Patrik Modiano. Nobel mükafatçısı


“Sosial şəbəkələr”  bizim yalnız özümüzə məxsus olan məhrəm və gizlin guşələrimizə soxulur”

Əsərləri otuzdan çox dilə tərcümə olunana fransız romançısı, 2014-cü il Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Patrik Modiano 1945-ci il, iyulun 30-da Paris şəhəri ətrafında yerləşən Bulon-Biyankur vilayətində anadan olub. Onun atası iş adamı, anası isə aktrisa idi. Orta məktəbi bitirdikdən sonra  Modiano Parisdə “IV Henri liseyi”ndə təhsil almağa başlayır. Onun inkişafında həlledici rol oynayan yazıçı Reymond Kunu həndəsədən Patrikə özəl dərs verir. Artıq 1968-ci ildə Modiano bir yazıçı kimi özünün ilk debütünü edir və böyük maraqla qarşılanan “Ulduzların əvəzinə” əsərini yazır.

 

Modianonun əsərləri əsasən yaddaşsızlıq, huşsuzluq, şəxsiyyət və günah kimi mövzulardan bəhs edir. Onun əsərlərində Paris şəhəri dəfələrlə öz əksini tapır və demək olar ki, “yaradıcı iştirakçı” kimi çıxış edir. Modianonun hekayələri əsasən avtobioqrafik səciyyə daşıyır və ya alman işğalı dövründə baş vermiş hadisələrdən bəhs edir.

İkinci Dünya müharibəsindən bəhs edən sənədli əsərində Holokostun qurbanlarından biri olan Dora Bruder adlı 15 yaşlı qızın real həyat hekayəsindən danışılır. Avtobioqrafik obrazı ən aydın şəkildə izah edən əsərləri içərisində 2005-ci ildə yazdığı “Bir ailə”-ni xüsusilə qeyd etmək lazımdır.

O, “özünün ən anlaşılmaz insan talelərinə yol açan və yaradıcı aləmin bilinməyən tərəflərini açıb göstərən yaddaş sənətinə görə” Nobel mükafatına layiq görülüb.

Yazıçının “Nobel nitqi”ndən seçmələri təqdim edirik:

***

“Uşaqların söz demək haqqının olmadığı dövrdə böyümüşəm.  Bəzən söz demək üçün ciddi cəhdlə icazə almalıydın. Hətta bu zaman belə fikrini tam ifadə edə bilmirdin. Çünki sözünü yarımçıq kəsirdilər. Məhz bu səbəbdən bizdən olanların bəziləri danışmağa üstünlük vermir. Danışanda isə sözünü tez qurtarır ki, dediklərini yarımçıq kəsməsinlər.

Düşünürəm ki, məhz bu səbəbdən biz daha çox yazmağa üstünlük vermişik.  Ümid edirsiniz ki, yazılarınızı böyüklər oxuyar və düşüncələrinizi yarımçıq qoymadan sizin qəlbinizdəki istəklərdən xəbərdar olarlar”.

*** 

“Mükafata layiq görülməyimlə bağlı xəbəri eşidəndə bu mənə qeyri-real gəldi. Bilmək istəyirdim ki, niyə məhz məni seçiblər?.. Həmin günə qədər öz əsərimə qiymət vermək məsələsində nə dərəcədə kor olduğumu və oxucularımdan nə qədər az məlumatlı olduğumu anladım. Yazıçı heç vaxt öz oxucusu ola bilməz. O, bunu yalnız əlyazmasını oxuyub səhvləri düzəldəndə, təkrarları, artıq abzasları çıxaranda edir.

Onun öz kitabı haqda məlumatı adətən, yarımçıq və dolaşıq olur. Bu mənada yazıçı tavanda böyük freskanın hansısa detalı üzərində işləyən və çəkdiyi rəsmi tam olaraq görə bilməyən rəssama bənzəyir”.

***

Yazıçılıq qəribə və tək qalmağı tələb edən peşədir. Romanın ilk səhifələrini yazdığınız zaman bəzən ruhdan düşürsünüz. Hər gün sizə elə gəlir ki, yolunuzu azmısınız. Bu zaman geriyə digər yolla qayıtmağa çalışırsınız. Təxribatlara uymamaq, yoluna davam etmək lazımdır. Bu, sanki, ac və kor olduğu halda qışda gecə vaxtı avtomobil sürməyə bənzəyir. Sizin irəliyə getməkdən başqa seçiminiz yoxdur.

Romanı bitirdikdən sonra isə o, sizdən ayrılmağa azad nəfəs almağa başlayır. Sanki, məktəbli yay tətilinə çıxıb və müəllimlərin dediklərinə qulaq asmır”.

***

“Oxucu kitab haqqında yazıçıdan daha çox bilir. Romanı oxuyan zaman kimyəvi proses baş verir. Bir iynəni sancmaq yetər ki, impuls oxucunun bütün sinir sisteminə yayılsın.

