“Sartrın, Kamyunun yaradıcılığı tamamilə yararsızdır, boğazdan yuxarıdır”


Klod Simon Nobel mükafatçısı  

 

Anasının tələbi ilə dini təhsil almasına baxmayaraq, sonradan ateist olan, rəssam, fotoqraf, İkinci Dünya müharibəsinin iştirakçısı və ən nəhayət, Fransa ədəbiyyatının görkəmli nümayəndəsi Klod Simon 1913-cü ilin 10 oktyabr tarixində hərbçi ailəsində anadan olub.

 

On bir yaşında ikən xərçəng xəstəliyi ucbatından anasını itirən Klodun tərbiyəsinə nənəsi nəzarət edib.

Barselonada Frankoya qarşı respublikaçılar tərəfindən vuruşan yazıçı İkinci Dünya müharibəsində də iştirak edir, almanlara əsir düşür. Əsirlikdən qaçan Simon sonradan fransızlardan ibarət olan özünümüdafiə qüvvələrinə qoşulur.

Müharibədən sonra ədəbi yaradıcılıqla məşğul olur. “Gözəlliyi və poetik başlanğıcları özündə birləşdirən yaradıcılıq qabiliyyətinə görə” - Nobel mükafatı alıb.

2005-ci ildə Parisdə vəfat edir və Monmartr qəbiristanlığında dəfn edilib.

 

Yazıçının ayrı-ayrı dərgilərə verdiyi müsahiblərindən seçmələri sizə təqdim edirik.

 

- Siz uşaqlığınızın xoşbəxt keçdiyini təsvir etmisiniz. Ata və anasını erkən itirən uşaq üçün bu çətin deyildi? 

- Atam 1914-ci ildə I dünya müharibəsində öldürülüb. Anamı isə 11 yaşım olanda itirdim. Bundan sonra məni sərt nizam-intizamı olan dini məktəbə göndərdilər. Yetim qalmağıma baxmayaraq əmi, bibi və xalalarımın sevgisi uşaqlığımın xoşbəxt keçməsinə bəs etdi. 

- Bu məktəbin sizə emosional və intellektual mənada hər hansı bir təsiri oldumu? 

- Anam dindar olduğu üçün dini “Stanislas” kollecinə getməyimi istəyirdi. Təsirinə gəlincə isə ateist oldum. Kitablarımda da bu açıq-aydın görünür.

Orada müəyyən qədər təhsil aldım. Lakin Fransada praktik olaraq sənə vacib olan şəxslərin həyatını və ədəbi yaradıcılığını anlatmırdılar. Məsələn, məni məcbur edirdilər ki, Korneyanın şeirlərini əzbərləyim. Halbuki Nikola Pussena daha vacib şəxsiyyət idi.

 

 - Siz İspaniyada vətəndaş müharibəsi zamanı respublikaçılar tərəfindən vuruşurdunuz. Lakin sonradan məyus olub onlardan uzaqlaşdınız. Niyə? 

- Mən döyüşmürdüm. Dünyada səhnələşdirilən komediya teatrının aktyoru yox, tamaşaçısı olmaq üçün 1936-ci ildə Barselonaya gəldim. Rene Dekart kimi. Hərbi iş onu qətiyyən maraqlandırmırdı, atışmadan kənarda dayanırdı. Dekart, sadəcə, qarşısındakı komediya səhnəsini izlədiyini qeyd edir, müharibənin tamaşaçısı olmaq istədiyini dilə gətirirdi. 

İspaniyada gedən vətəndaş müharibəsinin ən təəssüfedici vəziyyəti ondan ibarət idi ki, ortada eqoist motivlər mövcud idi. Tərəflərin boş sözləri gələcək üçün heç nə vəd etmirdi. Lakin münaqişənin böyüklüyü və ölənlərin sayının çox olması komediyadan ötəri olmuşdu. Respublikaçılara olan sevgim və baş verənləri öz gözümlə görmək istəyim bura gəlməyimə əsas səbəb oldu.

