Jan Pol Sartır – “Mənim üçün azadlıq doyunca yemək hüququdur!”


“Jan Pol Sartr” və “Nobel mükafatçısı Jan Pol Sartr” imzaları arasında çox fərq var”

Jan Pol Sartr - XX əsr fransız filosofu, yazıçı və dramaturqu, ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biri. Sartr dünyanın özünü bizə qəribə və əsrarəngiz formada nümayiş etdirdiyi anlara daha çox diqqət yetirir. Pul qarşısında insanın bu acizliyi Sartrı ən çox hiddətləndirən məsələlərdən biri idi. O, bu problemi siyasi müstəviyə kimi çıxarmışdı. Onun fikrincə, kapitalizm sistemi bədheybət bir maşın kimi saxta, reallıqla səsləşməyən ehtiyac anlayışını yaradıb.

Jan Pol Sartr 1964-cü ildə "zəmanəmizə mühüm təsir göstərən ideyalarla zəngin, azadlıq ruhu və yaradıcılıq həqiqəti axtarışları ilə aşılanmış əsərlərinə görə" Nobel mükafatına layiq görülmüşdü. Lakin müəllif könüllü şəkildə mükafatı almaqdan boyun qaçırmışdı. İmtina ilə bağlı yazıçı İsveç Akademiyasına məktub ünvanlamışdı.

Həmin məktubun mətnini təqdim edirik.

Qeyd edək ki, Nobel Komitəsinin üzvü Lars Qollerstenin yazdığına görə, Sartr sonralar qərarını dəyişmiş, 1975-ci ildə Komitəyə müraciət edərək diplom və medaldan imtina şərti ilə pul mükafatını almaq niyyətində olduğunu bildirmişdi. Lakin həmin məbləğ artıq Nobel fonduna qaytarıldığından yazıçının istəyi reallaşmamışdır.

“Mükafat verilir, amma ondan imtina edirlər - bu məsələnin skandala çevrildiyinə görə təəssüf edirəm. Səbəb isə mükafatın mənə veriləcəyindən məlumatsız olmağım idi. “Fiqaro literer”in 15 oktyabrdakı nəşrində Stokholm müxbirinin verdiyi məlumat əsasında dərc olunan xəbərdə qeyd olunub ki, İsveç Akademiyası namizədliyimi daha üstün tutur. Lakin son qərarın hələ qəbul edilmədiyini öyrənəndə mənə elə gəldi ki, Akademiyaya məktub yazmaqla vəziyyəti yoluna qoya bilərəm və bu məsələnin üzərinə bir daha qayıtmamaq şərtilə birdəfəlik xitam verilər. O zaman Nobel mükafatı verilərkən gələcək laureatın fikrinin nəzərə alınmadığını bilmirdim və düşünürdüm ki, bunun qarşısını almaq mümkündür. Öyrəndim ki, İsveç Akademiyası öz seçimini etdikdən sonra qərarından imtina edə bilməz. Bu məktubda da anlatdığım kimi mükafatdan imtina etməyimin nə İsveç Akademiyası, nə də Nobel mükafatı ilə heç bir bağlılığı yoxdur. Məhz bununla bağlı məktubda iki səbəb göstərmişəm - şəxsi və obyektiv.

Şəxsi səbəblər

Mənim imtina etməyim düşünülməmiş addım deyildir. Çünki rəsmi fərqlənmə nişanlarını heç vaxt qəbul etməmişəm. İkinci Dünya Müharibəsi bitdikdən sonra 1945-ci ildə mənə Fəxri Legion Ordeni təklif olundu.  Yüksək vəzifəli şəxslər arasında dostlarımın olmasına baxmayaraq bu mükafatdan imtina etdim.

Bəzi dostlarımın təkidlərinə baxmayaraq heç vaxt “Kollec de Fransa” daxil olmaq istəməmişəm. Bu düşüncəmin kökündə yazıçı əməyi haqqında təsəvvürlərim dayanır. Siyasi, ictimai, yaxud mədəni sahədə müəyyən mövqe qazanmış hər hansı yazıçı yalnız özünəməxsus vasitələrin, yəni bədii sözün köməyi ilə fəaliyyət göstərməlidir. Oxucularını hər hansı fərqlənmə nişanı ilə təzyiq altında saxlaması mənim üçün qəbuledilməzdir.

 “Jan Pol Sartr” və “Nobel mükafatçısı Jan Pol Sartr” imzaları arasında çox fərq var. Bu cür fərqləndirilməyə qarşı çıxmayan yazıçının adı, onu seçmiş assosiasiya və ya institutun adı ilə birgə çəkilir. Belə ki, Venesuela partizanlarına qarşı bəslədiyim rəğbət yalnız mənə məxsusdur. Lakin “Nobel mükafatı laureatı Jan Pol Sartr” Venesuela müqavimət hərəkatını müdafiə edərsə, bununla Nobel mükafatı institutunu da özüylə məsələyə müdaxilə etdirəcək.

Yazıçı heç bir halda özünün instituta çevrilməsinə yol verməməlidir. Bəllidir ki, düşüncəm heç də bu mükafata layiq görülən laureatlar əleyhinə yönəlməyib. Bu, mənim şəxsi mövqeyimdir və tanımaq şərəfinə nail olduğum namizədlərin bir çoxuna böyük hörmət bəsləyirəm.

