Tomas Gösta: “XXI əsrdə müharibələr uzaqdan idarə olunur. Bir dövləti məhv etmək üçün daxildə ixtişaş törətmək yetərlidir”.


“Müharibədə rənglərin yalnız ikisini tanımaq olur. Ağ və qırmızı. Ağ - meyit, qırmızı -  qan”. 

 

Nobel mükafatçısı 12 şeir kitab və nəsrin müəllifi Tomas Gösta Tranströmer həm də professional pianist idi. Altmışdan çox dilə tərcümə olunan isveçli şair və yazıçı Göstanın 1990-cu ildə keçirdiyi ağır insultdan sonra sağ tərəfi hərəkətsiz qaldı. Buna baxmayaraq, sol əli ilə yazmağa və mahnılar bəstələməyə başladı.

2011-ci ildə “Aydın və yığcam şəkilləri ilə reallığa daha asan çıxış əldə etmək imkanı yaratdığına görə” Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Şair  26 mart 2015-ci ildə Stokholmda vəfat edib. Mətbuatla arası olmayan şairin ayrı-ayrı dərgilərə verdiyi müsahiblərindən seçmələri sizə təqdim edirik.

***

İkinci Dünya müharibəsi dövründə böyümüşəm. Bu dövrün əqli və mənəvi cəhətdən inkişafımda əvəzedilməz rolu oldu. İsveç neytral ölkə olsa da Norveç, Danimarka Almaniya tərəfindən işğal edilmişdi deyə dünyadan təcrid olunmuşdu. Cəmiyyət də öz növbəsində iki yerə bölünmüşdü. Biri sovetlərin tərəfində olduğu halda digərləri almanların gəlişini səbirsizliklə gözləyirdi. Gərginlik hədsiz dərəcədə çox idi. Nəticədə anamla atam boşandı və anamla qalmalı oldum.

Qohumlarımızın çoxu Hitlerə nifərt edirdi. Elə mən özümdə antialmaniya koalisiyasının tərəfdarı idim. Ümumiyyətlə, uşaqlıqda siyasətlə çox yaxından maraqlanırdım. Yaşıdlarımı yanıma yığıb mühazirə oxuyur və siyasi durumla bağlı geniş təhlillər söyləyirdim. Müharibə ilə bağlı olan məqalələri oxuyub düşündüklərimi dilə gətirdikcə böyüklər məni kiçik professor adlandırırdı.

***

Müharibənin ən pis tərəfi uşaqlıq illərinin sürətli keçməsidir. Bunu özün də arzulayırsan. Rənglərin yalnız ikisini tanımaq imkanın olur. Ağ və qırmızı. Ağ - meyit, Qırmızı -  qan.  

***

Arzu edirdim ki, araşdırmaçı səyyah olum. Bizim Livinqston və Stenli tipli şəsxlər kimi qəhrəmanlarımız var idi. Müharibənin ayağının dəymədiyi yeganə məkan uzaq Afrika ölkələri olduğu üçün ora səyahət etmək istəyirdim.

***

1951-ci ildə məktəbli dostumla İslandiyaya səfər etdik. Bu çox güclü təcrübə idi mənim üçün. Qayıtdıqdan sonra məlum oldu ki, kasıblıq nədir, heç bir qəpik də pulum yoxdur. 1954-cü ildə ilk kitabım çapdan çıxdı və həmin qonorarla Türkiyə və Yaxın Şərqə səyahət etdim. O zaman Türkiyə çox təhlükəli ölkə hesab edilirdi. Həqiqətən də maraqlı macəra idi.

Hazırda gənclər bel çantası ilə gəzir. O zaman bel çantası ilə gəzənləri nadir hallarda rast görmək olardı.

***

Əgər 1931-ci ildə anadan olmasaydım görən kim olardım? Əgər baxçaya getsəydim və tamam başqa mədəniyyətə sahib şəxslər tərəfindən tərbiyə olunsaydım və ya Stokholmda olan qəddar müəllimlərim olmasaydı necə olardı? Bütün hallarda ədəbiyyata meyilliyim harada olmağımdan asılı olmayaraq yaranardı. Çünki bədii düşüncə, ilham pərisi, yazıçılıq insanın böyüdüyü mühitin təsirindən formalaşmır. O, daxildə olur və hər kəsdə inkişaf etmir.