 - Həyatınızda bir neçə dəfə bəxtiniz gətirib ölümdən dönmüsünüz. Hətta atanızın öldüyü meydanda sizi almanlar əsir götürüb. Lakin 6 aydan sonra əsirlikdən qaçaraq özünümüdafiə qüvvələrinə yardım etmisiniz. Bəxtiniz irsidir? 

- Ömrüm boyu inanılmaz uğur yol yoldaşım olub. Hamısını desəm çox vaxt aparar. Lakin bu epizod heç zaman yadımdan çıxmır. 1940-cı ilin mayında eskadronum almanların pusqusuna düşdü. Döyüş vaxtı axmaq bir əmr verildi: “Cəld hücuma keçin”. Hər kəs tələsik atlara mindiyi zaman mən atımı ram edib minə bilmədim. Mindiyim zaman bütün süvarilərin güllələnərək öldüyünü gördüm.  Ətrafımda ancaq cəsədlər vardı. Ölü ərazidə olduğum üçün almanlar ora diqqət etmirdi. 

- Bəs əsirlikdən necə qaçdınız? 

- Almanların əsirləri qışın soyuğuna görə müxtəlif düşərgələrə göndərdikləri qatara düşə bildim. Gündüz vaxtı iki mühafizəçinin arasından qaçaraq meşəyə getdim. Daha sonra özünümüdafiə qüvvələrinə qoşuldum. 

- İlk dəfə nə zaman yazmağa başladınız? 

- Düzünü desəm, dəqiq xatırlamıram. Hərbi xidmət dövründə idi səhv etmirəmsə. 

- “Bizim dünya baxışlarımız dəyişdirilib və tam deyil. Yaddaşımız seçicidir... Yazıçılıq baxışları dəyişdirir, seçimləri həmçinin...” Bu sizin sözləridir... Bu qədər dərin.. 

- Deməzdim. Sadəcə olaraq, həzz üçün, nəsə etmək üçün və ən əsası da oxucular üçün yazıram. Görünən odur ki, bu əziyyətim hədər deyil. Hazırda bir çox ölkələrdə minlərlə oxucum var.

 - Sartr və Kamyu yaradıcılığının sizə təsiri olubmu? 

- Düşünürəm ki, onların yaradıcılığı tamamilə yararsızdır. Onların əsərləri, sadəcə, boğazdan yuxarıdır. Təsirə gəlincə Dostoyevski, Çexov, Coys , Prust və Folknerin adını desək, daha uyğun olar. 

- Coys , Prust və Folknerin adını çəkdiniz. Lakin bəzi tənqidçilər sizi imitator hesab edir. 

- Axmaq və qəzəbli məqalələr yazan şəxslərin düşüncələri mənə maraqlı deyil. Əgər mən onlara fikir versəydim, Nobel mükafatını ala bilməzdim. Çünki bir çox tənqidçilər tənqid etdikləri kitabların heç vərəqlərini belə açıb oxumayıblar. 

- “XIX əsrin realizmi darıxdırıcıdır”. Bu da sizin fikrinizidir. 

- Reallığın özü qədər real heç nə yoxdur. Bundan kənar daha real və düzgün cəbr ola bilər. Ədəbiyyatın “realist məktəb” adlanan cərəyanının nümayəndələri özlərindən əvvəlkilərdən daha realist olduqlarını iddia edirlər. Kim bilir, əsl reallıq necədir? 

“Həyat həqiqətinin bədii yaradıcılığın bu və ya digər növünə məxsus spesifik təsvir vasitələrilə əks etdirilməsi” fikri ilə yekunlaşmaq lazım deyil. Məsələn, mən yazıda öz üslubumu seçməmişəm. Bacardığım kimi yazıram. 

- Necə işləyirsiniz? 

- Romanı diyircəkli qələmlə yazdıqdan sonra çap maşınına köçürürəm. Kitablarım çətinliklə ərsəyə gəlir. İfadələrim addım-addım formalaşır, yazılır-silinir. Odur ki, çap maşını sonda istifadə edilir.

