, hissləri enerjidən üstün tuturlar. Bu gözəllik öz-özlüyündə yaxşıdır. Lakin onların bu üslubu təbii hisslər səviyyəsində qəbul olmayan sərt, formal metaforaları azaldır. Bu üslub daha zərif, incə və nəhayət, dondurulmuş bonsaya (alçaqboylu dekorativ ağac) bənzəməyə başlayır. Mən bu cür ənənəvi maneranı xoşlamıram. Bu kənardan gözəl görünə bilər, lakin cəmiyyətin formalaşması üçün faydalı heç nə təqdim etmir. Həm də kimi bilir ki, gözəllik nədir? Mən öz nəsrimdə bütün bunları dəyişdirməyə çalışıram. Azad formada yazmağı üstün tuturam hər zaman. Odur ki, daha çox həyat və təravət qatdığım geniş metaforalardan istifadə edirəm.

- Sıravi amerikalıların sizin kitablara reaksiyası necədir? Mən gəncləri nəzərdə tuturam.

- Amerika universitetlərində mühazirələr oxuduğum zaman gənclərin müasir yapon ədəbiyyatı oxduğunun şahidi oldum. Bu kitabları onlar yapon ədəbiyyatı olduğu üçün deyil, maraqlı olduğu üçün oxuyurlar. Onlar on il bundan öncə Qarsia Markesin, Varqas Lyosanın kitablarına maraqla baxdqıları kimi hazırda Emi Yamadanın, Banan Esimotonun kitablarına da o cür baxırlar. Bu cür dəyişiklik üçün bəzən zaman tələb olunur. Ümumiyyətlə, bu gün müxtəlif ölkələrdən olan yazıçılar bir-birilərinə təsir etməklə aktiv olaraq özlərini dəyişirlər. Dünya kiçikdir. Və mən bunu gözəl hesab edirəm.

Oxucunun kitabımı məhz istədiyim kimi qəbul etməsini istəməyə haqqım yoxdur. Biz eyni tezliklərdə düşünməyə bilərik. Yazıçı olmağıma baxmayaraq, bu, mətni oxucudan daha “yaxşı” anlayacağım anlamına gəlməz. Əgər siz mətni şəxsi nöqteyi-nəzərinizlə qiymətləndirəcəksinizsə, bu mətnlə sizin aranızda olan bir şeydir, buna heç nə deyə bilmərəm.

 -Dindarsınız?

 

-Xeyr, dindar deyiləm. Mən yalnız təsəvvürlərə inanıram. Reallıq yalnız mövcud olanlar deyil. Eyni zamanda real və qeyri-real dünya mövcuddur. Onlar həm də çox yaxından əlaqəlidirlər və bir-birindən asılıdırlar. Bəzən onlar qarışrılar. Əgər bunu güclü istəsəm və kifayət qədər fikrimi toplasam digər tərəfə hərəkət edib və geri gələ bilərəm, tərəfləri dəyişdirə bilərəm. Bütün bunlar kitablarımda baş verir. Mənim hekayələrim bəzən bu tərəfdə, bəzən isə digər tərəfdə oynanılır. Bəzən elə olur ki, hətta fərqi belə hiss etmirəm.

Hazırladı: Günəş Fərhadlı

 

 

 



Tarix: 14.09.2016

5658