Cəsarət Nakam Kişi də bu qədər qız-gəlin qanı axıdarmı?


“Əsgərlik, xəstəxana və məhbəs həyatının xeyli oxşar cəhətləri var; bu oxşarlıq insan azadlığının yaşamaq naminə qurban verilməsidir”.

Hansı xəbər saytını açırsan qabağına arvadını bıçaqlayan ər, bacısını boğan qardaş, od vurub qayınanasını eviqarışıq yandıran yeznə çıxır qənşərinə.

Özündən asılı olmayaraq, yunan müdriki kimi dirsəyini dizinin, ovcunu çənənin altına qoyub fikrə gedirsən: a kişi, nə vermisiniz bu arvadlara, ala bilmirsiniz? Ya onlar sizə nə verməliydilər ki, gətirib çıxarmayıblar? Ayə, kişi də bu qədər qız-gəlin qanı axıdarmı?

Düşünə-düşünə bir də görürsən ki, yuxudasan...

Əsgərlik, xəstəxana və məhbəs həyatının xeyli oxşar cəhətləri var; bu oxşarlıq insan azadlığının yaşamaq naminə qurban verilməsi, məhkumluq vərdişlərinə öyrəşməkdir. Hər üç halda insan canı ilə sınağa çəkilir. Əsgərlik həyatında vətən uğrunda hər an canından keçməyə hazır olduğuna and içməyə məhkumsan. Burda ölmək də, öldürmək də qəhrəmanlıqdır.

 

İnsanın kütləvi əyləncələrə ehtiyacı olduğu kimi, kütləvi qırğınlara da təbii ehtiyacı var. Ömründə əlinə Allahın qoşalüləsini götürməmiş alman alimi Maltus bu ehtiyacın təbiətin fiziki əbədiliyini qoruması kimi izah edirdi. İnsan insanı ətini yemək üçün öldürmür, o, özü də bilmədən öz növünü öldürməklə təbiətdəki nizam-intizamın keşiyini çəkir və buna görə də vaxtaşırı kütləvi döyüş növü olan müharibələr “təşkil edir”. Yəni öldürmək bir az da kosmik prosesdir, istiləşmə, buzlaşma kimi.

 

Xəstəxana həyatında bir zamanlar vətən uğrunda göz qırpmadan qurban verməyə hazır olduğun canı hansısa amansız xəstəlikdən, yaxud gözlə belə görünməyən öldürücü, dılğır bir virusdan qorumağa məhkumsan.

 

Məhbəs həyatında isə sənin azadlığın da, canın da başqalarının nəzarətindədir, hətta ölümün belə öz əlində deyil. Səni yalnız başqaları təhqir edə, öldürə bilər. Ayaqqabılarının ipi, şalvarının qayışı belə başqalarının əlindədir, özünü dörd divar arasında boğub, xilas olmayasan deyə. Əzab öz ömrünü axıra kimi yaşamalıdır günahkar insanın canında.

 

Yuxarıda yazdıq ki, həm əsgər, həm xəstə, həm də dustaq həyatının öz vərdişləri var. Bu vərdişlərin ən yadda qalanı, keçmişə çevrildikcə xatirələşib gözəlliyini sevgisindən başqa hər şeyə xərcləyən quşbeyin qadın kimi unudulmayanı, bəzən başqalarının gözündə möcüzəvi sənət əsərinə çeviriləni məhkumluq əzabının üzə çıxardığı janrsız insan yaradıcılığıdır. Azadlığı olmayan insanın sərhəd, ölçü tanımayan yaradıcılığı.  

 

Nəsə, bu yunan müdrikliyini ağsaqqal panaması kimi çıxaraq başımızdan və qoyaq bir qırağa.

Əsgərlikdə yadımda qalan bir xatirəni danışmaqla cəmiyyətimizdə kişi-qadın düşmənliyinin hardan qaynaqlanmasına kiçik bir nümunə göstərəcəyəm. Orduda olanda boş vaxtlarımda bir neçə kitabı eyni zamanda oxumaq vərdişim yaranmışdı. Hansı obraz üçün darıxırdımsa götürüb həmin kitabı oxuyurdum. Bəzən yeni kitab tapmayanda bir əsərə dönə-dönə qayıdırdım.

 

Yaratmaq və yaradılanlardan xəbər tutmaq üçün insanın mütləq boş vaxtı olmalıdır.  Döyüşməyən ordu da isə boş vaxt nə qədər desən, itətök!

Bir əsgər yoldaşımız vardı, yoldaşları ona “Gəlinbacı” deyirdilər. Sonralar öyrəndim ki, bu adı ona gecələr kazarmada oxuduğu kitaba görə qoyublar. Əlqərəz, kitabı ələ keçirə bildim. Üz qabığı yırtılmış bu kitab sovet dövründə yazılmış “Qızlar sözüm sizədir” adlı namus, ismət toplusu idi. Alıb bir xeyli mən də oxudum. Kitab başdan-ayağa qızlara ünvanlanan təxminən belə öyüdlərlə dolu idi: “Əgər sevdiyiniz oğlan ikilikdə söhbət etmək bəhanəsi ilə sizi sakit bir guşəyə çəkmək istəyirsə, ondan şübhələnin”. Sözsüz ki, kitabı oxuyub bu ağsaqqal öyüdünü pul kimi qırx yeddi yerə qatlayıb sinəsində gizləyən qız, nə vaxtsa hətta sevdiyi oğlan onu gizlinə çəkməyəndə belə, gədənin erkəkliyindən şübhələnməliydi və sovet dövründə hər şeyin şübhə ilə idarə olunduğu bir cəmiyyətdə bundan artığını təsəvvür etmək əbləhlik olardı. Bu cür şübhə, inamsızlıq üzərində qurulan ailələr bütün həyatlarını qorxu içində yaşamağa məhkum olmalıydılar. Yəni bu sovet dövrünün tərbiyəsi cəmiyyəti gətirib belə inamsızlıq mühitinə urcah eləmişdi. Hətta indi də elə məhlələr, qəsəbələr, kəndlər var ki, kişilər doğma arvadları ilə yatmağa qorxurlar; birdən qardaşı gələr, onları yataqda yaxalayar və hər ikisini – halal ər-arvadı – bıçaqlayar. Və qorxmaqlarına əsasları da var; çünki qardaş gəlib, doğrudan da, bacısı ilə yatdığı üçün ərini bıçaqlayır. Kütləvi olmasa da, əksər ailə cinayətlərinin alt qatında seksual qısqanclıq rol oynayır.

 Kitabı əsgər “gəlinbacımdan” alıb əvəzində ona “Netoçka Nezvanovna”nı verdim.

Və bu əhvalatının üstündən beş-altı il keçdi. Bir dəfə televizorda kriminal xəbərlərə baxırdım; bir nəfəri arvadını qısqanclıq ucbatından öldürməsindən süjet göstərirdilər. Bu sifəti hardasa görmüşdüm. Yalnız iki gündən sonra yadıma düşdü: o. əsgərlikdə “Qızlar sözüm sizədir” kitabını dönə-dönə oxuyan gələcəyin sevgi qatili olacaq “Gəlinbacı” adlı əsgər yoldaşım idi. Görünür, ona verdiyim “Netoçka Nezvanovna”nın o vaxt üzünü də açmamışdı.



Tarix: 03.09.2016

5167