Qafar Şövqi - satira


Sələmə pul buraxan zahiri dindar hacının Ürəyi Məkkədi, vicdanı Kitay, vay vay vay.

 

Vay-vay-vay!

Təzə qonşum özünə tikdi saray, vay vay vay.

Bu xəbər hər tərəfə saldı haray, vay vay vay.

***

Kiməsə bənzəmədik biz, nə xeyirxahlıqda,

Nə paxıllıqda bizə olmadı tay, vay vay vay.

***

Təbiət neylədisə, qopdu tufan, yağdı yağış.

Deyəsən maygülüyə düşmədi may, vay vay vay.

***

Biz elə həm yaşayan həm sürünən bəndələrik.

Keçən ay kef elədiksə, gələn ay vay vay vay.

***

Siqaret zəhrimarın qiymətin endirməsələr,

Yanacaq köhnə qəzetnən quru çay, vay vay vay.

***

Sələmə pul buraxan zahiri dindar hacının

Ürəyi Məkkədi, vicdanı Kitay, vay vay vay.

***

Kişi zonnan danışır, hər yerə təsbehlə gedir.

Qızı ekranda deyir hobaşinanay, vay vay vay.

***

Qara millət qara tənqidlərə şəkk etdikcə

Eləyir çəkdiyimiz zəhməti zay, vay vay vay.

***

Daha Şövqi sözünü hər yetənə ərz eləmə.

Tanımaq olmayır insanları day, vay vay vay.

  

Özün öl!

 

Mənə bihudə "sən öl" vurma ay oğlan, özün öl.

Səni ağuşuna alsın qəbiristan, özün öl.

***

Neçə dəfə rola girdin sən həyat qurmaq üçün...

Nə qədər mövzu düşündün yalan uydurmaq üçün...

Həmişə tapmısan imkanı "sən öl" vurmaq üçün,

Bu səfər tapmaq üçün yoxdusa imkan, özün öl.

***

Ələ salma kimisə, sən özünü al bir ələ.

Hamının borcunu qaytar, sözü çöndər əmələ.

Bu "sən öl" vurmaq ilə hər kəsə atsan da belə,

Mənə atmaq sənə qoy gəlməsin asan, özün öl.

***

Sən özün qat elə öz xeyrine şər, yaxşıdısa,

Sizə gəlsin bu gələn qara xəbər, yaxşıdısa,

Bizi öldürmə gədə, ölmək əgər yaxşıdısa,

Verərik şəninə "urvatlı" bir ehsan, özün öl.

***

Bizi zülmətdə qoyan, heç səni gün görməyəsən...

Qəbirə girmədən əvvəl, gözümə girməyəsən.

Bir adam qalmadı ki nəslidə öldürməyəsən...

Daha öz canına and iç, sənə qurban, özün öl.

***

Gəlsənə, şərt kəsəlim sənlə çörəkdən də qabaq.

Sən də ol bizdən uzaq, biz də olaq səndən uzaq.

Biz də səndən yana dərd eyləməyib, şad yaşayaq,

Sən də bizdən yana heç qalma nigaran, özün öl.

 

Deyə-deyə

 Hamını kef əhli eyləyəcəkdik

Hamıya kefini sür deyə-deyə.

Kefli İsgəndərə yol göstərirdik,

Özümüz kor olduq, gör deyə-deyə.

***

Pul üçün ağı da qaraya satdıq.

Girdi qara günlər araya, satdıq.

Sanki əlimizi havaya satdıq.

Ciblərin tikənə ver deyə-deyə.

***

Müftə qonaqlıqda deyim neylədik?

Mərhum vicdanlara sağlıq söylədik.

Varlını Allahla qonşu eylədik.

Kasıba "öl yerə gir" deyə-deyə.

***

Kimi oğlan etdik, kimi qız etdik.

Kimi ömrümüzə qırsaqqız etdik.

Oğrunu bir az da qorxusuz etdik.

Qancıq itimizə hür deyə-deyə.

***

Dövran gətirsə də, bizləri hala

Dünəndən qoymadı xatirə qala.

Ata ocağını unutduq bala,

Qaynata evinə pir deyə-deyə.

***

Çoxunun yollarda sırtıldı üzü.

Çoxunun qarnında qalmadı sözü.

Şövqi, bu dünyadan yola sal bizi.

Gedək xeyrimizə şər deyə-deyə.



Tarix: 15.08.2016

7398