Obyektiv səbəblər  

Hazırda iki mədəniyyətin - Şərq və Qərbin birgə mövcudluğu uğrunda mübarizə mədəni cəbhədəki savaşın mümkün olan yeganə formasıdır. Bununla belə  mədəniyyətlər mütləq qardaşlaşmalı deyil. Gözəl başa düşürəm ki, mədəniyyətlərin qarşılaşdırılmasının münaqişə formasına keçməsi labüddür. Lakin bu qarşılaşdırma insanlar və mədəniyyətlər arasında aparılmalıdır. İnstitutların müdaxiləsi olmadan.

Hər iki mədəniyyət arasındakı təzadları dərindən hiss edirəm. Çünki özüm bu ziddiyyətlərin məhsuluyam.  Burjua ailəsində anadan olub tərbiyə alsam da istəmədən sosializmə, Şərq blokuna rəğbət bəsləyirəm. Bu da mənə iki mədəniyyətin yaxınlaşmasını istəyənlərlə əməkdaşlıq etməyə imkan verir. Təbii ki, “ən yaxşı” qalib gələcək yəni sosializm.

Bu səbəbdən nə Şərqin, nə də Qərbin yüksək mədəni instansiyalarından mükafat qəbul etmək istəmirəm. Hətta onların mövcud olduqlarını yaxşı başa düşsəm də. Sosializmə rəğbətim olsa da, məsələn kimsə mənə Lenin mükafatını təqdim etsə qəbul etməzdim. Çox gözəl anlayıram ki, Nobel mükafatı Qərb blokuna məxsus deyil. Lakin onu elə ediblər ki, müəyyən hadisələr İsveç Akademiyasının nəzarəti xaricində baş verir. Bəli, bu mümkündür.

Məhz buna görə, hazırki vəziyyətdə Nobel Qərb yazıçıları, yaxud Şərq “qiyamçıları" üçün nəzərdə tutulan bir mükafat hesab olunur. Məsələn, Cənubi Amerikanın ən böyük şairlərindən olan Nerudaya mükafat verilməyib. Araqonun namizədliyi heç vaxt ciddi şəkildə müzakirə olunmayıb. Halbuki o, bu mükafata layiqdir. Nobelin Şoloxova yox, Pasternaka verilməsi təəssüf doğrur. İsveç Akademiyasının mükafatlandırdığı yeganə Sovet kitabı ölkəsində qadağandır.

Tarazlığı anoloji addım atmaqla əks mənada təmin etmək mümkün olardı. Əlcəzairdə baş verən müharibə zamanı mən və digərləri “121 manifesti” imzalayan zaman bu mükafat mənə təklif olunsaydı, böyük məmnuniyyətlə qəbul edərdim. Belə ki, bununla təkcə mən yox, bütövlükdə azadlıq mübarizəsi mükafatlandırlmış olardı. Lakin bu baş vermədi. Mükafata yalnız müharibə bitdikdən sonra layiq görüldüm.

Azadlıq və Pul

İsveç Akademiyasının əsaslandırılmasında “azadlıq” sözü istifadə olunub. Bu söz müxtəlif cür məna daşıya bilər. Qərbdə bu söz azadlıq kimi başa düşülür. Mənə gəlincə azadlığı - bir neçə ayaqqabıya sahib olmaq, doyana qədər yemək hüququ kimi başa düşürəm. Hesab edirəm ki, mükafatı almaq mənə ondan imtina etməkdən daha təhlükəlidir.  Mükafatı alsaydım bu, “zərərin əvəzinin ödənilməsinə” razılıq əlaməti sayılardı. Mən “Fiqaro-literer”də oxudum ki, “mübahisəli siyasi keçmişimə görə günahkar hesab edilməyəcəyəm”.

Bilirəm ki, məqalə Akademiyanın mövqeyini ifadə etmir. Lakin bu aydın şəkildə razılığımın bəzi sağçı dairələrdə necə yozulacağını büruzə verir. Keçmişdə yoldaşlarım arasında bəzi səhvlərə yol verildiyini etiraf etməyə hazır olsam da “mübahisəli siyasi keçmiş”im hələ də qüvvədə qalır.

Bununla “Nobel” mükafatının “burjua mükafatı” olduğunu demək istəmirəm.  Lakin bu cür burjua yozumlarının ortaya atılması qaçılmazdır. Xüsusilə də kifayət qədər yaxşı tanıdığım dairələrdə.  Nəhayət, pul məsələsinə keçirəm: İsveç Akademiyası seçilməyin üzərinə böyük pul məbləği də əlavə etməklə laureatın boynuna ağır yük qoyur.  

 

Bu problem mənə çox əziyyət verirdi. Mükafatı alaraq təqdim olunan məbləği fəaliyyəti vacib təşkilat və hərəkatların xeyrinə xərcləmək olardı. Şəxsən mən Londondakı aparteid əleyhinə mübarizə komitəsi haqqında düşünürdüm. Ortaq prinsipləri əsas gətirməklə mükafatdan imtina etmək bu hərəkatı ehtiyac duyduğu köməkdən məhrum etmək idi. Lakin mən bu alternativi saxta hesab edirəm. Əlbəttə, iki yüz əlli min krondan nə Şərq, nə də Qərb blokuna təhkim olunmaq istəmədiyim üçün imtina edirəm. 250 min krona görə məndən, bütün yoldaşlarımın sadiq olduğu prinsiplərimdən imtina etməyi tələb etmək olmaz. Bu bəyanatı İsveç Akademiyasına qarşı rəğbətimi bildirməklə bitirmək istəyirəm”.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 01.08.2016

4334