Qafar Şövqi - satira


Məktəbə market deməyim, neyləyim? Rüşvəti təhsildə fikirləşmişik.

 

 

Öldürdü məni kirpi, öldürdü bu söhbətlər

 

Banklar özümü qoymur, qoymur edim ifadə.

Ey vah, bu nə haldır ki, borcnan düşürük yadə.

Birtək abırın vardı bu koskoca dünyadə,

Aldı onu da məndən boynumdakı minnətlər.

Öldürdü məni kirpi, öldürdü bu söhbətlər.

***

Gəldim dini-islama, gördüm ne gözəl dindi...

İmanlısı kafirdi, imansızı mömindi.

Gördüm necə yüksəldi, gördüm, nə təhər endi,

Yerdən-göyə aminlər, göydən yerə lənətlər.

Öldürdü məni kirpi, öldürdü bu söhbətlər.

***

Qaz söndü, işıq söndü, zülmət bizə sirdaşdı.

Cismim yenə də dondu, ruhum yenə də çaşdı.

Gəldi evə bir məktub, borcum kommunallaşdı.

Ömrümdən alıb getdi, məktubdakı qiymətlər.

Öldürdü məni kirpi, öldürdü bu söhbətlər.

***

Toylar mənə qəm verdi, oldu hər işim qəmlik.

Toylarda yemək mənlik, pul salmaq işi kimlik?

Gözlər qalıb həsrətdə gəlsəydi məhərrəmlik,

Bir fasilə eylərdi toylarla ziyafətlər.

Öldürdü məni kirpi, öldürdü bu söhbətlər.

***

Mən saplamışam hərgah, sən iynəni saldınsa

Haqq şairinə qismən dəstək kimi qaldında.

Şeirimdə mənə, Kirpi, dərd ortağı oldunsa,

Bunca qəm arasından, məndən sənə hörmətlər...

Öldürdü məni kirpi, öldürdü bu söhbətlər.

 

 Qalsın!

 

Aradan pərdəni çəkmə, aramızda arə qalsın.

O da zəhrimarə qalsın, bu da zəhrimarə qalsın.

***

Gəl evin pəncərəsindən danışaq işarələrlə

Sizə bir işarə getsin, bizə bir işarə qalsın.

***

Yeni işsizliyimizçün yeni qarğış qəbul etdik.

Bir oğul "işverən" olsun, bir oğul avarə qalsın.

***

Günəşim "Günəşlidəndir" güləşənlər nə deyirlər?

Günəş istəyirsə hərgah, hamı bəxdiqarə qalsın...

***

Gedənə qal demək olmuş mərifətsizlik, əzizim.

Kim özün öz ağılıyla eləyir idarə, qalsın.

***

Maşınım olmadı heç vaxt, fələyin tıxaclarında.

Həyatım metroda keçdi, qiyamım məzarə qalsın.

***

Pulu tərifləməyin ki, odur ən qorxulu düşmən.

Ya onu məhv eləyin siz, ya verin Qafarə qalsın.

 

Fikirləşmişik

 

Biz bu eli, eldə fikirləşmişik.

Fürsət olub əldə, fikirləşmişik.

***

Kim ki deyib "get də", çıxıb getmişik.

Kim ki deyib "gəl də", fikirləşmişik.

***

Özümüzü qeyrətli bilib hər dəfə,

Özgəsini çöldə fikirləşmişik.

***

Məktəbə market deməyim, neyləyim?

Rüşvəti təhsildə fikirləşmişik.

***

Öz dilimiz bizlərə ağır gəlib.

Hər şeyi yad dildə fikirləşmişik.

***

Üzməyi dəryada unutsaq da biz,

Batmağı sahildə fikirləşmişik.

***

Şövqi, sənin dərdinə ortaq tapıb,

Eşqinə, qatil də fikirləşmişik.



Tarix: 05.08.2016

4390