Qafar Şövqü


Kimi dindir özünü cənnəti-məvada görür Bəs cəhənnəmdə ümumən, neçə insan olacaq?

İmkan olacaq?

 

Denən ay molla, o dünyada nə cövlan olacaq?
De görək, orda şeir yazmağa imkan olacaq?

***
Kimi zatən kor ərəbdir, bizi səhrada görür.
Kimi ancaq özünü xalisi sevdada görür.
Kimi dindir özünü cənnəti-məvada görür
Bəs cəhənnəmdə ümumən, neçə insan olacaq?
***
Biz ki, imanımızı dollara satdıq, məşədi.
Günahi özgəsinin boynuna atdıq, məşədi.
Mollanın söhbətinə qaldısa, batdıq məşədi.
Deyir orda bizə hər eybimiz elan olacaq.
***
Çörək üstündə çoxu öldü-yarımcan oldu.
Bizi un tək üyüdənlər bizə heyran oldu.
Həmisə köhnə ələk, tazə dəyirman oldu.
Bu səfər tazə ələk, köhnə dəyirman olacaq.
***
Bu bizim molla tutur hər iki mənada xeyir.
Sanki cənnətdədir, ayran vurur, aşdan da yeyir.
Ona siz yaxşı baxın, çünki bizim molla deyir
Sizin imdadımıza tək çatan ehsan olacaq.
***
Şövqi, ta qəlbimizə ox nədir, həsrət də keçib.
Qalmışıq arxada sevda da, məhəbbət də keçib.
Biz dedik ömrümüzün hər anı zillətdə keçib.
Bəxtəvərsiz dedilər, ölmünüz asan olacaq.

 

 

 Ya Mədət 

 

Bizlər ona büt yapırıq, ya mədət!

Xeyirə cala, xeyir aparaq, ya mədət!

 

Halımızı sorma a Vahid dədə.

Eynidi cahildə də, abiddə də.

Kilsədə də, evdə də, məsciddə də

Büt gəzirik, büt tapırıq ya mədət!

***

Canlıların xətrinə qəsdən dəyib,

Cansıza baş əyməyimizdir eyib.

Varlıya, dövlətliyə can söyləyib.

Yoxsulu ittək qapırıq, ya mədət.

***

Göz dikilibdir gecə-gündüz yola.

Yol bizə həsrətlə baxır, biz yola.

Hansı tərəfdən gəlirik düz yola?

Hansı tərəfdən sapırıq, ya mədət?

***

At cavan olsa daha qüvvətlidir

Bəs qoca atlar niyə hörmətlidir?

Öz atımız tısbağa sürətlidir.

Özgə atın tez çapırıq, ya mədət.

***

Vəhdətin uğrunda barışdır bizi.

Al abugərdən(i)ni, qarışdır bizi.

Sən ha tüpürcəklə yapışdır bizi

 

Biz yenə bizdən qopuruq, ya mədət.



Tarix: 23.05.2016

4095