Xarakter çatışmazlığı - SOS


Cəsarət Nakam: "Din saraylara, elm xarabalıqlara sığınıb kəndlərdə".

 Məktəb vaxtı coğrafiyanı yaxşı oxumuşam, amma buna baxmayaraq, Magellançılığı, yəni gəzərgiliyi sevmirəm, çünki dünyanın yumurtavari, səthi gözəlliyinin arxasındakı eybəcərliklərdən xəbərim var. Adi bir misal: hicri-qəməri tarixinin isfənd ayında süləngəc bir dostuma qoşulub həyət-bacalarında çəkmələri özlərindən yekə olan uşaqlardan və beli bükülmüş qocalardan başqa kimsənin gözə dəymədiyi, yastı-yapalaq komalarında dul gəlinlərin həyatdan gizləndiyi, xoşbəxtliyi krosnı antenalardan ötürən televizordan seyr etdiyi, cavanların yarısının torpağın altına, yarısının ərşə çəkildiyi əyalətlərimizdən birinin beş-altı kəndini gəzməli oldum; hər yerdə Rusiyada alver edən cavanların göndərdiyi pullar hesabına tikilmiş, istidə par-par parıldayan qızılı rəngli şiferləri ilə uzaqdan, sanki, adama irişən məscidlərin təmtərağını və elə həmin rusların imperiya zamanı tikdiyi, həyətinin yiyəsizliyində itlərin cütləşdiyi məktəblərin xarabalıqlarını gördüm.

Din saraylara, elm xarabalıqlara sığınıb kəndlərdə.

Elm olmadığı üçün insanlar mənəvi toxdaqlığı səmavi səltənətdə axtarırdılar. Bir üzünə baxanda, bu mənzərə tamamilə doğrudur, çünki tarixi ənənələrə söykənir. Şərqdə, o cümlədən, Azərbaycanda təhsil ocağı dedikdə adamın yadına yalnız dini təmayüllü mədrəsələr, molla, falaqqa düşür ki, orada da, Sabir demiş, yazı yazanda molla şəyirdi döyürmüş.

Qori seminariyasını Azərbaycan təhsilinin, maarifçiliyinin beşiyi, əsgi üstə qoyanı adlandıran bu dostumla kəndləri gəzə-gəzə təhsildən başqa danışmağa mövzu tapmadıq desəm, yalan olar. Ancaq bu kəndlərin bu günə qalmasının əsas səbəbi təhsilin bərbad vəziyyəti olduğu üçün  söhbətimizin canı məktəb oldu.  

Ümumiyyətlə, dünyanın bütün mədəni xalqları öz övladlarını döyə-döyə oxudublar; hətta səhv etmirəmsə, ingilislər dünənə qədər də tədrisdə və tərbiyədə çubuqdan istifadəni yığışdırmamışdılar. Onlar bunu həm də onunla izah edirlər ki, uşağa kiçik yaşlarından dünyada cəzanın mövcudluğunu aşılamaq lazımdır. Ancaq cəzanın nə üçün verildiyi uşağa mütləq izah olunmalıdır. Biz həm ailədə, həm də məktəblərdə uşaqlarımızı pota balası kimi döyəcləsək də, yazıqlar yalnız böyüyüb arvad-uşaq sahibi olandan sonra anlayır ki, onu otuz il bundan əvvəl nə üçün cığnayırmışlar. Cəzanın növü də uşağın tərbiyəsinə, təhsilinə ciddi təsir göstərən amildir.

 

Biz uşaqlarımızı cəzalandırmırıq, biz onları təhqir edirik.

Bu, məsələnin tərbiyəvi tərəfi olduğu üçün sonraya saxlayaq. Əsas məsələ odur ki, bu gün kəndlərdən şəhərə bilik axını yoxdur. Kənd həm də təbiətdir, təbiət isə xarakterlər yetirir. Kənddən şəhərə gələn bilik həm də özü ilə xarakterlər gətirirdi ki, bu xarakterlər sonradan şəhərdə inkişaf edib millətin mənəvi sütunlarına çevrilirdilər. Bundan qədim belə idi. Müasir cəmiyyətlərin mənəvi depressiya keçirməsi, insanların psixoloqların ağzına baxa-baxa yaşamasının əsas səbəbi də budur – xarakter çatışmazlığı. Cəmiyyət xaraktersizlikdən əziyyət çəkir. İndi onu əvəz edən cürbəcür təsəlliverici, sakitləşdirici dərman preparatları icad olunub. Çünki kəndlər məhv olub, təbiətin yetişdirdiyi təbii xarakterlər tükənib.

 

Kənddə məktəbin olmaması hələ çox xəstəliklərin yaranmasına və yayılmasına səbəb olacaq, allah heç kimə göstərməsin.



Tarix: 03.08.2016

5314