Qafar Şövqi - satira


Mən sünnini, sən şiəni söy, ay bərəkallah. Yad baxsa qırağdan, deyəcək fitnə düzəldi.

 

Düzəldi  

 

 Harda görünüb ki, sürünən kölgə düzəldi, 

Axmaq kişi, neyçün soruşursan nə düzəldi.

 

Sən mollalıq etdin, de görüm hansı əsasla?

Qatdın yenə mənlikdəki şənliyimizi yasla.

Mındarlar üçün moizə lazım deyil əsla.

"Dindarlar" üçün moizə et, bəlkə düzəldi.

 

Hikmət budu ki, bizdə də, hikmətli elm var.

Hikmətlini hikmətsiz edən yurdum, elim var.

Hikmətli sözüm bir yana, qüdrətli əlim var.

Əhsən mənə, vurdum kimə bir şillə, düzəldi.

 

Yatmaqda da yoxdur bizə heç tay,bərəkallah.

Yadlar bizə daim dedi laylay, bərəkallah.

Mən sünnini, sən şiəni söy, ay bərəkallah.

Yad baxsa qırağdan, deyəcək fitnə düzəldi.

 

Zahirmizi yandırmadı daxildəki yanğın?

Girdik neçə roldan-rola biz xisləti çılğın.

Afristlərə imkan yaradırlar, gözün aydın.

Artistlərə bir-bir xəbər et, səhnə düzəldi.

 

Vaxtında dəyişdik, quzu gördük, kələ olduq.

Səssiz təbiətdən yana bir zəlzələ olduq.

Sizdən baxıb ibrət götürüb biz, belə olduq.

Bizdən baxıb ibrət götürüb, özgə düzəldi.

 

İlk nöqtəni qoymağda tərəddüd nahaq etdim.

Üç nöqtəlik əşarı özümdən uzaq etdim.

Son nöqtəni qoymaq asan oldu, calaq etdim,

Üç kəlməni dörd kəlməyə bir cümlə düzəldi.

 

"Sifariş verir"

 

Dərdli adamlar yatıb, dərddən edir imtina.

Dərdsiz adamlar durub, dərdə sifariş verir.

 

Göylə gedən bir kişi, toy qurur övladına.

Göylərin ulduzların, yerdə sifariş verir.

 

Qonşuya çatmaq üçün, qeyd eləyir dəftərə

Arvad öz istəklərin, ər də sifariş verir.

 

Qız itirir qızlığın, toy gününə az qalıb.

Birbaşa "Kapsella"dan, pərdə sifariş verir.

 

Ovçu qudurmuş daha, ormana qoymur qədəm.

Sürməli ceyranları, tirdə sifariş verir.

 

Mərhumun ənvatına, çək salavat, ağlama.

Molla xeyir günləri, şərdə sifariş verir.

 

Qonşumuz "imanlıdı", şərt kəsir Allah ilə.

Evdə itirdiklərin, pirdə sifariş verir.

 

Tülkü deyir ki düşüb, könlümə insan əti.

Səsləyir insanları, şir də, sifariş verir.

 

Şövqi, sözün şilləsi, təsir edir çoxsuna.

Kim ki görür ləzzətin, bir də sifariş verir.



Tarix: 31.05.2016

4973