Albert Kamyu – Nobel mükafatçısı


“Ölümdən yayınmağın bir yolu da böyük ideyların uğrunda yaşamaqdan keçir”

Onu  “Qərbin vicdanı” adlandırırlar. Albert Kamyu yazıçı-filosof, ekzistensializm cərəyanının nümayəndəsi, dramaturq və tənqidçi. Əsərlərində insan və cəmiyyət arasında qaçılmaz olan yadlaşmanın, özgələşmənin fəlsəfi-psixoloji səbəb və nəticələrini dünyaya nümayiş etdirən mütəfəkkir.

Albert Kamyu 1957-ci ildə “insan vicdanının həlledici rolunu aşkara çıxarmaq istiqamətində ədəbiyyata verdiyi mühüm töhfəyə görə” Nobel mükafatı aldı. O, qısa Nobel mühazirəsində bütün bəşəri yaradıcılığı  bu iki kəlmə ilə ifadə etdi: “Ağ yalandan qaçmaq və zülmə qarşı mübarizə aparmaq!”

Onun öz əsərlərində qoyduğu suallara özünün verdiyi cavabları təqdim edirik.

 - Ölüm probleminə təkrar qayıtmağınızın səbəbi nədir?

- Ölüm haqqında hər şey deyilib. Ədəb qaydalarına əsasən burada patetik tonun qorunması tələb olunur. Qəribədir ki, hər kəs heç nə bilmirmiş kimi yaşayır. Biz gələcəkdə yaşayırıq - sabah, sonra , vaxtım olduğunda, böyüdükcə anlayacaqsan. Bütün hallarda sonda ölüm gəlir.

Bizim yaşama vərdişimiz  düşüncəmizdən daha əvvəl formalaşır. Ölüm zamanımız çatana qədər bədənimiz bu vərdişləri qoruyur.

- Lakin bəzən insanın gözü açılır.

- Bəli. Amma insan həyatının dekorasiyası budur: səhər oyandı, 4 saat sonra avtobusla zavoda gedəcək, nahar. Daha dörd saat iş, şam yeməyi və yuxu. Bütün həftə eyni ritmdə. Bir gün “nəyə görə” sualı meydana çıxır. Lakin dünya bütün bu illüziyaları itirərsə insan özünü bu dünyada yad hiss edəcək. Bu, çarəsiz bir sürgünlük kimidir. Çünki sən uzaq bir ölkənin xatirələrindən və ya yeni ölkə ilə bağlı ümidlərdən məhrumsan.

İnsan və onun həyatı arasındakı uçurum, aktyorla dekorasiya arasındakı kontrasa bənzəyir. Bu da absurd təsir bağışlayır. Nə vaxtsa intihar haqqında düşünmüş bütün insanlar bu duyğu ilə yoxolma istəyi arasında birbaşa əlaqə olduğunu asanlıqla etiraf edirlər.

Eyni zamanda insan dünyanın irrasionallığı ilə toqquşur. Hiss edir ki, xoşbəxtlik və ağıllı olmağı arzu edir. Bu toqquşmada insanın həvəsi ilə dünyanın ağılsız susmağı arasında absurd yaranır. İntellektlik baxımından deyə bilərəm ki, absurd nə insanda nə də dünyadadır. Onların birlikdə olmağındadır. Darıxmaq əqli oyandırır.

- Absurd bizi ölümə aparırmı?

- Bu sual məntiq tələb edir və bu isə heç də asan deyil. Məsələlərə məntiqlə yanaşmaq elə də çətin deyil. Lakin məntiqi yanaşmanı axıra qədər qorumaq mümkünsüzdür. Özünə qəsd edən insanlar məntiqsiz formada duyğularının izinə düşüb gedirlər.

 

 Bəs məntiqlə intihar etmək mümkündürmü? Bunu mən yalnız xaotik bir ehtirasdan qurtularaq və öz həqiqətimin işiğında mühakimələr yürüdərək bilə bilərəm. Mən bunu absurd düşüncə adlandırıram.

 

 Dözüm və açıq fikirlilik  absurdun, ümidin və ölümün iştirak etdikləri bu absud və insanlıqdan uzaq tamaşanın seyrinə dalmalıdır. Bu zaman ağıl öz həyatını qurban vermədən bu tamaşanı analiz etməyə macal tapacaq.

 

- Gələcəyi düşünmək necə?

- Sabah haqqında düşünmək azadlığa olan inam yaradır. Düşünürəm ki, azadlıqdan ötəsi yoxdur. Ən yüksək pillə azadlıqdır. Ölüm bütün oyunların sonudur. Olacağı uzatmaq üçün azadlığım yoxdur. Boşluq illuziyamı inkişaf etdirdi: sabah yoxdur. Bundan sonra bu azadlığımın təməlidir.

- Ölümü gətirən azadlıq?

- Tam olaraq belədir. Həqiqət və heyrət arasında balans yarandıqda biz emosiyaya və aydınlığa çatırıq.

- Hamı üçün intihar qapılarını açıq qoymaq daha rahat olmaz ki?

- Gəlin hər şeyi böyütməyək. İnsanı həyata bağlayan bağlar bütün bu məhrumiyyətlərdən daha güclüdür. Bədənin verdiyi qərar ağlın qərarından heç də az əhəmiyyətli deyil. Biz hər zaman gələcəyin dəyişəcəyi ümidi ilə yaşayırıq. Bu zəmində ölümdən yayınırıq. Və yaxud ölümdən yayınmağın digər yolu böyük ideyların uğrunda yaşamaqdan keçir.

Bilirisiniz, özünü öldürmək həyatın sona çatdığını etiraf etməkdir. Sadə dillə desək intihar sadəcə, etirafdır: “Yaşamağa dəyməz”. Həyat, həqiqətən də, çətindir. Biz bizdən tələb olunan davranışlar göstəririk. Bunun isə müxtəlif səbəbləri var: ən başlıcası isə alışqanlıqdır. İntihar etmək instinktiv olsa da, alışqanlıqların gülünc mahiyyətini, yaşamaq üçün artıq səbəbin olmadığını, dərd çəkməyin əhəmiyyət kəsb etmədiyini dərk etməkdir. Burada hər şey kartlarımızı qatışdırır.

Senankuranın kitabında olan qəhramanlardan birinin işlətdiyi cümləni xatırlatmaq istəyirəm: “İnsan ölümlüdürmü? Ola bilər. Lakin gəlin müqavimət göstərərək ölək. Əgər bizim sonumuz çatırsa bunun ədalətli olması ilə razılaşaq”.

- Sovetlərin dövründə mövcud olan “ölümə qalib gəlmək” ideyasına müansibətiniz necədir?

- Bu, susuzluğunu yatırmaq üçün insanların şəxsiyyətini təbii şirə kimi çəkən bir imperial arzudur. Şəxsiyyətlər imperiyanın düşmənidir. İmperiyada hər şey hesablanıb. İnsan - xarici qüvvələrin oyuncağı olaraq rasional idarə olunur.

 

Məhz buna görə, imperiyada özünü günahkar bilən şəxsləri hər kəsin gözü qarşısında edam edirlər və ya hökm çıxarırlar. Çünki bu imperiyanın maraqlarına tam uyğundur. Stalin dövründə baş verən prosesləri xatırlayın. 

Hazırladı: Günəş Fərhadlı



Tarix: 20.06.2016

5584