Nahardan sonra axşam saat 8-ə qədər işləyirəm. Səhər insanın ruhu durğun olur. Günorta isə insan beyni tam fəaliyyətdə olur. Həm də mədənin tox olması beyni gücləndirir.  

İşlədiyim zaman sözlərlə müharibəyə başlayıram. Bəzən sözlər və hərflər qarşımda olur. Onları vərəqə köçürərək təslim edirəm. Məğlub etmək isə mümkün deyil. Çünki hər saniyə, hər dəqiqə bir söz yazırsan. Bu, sanki, saysız əsgərə malik ordudur.  

Roman yazmağa başladığım zaman onun sonunu əvvəlcədən görə bilmirəm. Çünki fikrimə yeni ideyalar gəlir. “Qəhrəmanlar hərəkətlərini özü diktə edir” - deyən bəzi zəifdüşüncəli roman yazarlarından fərqli olaraq mən düşünürəm ki, sözlər fasiləsiz olaraq yeni üfüqlər açır. 

Müsahibələrimin birində dediyim kimi: “Roman özü yazılır, mən onu yazıram, o da məni”. 

- Ən xoşbəxt halınız nə zaman olub? 

- Çox və müxtəlif formada. Sevgi və seksual həyatda, yaxşı kitab oxuyanda. Prust hər zaman məni sevindirir. Rəsm əsərinə diqqətlə baxıb yeni-yeni ideyalar icad edəndə, zövqverici heykəl görəndə, musiqiyə qulaq asanda. Bu siyahını uzatmaq olar.

 Düşünürəm ki, həyatımda ən xoşbəxt halım əsir saxlanıldığım həbsxanadan qaçanda olub. 

Ölümdən qaçmışam. İnsan nə qədər reallığı qəbul etsə də ölümdən qorxur. İntihar edən şəxs belə öldüyü zaman yaşamaq istəyir. Bu instinktdir. 

 - Əsərlərinizdə mütəmadi olaraq ölümün qaçılmaz, həyatın isə mənasız olduğunu vurğulayırsınız. Əgər həyat bu cürdürsə nəyə görə bu haqda yazırsız? 

- Andre Malro deyirdi: “İnsan ölümün qaçılmaz olduğunu dərk edən yeganə heyvandır”. Həyat bir o qədər mənasız deyil. Bəlkə də, buna görə onu qiymətləndirmək lazımdır. 

Nəyə görə, yazıram? Yazmaq və yaratmaq üçün. Semuel Bekketin dediyi kimi : “Mən yalnız buna yarıyıram”. 

Hətta bəzən həyat çətin, həsrət və çətinliklə dolu olsa belə bir nünası dərhal xatırlayıram: müharibədə döyüşmüşəm, əsir götürüblər məni, ac qalmışam, məcburi işlədiblər, ağır xəstəliyə tutulmuşam və s. Lakin düşünürəm ki, bütün pisliklərlə yanaşı həyatımda xoş və sevinc bəxş edən günlərimin də sayı az deyil. 

- Lap yaxşı. Bəs yazıçının cəmiyyətdəki rolu nədir? 

- Dünyanı dəyişmək. Hər dəfə istər yazçı istərsə də rəssam bu və ya digər yolla yeni bir söz deyirsə dünya dəyişir. “Təbiət incəsənətdən ilhamlanır” deyirdi Oskar Uald. 

  - Siz milli və beynəlxalq siyasətlə maraqlanırsınız? 

- Siyasət mənə maraqlı olsa da can atmıram. Hazırda siyasət iqtisadi amillərlə idarə edilir.

 

- Romanlarınız nəşr olunduqdan sonra oxyursunuz?

 

- Xeyr. 

 - Gələcək planlarınız nədir? 

 

 - Heç nə. Yaşım buna imkan vermir. Yalnız cari planlar qururam. Çünki sabah ölə bilərəm. Çalışıram ki, yazı qabiliyyətimi itirməyim. 

 

Hazırladı: Günəş Fərhadlı



Tarix: 26.05.2016

4153