Uinston Çörçill ilə xəyali "Brexit" müsahibəsi


“Əgər Britaniya Avropa ilə açıq dəniz arasında seçim etməli olsa, həmişə açıq dənizi seçəcək”

 Böyük Britaniya Avropa İttifaqından çıxdı. Şübhəsiz, bu 21-ci əsrin əvvəllərinin ən mühüm siyasi hadisəsi kimi tarixə düşəcək. Çünki Londonun Avropa İttifaqı ölkələri ilə yollarını ayırması, hər şeydən əvvəl, birləşmiş Avropa ideyasını zərbə altında qoymaqla, tarixin ən böyük və ən uğurlu inteqrasiya layihəsi və modelini təhlükəyə atması ilə diqqət çəkir.

 

 Avropa İttifaqı yaranandan bu yana Britaniya həmişə qurumun  möhkəmliyi baxımdan zəif bəndi sayılırdı və illər öncə ingilislərin “müstəqil və qürurlu ada dövlət” fobiyasının baş qaldıracağı ilə bağlı proqnozlar, nəhayət ki, özünü doğrultdu. İngilislər yenə fərqlənməyə üstünlük verdilər. 

Bu arada vahid Avropa ideyasının müəlliflərindən və təşviqçilərindən bir kimi, Britaniya lidelərindən olmuş Uinston Çörçilli də yaddan çıxarmaq olmaz. 1946-cı ildə Sürixdə məşhur çıxışında Çörçill kommunist rejimini bütün Avropa üçün təhlükə kimi qiymətləndirərək, “Avropa Birləşmiş Ştatları”nın yaradılmasına çağırmışdı. 70 il sonra isə, obrazlı şəkildə ifadə etsək, ingilislər ən böyük həmvətənlərinə xəyanət etdilər…

 

“Brexit”ə görə məzarında rahat ola bilməyən Çörçill dirilərək jurnalistlərlə görüşüb. Onunla baş tutan söhbəti sizə təqdim edirik.  

- Xoş gəlmisiniz. Özünüzü necə hiss edirsiniz? Yenə şalvarınızın qabağı açıqdır? 

- Bu, sizi həyəcanlandırmasın. Ölü quş yuvasından uçmaz. Həm də mən yaxşı fiziki formadayam. Çünki ömür boyu öz fiziki formalarını yaxşı saxlayan dostlarımın tez-tez tabutunu qaldırmışam. 

- Müasir dünya necədir? Gənclər ürəyinizcədir? 

- Əziyyətlə çalışan cəmiyyət üçün az iş görməklə böyük gəlir əldə etmək perspektivləri açılıb. Elm 10 milyonlarla insanı bolluq içində yaşatmaq üçün hazır vəziyyətdə dayanıb.

Gənclərə gəlincə, düşünürəm ki, qocalar yeməkdən ehtiyatlı olduqları qədər, cavanlar kitab oxumaqdan ehtiyatlanmalıdırlar. Əlinə keçəni içəri ötürmək lazım deyil. Oxuduğunu yaxşı-yaxşı çeynəmək lazımdı. 

- Bir az siyasətdən danışaq. Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına necə baxırsınız? 

- Biz Avropanın yanındayıq, lakin iç-içə deyilik. Bizim öz arzularımız və hədəflərimiz var. Biz Avropa ilə birlikdəyik, amma bizim vahid birlik olduğumuz deyilə bilməz. Biz iştirakda maraqlıyıq, qarışmaqda yox. Əgər Britaniya Avropa ilə açıq dəniz arasında seçim etməli olsa, həmişə açıq dənizi seçəcək.

Biz öz problemlərimizə göz yummaqla onlar yox olmaz. Biz beləcə oturub nə baş verəcəyini gözləməklə də bunlar yox olmaz; “yola vermək” siyasəti də bunları yox olmağa məcbur edə bilməz. Biz yubanmadan “Brexit”dən sonrakı vəziyyətin  səhmana salınmasıyla məşğul olmalıyıq və bu məsələ uzandıqca onu səhmana salmaq bir o qədər mürəkkəbləşəcək, çətinliklərimiz daha da artacaq.

Qoy heç kəs Böyük Britaniyanın qüdrətini lazımi qədər qiymətləndirməməyə çalışmasın.

 - Düşünürük ki, Kameron da elə fikirləşir. Demokratlara qarşı hər hansı bir fakt gətirə bilərsiniz?

- Seçici ilə beş dəqiqəlik söhbət demokratiyaya qarşı əsas arqumentdir. Eyni zamanda Demokratiya bərqərar olandan bizdə bir müharibə o birisini əvəz edib.

 - Deyirlər ki, “Brexit” də ABŞ-ın əli var. Amerika bu güclə hara gedir? 

- Hazırda Birləşmiş Ştatlar öz qüdrətinin ən yüksək zirvəsindədir. Amerika demokratiyası üçün bu, çox mühüm bir məqamdır. Belə ki, güc üstünlüyü müəyyən öhdəliklər yaradır və gələcəkdə məhz bu öhdəliklər üzrə hesabat vermək lazım gələcək. 

- “Vahid Rusiya” partiyası haqqında nə düşünrsünüz?

- Əgər bir it rahat ot üzərində oturursa, bu otun onun olması mənasına gəlmir. Hətta bu ot üzərində o, xeyli müddətdir uzanıbsa belə. Eyni zamanda itlər sizə altdan yuxarı baxırlar, pişiklər yuxarıdan aşağı. İndi mənə donuzu göstərin!

O, düz sizin gözünüzün içinə baxır və özünü sizinlə tay-tuş kimi aparır.

- “Xruşovka”ları, panel evləri nə edək?

 - Biz yaşadığımız evlərə forma veririk, sonra isə onlar bizi formaya salacaq.

- Deyirlər ki, siz içməyi sevirsiniz?

- Gənclikdə özüm üçün qayda qoymuşdum - nahara qədər dilimə spirtli içki vurmurdum. İndi daha gənc deyiləm, səhər yeməyinə qədər spirtli içki qəbul etmirəm.

- Digər pis vərdişiniz varmı?

 - Əgər qəzetlər yazsa ki, siqareti tərgidin. Mən qəzet almağı tərgidəcəyəm. Tütün sevgi üçün ziyanlıdı, ancaq yaş ondan da ziyanlıdı.

 

- Kofeni sevirsiz? “Starbucks”-dan içmədiyinizə görə peşman deyilsiniz ki?

- Kofe mənə görə, şəxsi içkidir. Onu konyak kimi fincanla içmək olmaz.

- Oxucularımıza nə məsləhət görərdiniz?

- Nahara heç zaman gecikməyin. Havana siqareti çəkin, təmiz konyak için. 

- Geri, o biri dünyaya getməyə hazırsınızmı? 

- Mən Yaradanla görüşə hazıram. Başqa məsələdir ki, Yaradan mənimlə görüş kimi ağır sınağa hazırdırmı?..

 (Sualların cavabları siyasətçinin məşhur müsahibələrindən götürülüb).

 

Hazırladı: Günəş Fərhadlı



Tarix: 05.07.2016

6995