Aleksandr Soljenitsın –  Nobel mükafatçısı  


“Mənim üçün inanc - insanın şəxsi həyatını möhkəmləndirməkdən savayı heç nə deyil"

Sovetlərdə dissident, Qərbdə şovinist olan Aleksandr Soljenitsın. Həm şəxsiyyəti, həm də yaradıcılığı olduqca maraqlı olan Soljenitsın müasir rus ədəbiyyatının dünya miqyasında tanınmış nümayələrindən biridir. O, 1945-ci ilin fevralında ordunun xüsusi xidmət orqanları tərəfindən cəbhədə həbs olunaraq Moskvaya, Lubyanka həbsxanasına gətirilir. Səbəb hərbi senzuranın əlinə düşmüş şəxsi yazışmaları idi. Həmin məktublarda Soljenitsın sovet rejimi və Stalin haqqında rəsmi ideologiya baxımından qəbuledilməz ifadələr işlədirdi.

Dövrün sovet reallığı üçün görünməmiş hadisə sayılan və M.Dostoyevskinin “Ölü evindən qeydlər” romanı ilə müqayisə edilən “İvan Denisoviçin bir günü” qısa müddətdə müəllifi məşhur sovet yazıçısına çevirir.

 1969-cu ildə Soljenitsının adı Nobel nominantları sırasına düşsə də, mükafat ala bilmir. 1970-ci ildə isə İsveç Akademiyası artıq dissident kimi tanınan müəllifi “böyük rus ədəbiyyatının ənənələri ilə qidalanan əsərlərinin mənəvi qüdrətinə görə” Nobelə layiq bilmişdi. Şübhəsiz, bu seçimdə Soljenitsın əsərlərinin şəksiz məziyyətləri ilə yanaşı siyasi amillərin də mühüm rolu olub. 

Əvvəlcə Soljenitsın mükafatı almaq üçün Stokholma getmək istəyirdi. Lakin sovet mətbuatında əleyhinə başlanan sərt kampaniya onu fikrindən daşındırır. Soljenitsın Nobel mükafatını yalnız 1974-cü ildə ala bilir.

1973-cü il martın 3-də Sürixdən SSRİ rəhbərliyinə göndərdiyi “Açıq məktub” Qərbdə Soljenitsınə münasibətin dəyişməsinə, onun millətçilikdə və “velikorus” şovinizmində ittiham olunmasına əsas verdi. Müəllif həmin məktubunda SSRİ-ni ləğv etməyə, ölkə ərazisində böyük rus milli dövləti qurmağa çağırırdı.

Amerikada yaşayan yazıçı daha sonra vətəninə geri qayıdır. Həyatının son illərini Moskvada və Sosnovkadakı bağ evində keçirən Soljenitsın 30 cildlik külliyatının çapa hazırlanması ilə məşğul olurdu.  Aleksandr Soljenitsın 3 avqust 2008-ci ildə vəfat edir. 

Yazıçının Almaniyanın “Şpigel” jurnalına verdiyi müsahibə sonuncu olur. Çünki o, müsahibəsini oxuya bilmədi. Yazıçı 3 avqust tarixində vəfat etdi, etrəsi günü isə onun geniş müsahibəsi dərc edildi. Həmin müsahibədən maraqlı nüansları diqqətinizə çatdırırıq.

 - 88 yaşınız olmasına baxmayaraq, yenə iş başındasınız? Nəzərə alsaq ki, evin daxilində hərəkət etməkdə çətinik çəkirsiniz. Sizə kömək olmasa tərpənə bilmirsiz. Bu qədər həvəs və güc haradandır sizdə? 

- Bu, doğulandan daxilimdə mövcuddur. Həvəslə özümü işə və mübarizəyə həsr etmişəm. 

- Mixail Qorbaçov və Yeltsin tərəfindən sizə təqdim edilən mükafatlardan imtina etsəniz də Putinin mükafatını qəbul etdiniz. Nəzərə alsaq ki, Putin sonradan vaxtında sizi izləyən və ləkələyən Federal Təhlükəsizlik xidmətinin direktoru olub. Bu, necə olur?

 - 1990-cu ildə “QULAQ arxipelaqı” kitabına görə mənə mükafat təqdim etmək istəyirdilər. Lakin şəxsən mən milyon insanın qanı hesabına yazılan kitab üçün mükafat ala bilməzdim. 1998-ci ildə daha bir əsərim Yeltsin tərəfindən mükafata layiq görüldü. Bu dəfə isə bildirdim ki, Rusiyanı məhv olmaq durumuna gətirən iqtidardan mükafat ala bilmərəm.

Hazır ki, mükafata isə iqtidar yox, cəmiyyət tərəfindən layiq görüldüm. Tərkibində ölkənin ən nüfuzlu şəxsləri olan Elm üzrə birlik tərəfindən namizədliyim irəli sürüldü və bu da birmənalı olaraq cəmiyyət tərəfindən dəstəkləndi. Qanuna uyğun olaraq qalib gələn şəxsə mükafatı ölkə lideri təqdim etməli idi. Hətta mükafatın verilməsi mərasimində çıxışım zamanı: “Ümidvaram ki, yazdığım həyat təcrübəsi ölkəmizi gələcək fəlakətlərin qorunmasına yardım edəcək”- deyə vurğuladım.

Bundan başqa, bəli, Vladimir Putin Federal Təhlükəsizlik xidmətinin zabiti olsa da nə Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) müstəntiqi, nə də “QULAQ” düşərgəsinin rəhbəri olmayıb.

 - Putinin sələflərindən fərqi nədir? 

