
“Afrikada kasıblıq miras kimi ötürülür”
20 noyabr 1923-cü ildə Yohannesburq yaxınlığındakı balaca şaxtaçılar qəsəbəsində zərgər ailəsində bir uşaq dünyaya göz açdı. Doqquz yaşı olanda yazmağa başladı. 16 yaşı olanda Yohannesburqdə çıxan “Forum” dərgisi onun “Sabah yenə gəl” adlı novellasını çap etdi.
Bə gələcəyin məşhur Afrika yazıçısı Nadin Qordimer idi.
1940-50-ci illərdə CAR-da aparteid bərqərar oldu, irqi diskriminasiya artdı, dərisinin rəngi müxtəlif olan insanların bir-birilə ailə qurmaları qadağan olundu. Ölkədəki vəziyyət yaradıcı ziyalı təbəqə üçün dözülməz olmuşdu. Mopassanın, Heminqueyin və Folknerin 12 min kitabı qadağan olunaraq yandırılmışdı, əksər yazıçılar ölkəni tərk etməyə məcbur oldular.
Qordimer Cənubi Afrikada aparteid rejiminə son qoyan və hazırda hakimiyyətdə olan Afrika Milli Konqresi Partiyasının fəalı idi. O, Nobel mükafatına 1991-ci ildə layiq görülmüşdü. Bu, o vaxtlar idi ki, dünya Cənubi Afrikada baş verən dəyişiklikləri həyəcanla izləyirdi.
Qordimer 1994-cü ildə hakimiyyətə gələn partiyasını da sərt tənqid edirdi. O, Afrika Milli Konqresinin dəstəyilə qəbul edilən və dövlət sirlərinin dərcinə görə məsuliyyət nəzərdə tutan qanunu pisləyir, bunun jurnalistlər üçün tələ olduğunu bildirir, partiyanın qurduğu hökumətin QİÇS böhranı ilə mübarizəsinin iflasa uğradığını deyirdi.
Qordimerin “Təsadüfi sevgi” romanının qəhrəmanı da dünyanın qəddarlığı ucbatından qaçıb ətrafdan təcrid olunmuş şəxsi həyatına sığınır. Bu əsərin nəşri uzun illər boyu CAR-da qadağan edilir.
“İtirilmiş burjua aləmciyi” romanı isə Qordimerin tənhalıq və dünyadan təcrid vəziyyətini tam dolğunluğu ilə əks etdirirdi. Bir müddət bu romana da CAR hökuməti qadağa qoymuşdu. “Hörmətli qonaq” və “Mühafizəçi” romanlarında Qordimer daha pessimistdir, onun tərki-dünyalığı daha artıq nəzərə çarpır.
1991-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı “ədəbi yaradıcılığa görə” Nadin Qordimerə təqdim olundu. Qordimerə Nobel mükafatı təqdim olunandan sonra o, “Sıçrayış” adlı hekayələr toplusu yazdı. Bu hekayələrdə yazıçının sevimli mövzuları öz əksini tapmışdı.
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Nadin Qordimer 13 iyul 2014-cü ildə Yohannesburqda dünyasını dəyişib. Onun hekayələri, məqalələri və romanları müxtəlif ədəbiyyat mükafatlarına layiq görülüb, dünyanın 25 dilinə tərcümə olunub.
Yazıçının “New Statesman” dərgisinə verdiyi müsahibəni təqdim edirik.
- CAR-da bu qədər güclü zorakılığın səbəbi nədir?
- Əsas səbəb əhalinin kasıb və varlı təbəqəsi arasında mövcud olan dərin uçrumdur. Kasıb əhali normal həyat uğrunda mübarizə apardığı təqdirdə digər hissə varlanmağa doğru gedir. Yəni kasıblıq mirasla ötürülür.
Lakin biz bu problemin aradan qaldırılması üçün mümkün vasitələrdən maksimum istifadə etmirik. Hökumətdə və iqtisadi sahədə mövcud olan korrupsiya dözülməzdir. Eyni zamanda bizim günahımız olmayan SPİD epidemiyası da mövcuddur. Heç kəs bunu gözləmirdi.
- Gələcəyə nikbin baxırsınız?
- Ölkədə mövcud olan vəziyyətə görə narahatıq. Bütün hallarda ölkə qəribəliyi ilə seçilir. Çünki burada əvəziyyəti dəyişmək üçün əlindən gələni edən insanlar yaşayır. Problem ondadır ki, bir çoxları bunu anlamır. Bax bu kimi hallar ağlarla qaralar arasında münasibətlərin pozulmasına gətirib çıxarıb.
Hazırda bu kimi müsbət addımlar rənglər arasında olan dərin problemlərə görə nəzərə çarpmır. Düşünürəm ki, gələcək nəsillər bu mənfi nüansları aradan qaldıracaq və qopan daşları yerinə qoyacaq.
- Niyə qaradərili təbəqinin insanları?
