Qafar Şövqi - Satira


Məst olaq imanımızın ətrinə. Nəfsimizin hörməti nə, qədri nə? Dəyməmək üçün bəşərin xətrinə Şeytana-şeytan deməyə qorxuruq.

  

Alqışlaya-alqışlaya

 

Atlar ölübdür, deyəsən birdəfəlik vermişik,

İtlərə meydanları alqışlaya-alqışlaya.

 

Susdururuq şöhrətə candan da keçən kəsləri

Basdırırıq canları alqışlaya-alqışlaya.

 

Biz canı hər təhlükədən arxayın etməkdəyik.

Cangüdən oğlanları alqışla-alqışlaya.

 

Tərif elə güllədi qəlbin qapısından keçir.

"Öldürün insanları alqışlaya-alqışlaya".

 

Biz Qarabağçun yazılan replə də rəqs eylədik.

Bardakı cananları alqışlaya-alqışlaya.

 

Bizdə olan düzləri heç düz kimi də bilmirik.

Sizdəki nöqsanları alqışlaya-alqışlaya.

 

Özümüzü hər cürnə nökərliklə barışdırmışıq.

Şahları, sultanları alqışlaya-alqışlaya.

 

Şeirimi hər kütlə içində demirəm, qorxuram.

Əldən axar qanları alqışlaya-alqışlaya.

  

 

Qorxuruq

 

Şövq ilə canan deməyə qorxuruq.

Biz canı qurban deməyə qorxuruq.

 

Dəhridə bir yönlü və bir yanlıyıq.

Tarixə baxma ürəyi qanlıyıq.

Dəhşətə bax, azəribaycanlıyıq,

Azəribaycan deməyə qorxuruq.

 

Hər nə edib, qorxulu sevda edib.

Qorxu da sevdamızı bərpa edib.

Qorxu müsəlmanda təcəlla edib.

Qorxma, müsəlman, deməyə qorxuruq.

 

Gəl sənə minnətdar olaq ay lələ.

Sən də səxavət sözünü ləğv elə.

Min manat eyş-işrətə versək belə.

Bir manat ehsan deməyə qorxuruq.

 

Aşkar işi sirr bilən insanların,

Məddahı şair bilən insanların,

Tərifi təhqir bilən insanların

Şəninə dastan deməyə qorxuruq.

 

Məst olaq imanımızın ətrinə.

Nəfsimizin hörməti nə, qədri nə?

Dəyməmək üçün bəşərin xətrinə

Şeytana-şeytan deməyə qorxuruq.

 

Göylər özün yerdə görəndən sora.

Geylərə meydanı verəndən sora.

Qap-qara dünya göyərəndən sora.

Mavidir ekran deməyə qorxuruq.

 

Şövqi, yalanla aramız yox kəsin.

Bizdə yalan varsa, yalan neyləsin?

Tanrı doğrudan bizi əfv eyləsin. 

Haqqı, doğrudan, deməyə qorxuruq.



Tarix: 13.06.2016

5215