- Qorbaçovun dövründə hakimiyyət səriştəsizliyi, təcrübəsizliyi və siyasi məsuliyyətsizliyi ilə seçilirdi. Bu, hakimiyyət deyildi. Sadəcə, ağılsız formada iqtidarın kapitulyasiyası idi. Qərbin süni gülüşü, sadəcə olaraq, vəziyyəti daha da gərginləşdirirdi.

90-cı illərdən sonra Rusiyanın özündə də hadisələr daha ağır keçdi. Ölkəni sağaltmaq üçün gərək olan mənəvi, iqtisadi məlhəm tapmaq əvəzinə, qara qüvvələr ən prinsipsiz quldurlar fürsətdən yararlanıb vəzyyəti ələ aldılar, millətin dəyərlərini maneəsiz oğurlamaqla hədsiz dərəcədə varlanıb cəmiyyətə sinizm və əxlaqsızlıq toxumu səpdilər. Bu - ümumrusiya fəlakəti idi. Bu dəyişiklikləri mən ürək ağrısı ilə yaşadım. Ancaq Qorbaçov ilk dəfə olaraq ölkə vətəndaşlarına söz azadlğı və sərbəst hərəkət etmək hüququnu verdi. 

 Yeltsinin vaxtında da vəziyyət oxşar idi. Mülkiyyətlərin özəlləşdirilməsi fonunda milli dəyərlər məhv edildi. O, regional liderlərin dəstəyini almaq istəsə də separatizmi möhkəmləndirmək üçün vüsət yaratdı, Rusiyanın dağılmasını sürətləndirdi. Eyni zamanda Rusiyanın qazandığı və layiq olduğu tarixi mövqeyini və beynəlxalq aləmdə nüfuzunu dərin zədələdi. Bu da təbii ki, Qərb tərəfindən alqışlanırdı.

Putinə ayaqları yerdən üzlümüş, dağılmış ölkə təqdim edildi. O da öz növbəsində tədricən, səbrlə dağlan divarları düzəltməyə başladı. Onun əziyyəti öncə qiymətləndirilmədi. Zaman keçdikcə onun tərəfdarlarının sayı çoxaldı. Çatışmazlıqlar olsa da reallıq göz qabağındadır.

Bütün hallarda mən Rusiyada görmək istədiyim demokratiya haqqında hələ 1990-cı ildə öz modelimi yazıb təklif etmişəm: yerli özünüidarədən başlayaraq ən yuxarılarda  ümumdövlət miqyasınadək demokratik quruluşun mərhələ-mərhələ düzənlənməsi. Bir çox Qərb ölkələrində mövcud olan yerli özünüidarə fəaliyyəti  – tam fərqli bir quruluşdur və mən həmişə öz həmvətənlərimi bu nümunədən bəhrələnməyə çağırmışam. 

 - Siz Yohann Volfqanq Gete, Şiller və Henrix Heyneni oxuyan bir şəxs kimi həmişə hesab etmisiniz ki, Almaniya Rusiyanın dünyaya açılan qapısı rolunu oynaya bilər. Necə düşünürsünüz almanlar hazırda bu rolu öz üzərinə götürə bilərmi? 

- Buna inanıram. Hər iki dövləti birləşdirən dəyərlər mövcuddur. Yoxsa onlar iki böyük dünya müharibəsindən sağ çıxa bilməzdilər. 

- Hansı alman yazıçı, şair və ya alimin sizə güclü təsiri olub?

 - Uşaqlıq və cavanlıq illərim Şiller və Getenin əsərləri ilə müşayət olunub. Daha sonra Şellinqin əsərlərinə marağım artdı. Alman musiqisi də mənim üçün qiymətsizdir. Baxsız, Bethovensiz, Şubertsiz həyatımı təsəvvür edə bilmirəm.

  - Qərbdə müasir Rusiya ədəbiyyatından heç kimi tanımırlar. Rusiya ədəbiyyatının hazırki vəziyyətini necə qiymətləndirirsiz?

  - Hazırda dövrümüzdə kardinal və sürətli dəyişikliklər baş verir. Ədəbiyyat üçünsə bu dövr elə də məhsuldar deyil. Təkcə vacib, əhəmiyyətli ədəbi əsərlər deyil xüsusi çəkisi olmayan əsərlər belə dünyanın sabitlik dövründə yazılıb. Hətta müəyyən gərginliklər olsa belə. Bu zəmində Rusiya ədəbiyyatı kənarda qala bilməz.

  Hazırda Rusiya ədəbiyyatında faktlara daha üstünlük verilir: memuar, bioqrafiya... Bütün hallarda rus ədəbiyyatı ilə digər dünya ədəbiyyatları arasında prinsipial fərqi, və ya ayrılığı isə mən görmürəm. Çünki realizm ənənəsi öz daxilində təkcə realistcəsinə rəvayət söyləmək üslubunu ehtiva etmir, başqa üsul və formaları da nəzərdə tutur, təki onlar real hadisələri olduğu kimi qavramaqda oxucuya kömək etsin.

Düşünürəm ki, vicdan və həqiqət duyğuları Rusiya ədəbiyyatının mayasında qalacaq. Və bu qorunan dəyərlər dərin düşüncəmizə və ruhumuzun inkişafına təsir edəcək.   

 - İnanc sizin üçün nədir?

 - Mənim üçün inanc - insanın şəxsi həyatını möhkəmləndirməkdən savayı heç nə deyil. 

- Ölümdən qorxursunuz? 

- Çoxdandır ki, ölüm qarşısında heç bir qorxu hiss etmirəm. Cavan yaşlarımda atam dünyasını dəyişdi. Mən yalnız ədəbiyyat sahəsində görə bilməyəcəyim işlərə görə narahat oldum. Daha sonra 30-40 yaşlarımda ölüm məhvumunu çox rahat qarşılayırdım. Ölümü adi qarşılayıram.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 01.07.2016

3573