- Uşaqlığım qaradərili şaxtaçılardan tamamilə təcrid olunmuş mühitdə keçib. Ürəyimdə problem yarandığı üçün anam məni 11 yaşınadək məktəbdən çıxardı və mən evdə yataq şəraitində müalicə almağa başladım. Ədəbiyyata sevgim də elə həmin dövrdə oxuduğum çoxsaylı kitablardan yarandı.
İlk əsərlərimdə qaradərili fəhlələrin çətin həyatından, onlara qarşı ayrı-seçkilikdən yazmağa başladım. Mən yalnız sonralar anladım ki, əgər o kateqoriyadan olan uşaq olsaydım, yəni qaradərili olsaydım, ümumiyyətlə, yazıçı olmaya bilərdim. Çünki məni yazıçı edən kitabların olduğu kitabxanadan yalnız ağdərili uşaqların istifadə etməsinə icazə vardı. Qaradərili təbəqənin həyatından yazmağıma təsir edən amillərdən biri də məhz bu idi.
- SPİD-də qarşı mübarizə nə dərəcədə effektlidir?
- Tabo Mbeki ölkədə müsbət mənada çox işlər görsə də SPİD-ə qarşı mübarizədə lazımlı addımlar atmadı. Lakin hazırda bu xəstəliyə qarşı ciddi mübarizə aparılır. Əgər biz “Biz” olduğumuzu anlasaq hər bir problemin öhtəsindən gələ bilərik. Ən azından SPİD-ə qarşı peyvənd tapa bilərik.
- Siyasətdən uzaqlaşaq. Ədəbi yaradıclıqla vəziyyət necədir? Avtobioqrafiya yazmağınızı düşünürsünüz?
- Niyə də yazmalıyam? Mən o qədər şəxsiyyətimin vurğunu deyiləm ki, bunu edim. Nəyim varsa hamısı oxucularıma məxsusdur və bütün hisslərim öz yaradıcılığımda təsvir olunub. Yerdə qalan hissə şəxsi həyatımdır. Həm də bütün əsərlərim əslində elə yeganə bir kitabdan ibarətdir.
- Ədəbiyyat nəyisə dəyişə bilər?
- Bəyəm o, bunu etmir ki? Bir çox insanlar ədəbiyyatla təbliğat arasındakı fərqi görə bilmir. Təbliğatın öz təyinatı mövcuddur. Onun əsas məqsədi insanları inandırmaqdır. Lakin ədəbiyyat, poeziya, roman, hekayəin məqsədi həyatı anlatmaq və araşdırmaqdır.
Albert Kamyu belə deyirdi: “Yazıçı olmadığımı hiss etdiyim an yazmağa son qoyacağam”.
Onun fikrinə əsaslansaq belə nəticəyə gəlmək olar ki, əgər sən yazıçısansa sənin sosial məsuliyyətin mövcuddur. Bu, o demək deyil ki, sən təbliğatla məşğul olmalısan. Sənin işin həyatı anlamaq və insanların başa düşəcəyi dildə onlara anlatmaqdır. Böyük yazıçılar bunu möhtəşəm edib. Həqiqətən biz araşdırmamızın nəticəsini görməsəydik yaşaya bilməzdik.
- Afrika dillərini öyrənmədiyiniz üçün peşman olduğunuzu demişdiniz. Hələ də fikrinizdə qalırsınız?
- Əlbəttə. Çox peşmanam. Bu, mənim ən böyük çatışmazlığımdır.
- Planlaşdırırsınız?
- Biz gərək planlaşdırmayaq. Həyat bizə təzyiq edir. Ya sən bunu etməlisən ya da yox.
- Unutmaq istədiyiniz nəsə varmı?
- Şərtsiz şəxsi həyatımla bağlı istəyərdim. Lakin ictimai həyatımda elə məqam yoxdur. Ümidvaram ki, bacardığımı edə bildim. Nəticə də göz qabağındadır.
- Necə hesab edirsiniz biz hamımız nəyə məhkumuq?
- Nəyə məhkumuq? Nüvə partlayışına! Atmosferi nəfəs almaq üçün yararsız vəziyyətə salmağımıza! Hazırda məni daha çox ətraf mühitin çirkləndirilməsi, nüvə silahlarının gücü narahat edir. Ümidvaram ki, biz bu cür faciələrin baş verməməsi üçün təxirəsalınmaz addımlar atacağıq.
- Ağır siyasi mühitdə ədəbiyyat cücərə bilərmi?
- Əlbəttə. Bəzi bitkilər üçün mühitin fərqi yoxdur. Mənfi və müsbət dərəcədə də inkişaf edə bilirlər. Ədəbiyyatda elədir. Yazıçının yazmaq qabiliyyətinin qarşısını heç nə və heç kim kəsə bilməz. Mümkünsüzdür. Düşüncə və ifadə azadlığının boğulması iqtidarların əleyhinə işləyir. Əslində, hakimiyyətdə olan şəxslər ədəbi mühitin inkişafında maraqlı olmalıdır. Tarix öz işini görəndə kitablarda o şəxslərin adı sevgi ilə xatırlanacaq.
Hazırladı: Günəş Fərhadlı
Tarix: 19.05.2016
