Üzeyir Hacıbəyov Ramazan ayında ibadət


"Hә gözünә dönüm" - deyib, intizar çәkirәm. İspiçkәnin çöpünü dirәmişәm qutusunun qarasına. Elә "Allahu әkbәr!". deyәn kimi ispiçkә alışır.

 Azana bir beş dәqiqә qalmış harada olsam qayıdıram evә vә ev adamlarını xәbәrdar edirәm ki, mәnim sәmtimә dolanmasınlar. Çünki at arpasının vaxtı yetişәndә şıllaqcıl olan kimi, mәnim dә papirosumun vaxtı yetişir, nervinni oluram.

 

Bәdәzon uşaqlara deyirәm ki, mәnim papirosqabımı yanıma gәtirsinlәr. Orucluq günlәri papirosqabını cibimdә saxlamıram, çünki bir kәrә yadımdan çıxıb qәflәtәn papiros çәkmişәm vә bir kәrә özümü bilmәmәzliyә vurub qәsdәn çәkmişәm. Ona görә, "göz görmәsә, könül sevmәz" mәsәlinә müvafiq papirosqabını evdә qoyuram.

Qәrәz, papirosqabını alıb, kәmali-dәsgah ilә bir dәnә papiros hazırlayıram vә ispiçkәni dә әldә hazır tutub müntәzir oluram azana. Uşaqlara tapşırıram ki, sәs-küy salmasınlar, yoxsa azanı eşitmәrәm. Bәli, papiros ağzımda, ispiçkәnin çöpü sağ әlimdә vә qutusu sol әlimdә, gözlәrimi dirәmişәm mәscidimizin minarәsinә. Bir dә baxıram ki, müәzzin minarәdә nümayan oldu.

"Hә gözünә dönüm" - deyib, intizar çәkirәm. İspiçkәnin çöpünü dirәmişәm qutusunun qarasına. Elә "Allahu әkbәr!". deyәn kimi ispiçkә alışır. Hә demisәn, papirosa bir qullab. Tütün beynimin hәr yerini dolanıb, burnumun iki deşiyindәn üzü aşağı fantan elәyir. Keyf vurur başıma, gözlәr qaralır, әl-ayağım titrәyir.... Papirosumu qurtarıb, gәlirәm süfrәnin başına. Papiros iştahamı küsdürübdür, çox yeyә bilmirәm.

Әvvәlcә orucumu iki dәnә xurma ilә açıram (papiros heç). Ondan sonra iki istәkan salma çayı pendir-çörәklә yeyib, әrkәk әtin kababını tәnavül edirәm. Üç şişdәn artıq yemәyib, özümü saxlayıram düşbәrәyә. Ancaq düşbәrәdәn qabaq dolma var. Dolmadan yeyә bilmirәm, çünki әtri burnumu qıdıqlayır, bir boşqab dolma kifayәt edir. Ondan sonra yağla baldan bir yaxmac qayırıb, yeyә-yeyә әmr edirәm ki, düşbәrәni gәtirsinlәr. Düşbәrә gәlib meydana qoyulunca, qaysı qovurmasından bir beş tikә alıram, sonra düşürәm güşbәrәnin üstünә (amma heyf ki, papiros iştahamı pozubdur). Düşbәrә kimi lәzzәtli şeydәn beş boşqabdan artıq yeyә bilmirәm: Süfrә yığışılmaqdan qabaq bir qәdәr dә meyvәcat yeyilir, bunların üstündәn bir istәkan tünd çay içib, bir saz papirosla iftar qurtarır.

İndi gәrәk namaz qılam. Amma di gәl ki, belә tәnbәllәşmişәm ki, heç yerimdәn tәrpәnmәk istәmirәm. Bir az fikirlәşirәm. Bir dә bir papiros çәkirәm. Amma yenә dә namaz dәrdi alıb canımı. Qılmasam da olmaz. Çünki axundun özündәn eşitmişәm ki, orucluq günü oruc tutub, namaz qılmayan şәxs bәnzәr bir eşşәyә ki, tövlәyә salıb, әlәf vә susuz saxlayırsan. Eşşәk olmaq istәmәyib, ayağa qalxıram. Dәstәmaz alıb, namaza başlayıram.

Namaz qurtarandan sonra elә bil ki, bir qaya üstümdәn götürülür. İndi gәrәk bir qәdәr ramazan duası oxunsun. Sözün doğrusu, çox ağırlaşmışam vә yuxu da gözümdәn tökülür. Olmur. Yatıram. Obaşdan açılır, azan çәkilir. Yuxudan ayılıb, obaşdan elәyirәm. Cücәli xörәkdәn bir nimçә o ki var yeyib, üstündәn dә beş istәkan çay içirәm ki, sәhәr susamayım. Ondan papiros çәkә-çәkә yatıram vә ayılıb durub, sübh namazının qәzasını qılıram. Әhvalıma baxıb görürәm ki, heç alış-veriş elәyә bilmәyәcәyәm. Yuxum gәlir, yatıram. Azana bir qәdәr qalmış durub, şәhәrә çıxıram. O qәdәr dolanıram ki, beş dәqiqә qalmış olur. O halda evә qayıdıb, fövqdә zikr etdiyim qәrar üzrә ibadәtә mәşğul oluram.

 

- Allah әcr versin!



Tarix: 10.06.2016

4395