Məhz bu səbəbdən sevdiyim yazıçıların bioqrafiyasını oxumaq istəyəndə bunu xeyli götür-qoy edirəm. Çünki bioqraflar elə xırda və az vacib olan detallara varırlar ki, bütün bunlar yazıçının əsl kimliyini kölgədə qoyur. Lap radio dalğalarını eşidilməz edən maneələr kimi. Bioqrafiyanı oxuyanda bəzən uşaq vaxtı sənət adamının başına gələn elə hadisədən xəbərdar olursan ki, bu onun yaradıcılığında mühüm rol oynayır, işıq salır.

Məsələn, məşhur Amerika rejissoru Alfred Hiçkokun 5 yaşı olanda atası ona məktub verib polis əməkdaşı olan dostuna çatdırmağı tapşırır. Məktubu alan polis uşağı cinayətdə şübhəli bilinən şəxslərin saxlandığı kameraya salaraq onu orada bir saat saxlayır. Polis onu oradan çıxaranda: “İndi bildin pis iş tutanda adamı nə gözləyir?”- deyir. Düşünürəm ki, bu hadisənin qorxu, dəhşət, həyəcan dolu filmlərin ustası olan Hiçkokun yaradıcılığına təsiri olmamış deyil”.

***

“Uşaq vaxtı yaşadıqlarımın da yaradıcılığıma təsiri olub. Çünki bu dövrdə vaxtımı valideynlərimin dostlarının, yaxından tanımadığım insanların evində keçirirdim. Bir müddət sonra həmin adamlar, yerlər yadından çıxdığı üçün onlar barədə məlumat toplamaq ehtiyacı hiss etdim. Yazmaq istəyi də bu cür yaranıb.

Doqquz, ya da on yaşım olanda azmaqdan qorxsam da, təkbaşına şəhəri gəzməyə başladım. Getdikcə daha uzaqlara - şəhərin kənarlarına gedib çıxırdım. Daha sonra Sena çayının digər sahilinə də keçib metrodan da istifadə etdim. Öz qorxularıma qalib gələrək gecələr də gəzintiyə çıxmağa başladım.

Artıq şəhərimi getdikcə daha çox tanıyırdım. XIX əsrdən bəri Paris, London, Sankt-Peterburq, Stokholm kimi şəhərləri öz əsərlərinin əsas mövzusuna çevirmiş yazıçılara heyranlıq hissi yaranmışdı məndə”.

***

“Məndə ilk kitab yazmaq istəyi Parisin köhnə telefon-məlumat kitablarını vərəqləyərkən yarandı. Qələmlə bəzi naməlum şəxslərin adları, ünvanları və telefon nömrələrinin altından xətt çəkirdim və düşünürdüm ki, yüz minlərlə insan adı arasında bu adamlar necə bir həyat yaşayıblar”.

***

“XX əsrdə zamanın axarı indiki qədər sürətli deyildi. Yazıçı özünü müəyyən bir dövrün adamı kimi hiss edirdi. Balzakı, Dostoyevskini oxumaq nostalgiya hissi yaradırdı. Özünü konkret dövrün adamı hiss etmək - yazıçı peşəsini seçmiş insan üçün münasib idi. Çünki bu ona öz enerjisini düzgün paylaşdırmaq imkanı verirdi.

Müasir dövrün yazıçılarının yaradıcılığı vahid struktura malik olmayan, bir-birilə əlaqəsiz, fraqmentar tikililərə bənzəyir.

Bilmək istərdim ki, internet, mobil telefon, e-mail və tvitlər dövründə dünyaya göz açan növbəti nəsillər bu dünyanı ədəbiyyat vasitəsilə necə təsvir edəcəklər? O dünyanı ki, orada hamı daim “bir-birilə əlaqədədir” və “sosial şəbəkələr” lap bu yaxınlaracan bizim yalnız özümüzə məxsus olan məhrəm və gizlin guşələrə müdaxilə edir. Bu həmin gizlin guşələrdir ki, fərdin iç dünyasını genişləndirir və romanlar üçün ciddi mövzuya çevrilə bilir.

Amma buna baxmayaraq mən ədəbiyyatın gələcəyinə nikbin baxıram və əminəm ki, gələcəyin yazıçıları da Homerdən bəri hər bir nəslin etdiyi kimi bu irsi qoruyub özlərindən sonrakılara ötürə biləcəklər”.

***

“Davamlı olaraq yaddaş mövzusunda yazmağım da təsadüfi deyildi. 1945-ci ildə II Dünya Müharibəsində bütöv şəhərlərin məhv edildiyi, əhalinin yer üzündən silindiyi bir dövrdə dünyaya gəlmişəm. Buna görə də itənləri, naməlum qalanları xatırlamaq, yaddaşda bərpa etmək ehtiyacını duydum.

 

Təəssüf ki, daha keçmişi Marsel Prust kimi xatırlamaq mümkün deyil. Çünki Prustun təsvir etdiyi cəmiyyət sabit bir cəmiyyət, XIX əsr cəmiyyəti idi. Prustun yaddaşı Canlı tablo kimi keçmişi bütün detalları ilə bərpa edirdi. Bu günün yaddaşı amneziya və unutqanlıqla mübarizə vəziyyətində olduğu üçün yazıçı keçmişdən yalnız müxtəlif fraqmentlər, əlaqəsiz detallar, ötəri və demək olar ki, dərkolunmaz insan taleləri götürə bilər”.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 14.05.2016

4168