Kendzaburo Oe  Nobel mükafatçısı


"Biz gərək buddizm, islam və iudazimi hansı universal dəyərlərin hərəkətə gətirdiyi barədə düşünək"    

Yapon yazıçısı Kendzaburo Oe 1935-ci ildə Yeni il gecəsi anadan olub. Yazıçını Fransua Rablenin böyük bilicisi olan professor  Kazuo Vatanabe öz himayəsinə götürüb. Rablenin yaratdığı qrotesk realizminin obrazları sistemi Oeyə uşaqlıqda eşitdiyi mifləri və tarixçələri yenidən dəyərləndirməkdə yardımçı olub.

1963-cü ildə gənc ədəbiyyatçının ailəsində ilk körpə dünyaya gəldi, onun adını yaponcadan tərcümədə “nur” mənasını verən Hikari qoydular. Lakin əfsus, elə bu andan da etibarən Oenin evi mənəvi iztirablara büründü - oğlan şikəst və lal doğulmuşdu. Zaman ötdü və Oenin ailəsində tamamilə sağlam olan oğlu və qızı dünyaya gəldisə də, o, özünün bütün qalan həyatını ağır xəstə doğulmuş birinci uşağına həsr eləməyi qərara aldı.

1965-ci ildə onun atom bombardmanı qurbanları haqqında olayları və onların düşüncələrini özündə cəmləşdirən “Xirosimadan qeydlər” adlı böyük essesi dərc olundu. Mədəni antropologiyanın yeni ideyalarından bəhrələnmələr Oenin yaradıcılığındakı fantastik aləmi formalaşdırırdı, bunu daha çox onun “Ötən illərimə məktublar”  əsərində görə bilərk.1994-cü ildə Kendzaburo Oe “reallıqla əfsanəni birləşdirərək insanların bugünkü iztirablarının qorxulu təsviri olan xəyali bir dünyanı şairanəliklə yarada bildiyinə görə” ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Özünün Nobel mükafatını alandan sonra ilk çıxışında Oe belə demişdi: “Mən artıq 38 ildir ki, nəsr yazıram. Bunlardan 31 ilini yaradıcılığımın əsasını xəstə oğlumun problemi təşkil edir. Mən hiss edirdim ki, Yaponiyada çox geniş yayılmış eqobelletristikanın içinə yuvarlanıram, amma sonunda bununla razılaşmalı oldum. Mən Hikari adlı balaca bir insanla yaşayıram və elə bu da ölkəm, dünya, insan ruhu haqqında yazmağım üçün imkan yaratmış olur. Hikari vasitəsilə mən ürəyimi narahat edən bütün problemləri dərk edə bilirəm”.

Kenzaburo Oenin xarici məbuata verdiyi nadir müsahibıni təqdim edirik.

- Hərbi əməliyyatların keçirilməsi üçün böyük dövlətlərin vahid mövqedən (BMT) çıxış etməsini necə qiymətləndirirsiniz?

- Con Steynbekin əsərində deyildiyi kimi, müharibələr ikibaşlıdır. Terrorizmdən söhbət gedirsə burada əməliyyatlar sona qədər aparılmalıdır. Hesab edirəm ki, ABŞ-a konkret bu məsələdə müəyyən vaxt lazımdır. Terrora qarşı ildırımsürətli müharibə aparmaq lazımdır. Yoxsa kor-koranə halda saga-sola atəş açmaq heç bir effekt verməz.

Bəziləri hesab edir ki, dərhal cavab vermək düzgün deyil. Belə ki, terrorçular bunu yeni hücum təşkil edəcəyi ilə əsaslandırırlar. Bəyəm bu belədir? Hətta ABŞ Əfqanıstanı bombaladıqdan sonra yeni hücumların ediləcəyini istisna etmədi. Yaxşı, biz nəyə qarşı mübarizə aparırıq onda? Hətta Amerika və onun müttəfiqləri terrorçuların başçılarını zərərsizləşdirsə belə, bu, ABŞ və Qərb ölkələrinin zəif yerlərinin bağlandığını deməyə əsas vermir. Əksinə, bu ikinci və daha çox terror aktlarının baş verəcəyi riskini artırır. Düşünürəm “Əkiz Qüllələri”nin vurulması sonrakı terror aktlarının yanında oyuncaq olacaq.

- Bu cür nifrəti ABŞ necə qazanıb?

- Əslində, biz buludaların üzərində uçurduq və səbəblər biz bildiyimizdən yaxın olub. Lakin onları görmək istəmirik. Amerikalı linqvist Noem Ximskinin göstərdiyi kimi: ABŞ-ın terrora məruz qalmasının əsas səbəbi qloballaşma, neoliberal iqtisadiyyat, böyük haqsızlıq, ABŞ-ın özünün siyasi və hərbi sahədə hegemon nümayiş etdirməsidir. Yuxarıda sadaladıqlarımdan əlavə struktur məsələsi də digər səbəblərdən biridir. Buş və ABŞ xalqı terror aktlarına emosiya səviyyəsində reaksiya verdi. Bununla da özünün böyük hərbi və iqtisadi gücünü səfərbər edərək həqiqətlərə, terrorların arxasındakı əsl mahiyyətlərə göz yumdu.

- Siyasi düşüncələriniz də ədəbi fəaliyyətinizdən geri qalmır. Bəs siz romanlarınızda siyasi düşüncələrinizi oxuculara çatdırmağa çalışırsınız?

- Buna çalışmıram. Lakin demokratiya ilə bağlı yazdığım esselərdə bunu nəinki diktə edirəm, hətta insanları məlumatlandırıram. Esselərimi demokrat kimi yazıram. Yazdıqlarımda müharibənin və demokratiyanın keçmişini anlamağa və anlatmağa çalışmışam. Nüvə silahlarının kəşfi və istifadəsi mənim üçün həmişə fundamental məsələ olub və bu gün də elədir.

Eyni zamanda yazılarıma əvvəlcədən düşünülən ideyalarla başlamıram. Yəni yazımda necə qəhrəman obrazı olacaq, onların gələcək aqibəti necə olacaq, hansı vəziyyətlərə düşəcəklərini bilmirəm. Sadəcə olaraq, bu ələnmə mərhələsində müəyyənləşdirilən məsələlərdir. Çünki gözlənilmədən yoxlama və ya düzəliş mərhələsində yeni qəhrəmanlar meydana çıxır, ya da hansılarsa lazımsız olduqlarını göstərir və onları mətndən kənarlaşdırıram. Yəni roman yazmağın məxsusiliyi buradadır. Belə ki, müəllif çox az şeyə nəzarət edə bilir. Hekayə isə özü-özünü böyüdür, xarakterlər yaradır.

- “Sivilizasiya şoku” adlı tezis haqqında daha çox şayiələr yayılmağa başlayıb. Bu haqda nə düşünürsünüz? Bəlkə, bunun arxasında Amerikada yaşayan xalqların amerikalılara qarşı nifrəti dayanır? Çünki amerikalılar milli mövcudluğunu sürdürən xalqlara qarşı mədəni, sosial və iqtisadi fərq qoyurlar.

- Bu tezis, sadəcə olaraq, arqumentdir və hökumət məsələyə qarışdığı zaman bunun mənası öz effektliyini itirir. Daha sonra onların azad hərəkət etməsini dondurmaq üçün havada “sivilizasiya şoku” yaradılır. Birdən məlum olur ki, ABŞ “dünya sivilizasiya”sının təccəssümüdür və əhalinin bütün digər problemlərdən uzaqlaşdırmaq, fikrini yayındırmaq üçün Əfqanıstanı bombalamaq lazımdır. Yeni “Fatalizm”lə nə edəcəyini bilməyən əhalinin digər qismi “sivilizasiya şoku”nda transmilli ambisiya və qlobal təzahürlər görür. Odur ki, 21-ci əsrin taleyi cəmiyyətin “yeni müharibə”dən sonrakı həyat şəraitinə uyğunlaşmasından asılı olacaq.      

- Bəziləri hesab edir ki,  Qərb universal sivilizasiyanın yeganə daşıyıcısı olmaldır. Qərbdən fərqli olan dəyərlər mövcud olaraq öz universallığını qoruya biləcəkmi? Məsələn: Şərqi Asiyada Qərblə münasibətlərin qurulmasında öncə “humanizm” düşüncəsi mövcud olubmu?

- Ömrünü yaponlara Qərb humanizimində möcud olan səbrliyi göstərmək üçün çalışan fransa humanizmi üzrə mütəxssis Kazuo Vatanbenin tələbəsi olaraq, mən hər zaman böyük tarixin kölgəsində, sərhəd məkanlarda yaşayan şəxslərin maariflənməsi üçün öz əsərlərimə müasir kontekstlər salmağa çalışmışam. 

Qərblə tanışlıqdan öncə Çin, Koreya və Yaponiyada hökumətin xalqı əzmək mexanizmi mövcud idi. Bu mexanizmə qarşı çıxan şəxslər isə bəzən humanizm dəyərlərinin daşıyıcıları idi. Hətta bu dəyərlər Qərbdə mövcud deyildi. Biz gərək buddizm, islam və iudazimi hansı universal dəyərlərin hərəkətə gətirdiyi barədə düşünək. 

Bu qədər səs-küylü dünyada yazmaq çətin deyil ki? Səssizliyə ehtiyac duyursunuz?

Tək qalmağıma ehtiyac yoxdur. Roman yazanda da, oxuyanda da özümü ailəmdən, uşaqlardan uzaqlaşdırmağa, ya da onlardan ayrılmağa ehtiyac olmur. Adətən, oğlumun musiqi dinlədiyi ən böyük otaqda işləyirəm . Çünki onsuz da, yazdığım tam forma alana kimi dəfələrlə yazılır, oxunur, yoxlanır. Roman həmişə natamamdır.

 

Yazanda mətnlə aramda elə münasibət formalaşdırıram ki, ətrafda olanları nə görürəm, nə eşidirəm. Yalnız sonluğu yazanda ikinci mərtəbəyə qalxıram, bu da nadir hallarda olur. 

Hazırladı: Günəş Fərhadlı



Tarix: 22.08.2016

5347