***

Bir şeydə bəxtim gətirib ki, şeirlərimi isveç dilini bilən şəxslər tərcümə edib. Çünki kiçik bir arealı əhatə edən dilin geniş mühitdə yayılması mədəniyyətimizin üstünlüyündən xəbər verər. Bəzən isə şeirlərim dilin incəliyini bilən lakin poeziya duyğusu olmayan şəxsin əlinə düşüb. Bax bu həqiqətən müharibədə uduzmaqdır.

***

Tənha yazıçı da əslində hansısa gizli, ona məlum olmayan auditoriyanı təsir altında saxlayır. Hansı ki, onun cümlələrini sevinclə, sevgiylə oxuyurlar. Düşünürəm ki, bu şəxslər səni gözəl anlayan dostlar, qohumlar ola bilər.

***

Siyasətlə çox yaxından maraqlanıram. Daha dəqiq desəm ideoloji dəyişikənliyi izləyirəm. Siyasi gedişlər özündən daha çox qan buraxmağa başlayıb. Əvvələr müharibələrdə dürüstlük vardı. Hazırda bu mövcud deyil.

XXI əsrdə müharibələr də uzaqdan idarə olunur. Bir dövləti məhv etmək üçün daxildə ixtişaş törətmək yetərdir. Digər tərəfdən bu formada daha ağlabatandır. Nə ordun zərər görmür, nə siyasi bəhanə gətirməyə ehtiyac olmur, nə də beynəlxalq qurumlar qarşısında götürülən öhdəliyə görə hesabat vermək məcburiyyətində qalmırsan.

Məsələn, mən 1970-ci ildə Estoniya və Latviyada olmuşdum. Hədsiz qapalı cəmiyyətlərdir. Ora getməyimin əsas səbəbi bu xalqların isveçlilər üçün yaxın xalq olmasıdır. İkinci Dünya müharibəsi dövründə Baltik ölkələrinin çoxu İsveçə gəlmişdi.

***

Hazırda dünya siyasətinin gedişini izləmək mümkün deyil. Çoxları hesab edir ki, bu siyasi gedişlər əvvəlcədən planlaşdırılıb. Amma elə deyil. Hər saniyənin öz hökmü var. Şərtlər tez-tez dəyişir. Odur ki, dünya siyasətinə təsir edən ölkələrin bir kitab planı var. 

***    

Hava şəraiti şeir yazan şəxslər üçün çox mühim əhəmiyyət kəsb edir. Xüsusən də İsveçdə yaşayan əhali üçün. Biz çox şimalda yaşadığımız üçün Qolfstrim cərəyanı havanı çox yumşaldır. Lakin problem işıqdır. Yayda hədsiz işıqlı, qışda çox qaranlıq olur İsveç torpaqları.

Belə gecələrdə nadir hallarda yuxu görürəm. Lakin onları unuduram. Dəqiq yadımda saxladığım yuxuları isə şeirə çevirirəm. 

***

 

Təyyarədə gah rahat oluram, gah da çox qorxuram, şeir yazmağa əhvalım olmur. Qatar hamısından yaxşıdır. Amma qatarlar da əvvəlki kimi deyil. Əvvəllər qatarların səsləri sanki bir sətiri beynimdə formalaşdırırdı. İndi isə o qədər sakit və sürətlə gedirəm ki, ilham pərim qatarın sürətinə çata bilmir.

Poeziya mənim üçün hər kəs tərəfindən qəbuledilənin əksidir. Həmçinin poeziya ilə musiqi sıx bağlıdır. Bu bağlılığı anlatmaq çətin olsa da bu mövcuddur. Musiqinin sədalarından aldığım həzzi şeirə çevirirəm. 

***

 

Məndə ədəbiyyata qarşı ikili yanaşma mövcuddur. Düşünmürəm ki, kiməsə şeir yazmağı öyrətmək olar. Bu ideyada qəribə nəsə var. Məsələn, gənclərin şeir yazması üçün ədəbiyyat üzrə müəllim və ya mütəxəssisin ədəbi mühit yaratması əbəsdir. Həyatda məcburi heç nə yoxdur. Ola bilsin ki, o cümlələri birləşdirib bir sətir şeir yazsın . Amma bu müvəqqəti olacaq.

Davamlı olması üçün daxildən buna tələbat olmalıdır. Qarşındakını məyus etməmək üçün atılan addım qısa müddət davam edir. Xüsusən də ədəbi mühitdə. Zaman hər iki tərəfin əziyyətinin hədər getdiyini göstərəcək. Odur ki, bu incə bir nünasdır və hər kəs öz bildiyi işlə məşğul olsa daha yaxşı olar.

***

Yazıçılıq işinin çətin tərəfi odur ki, insan daxilində olan hissləri qələmə köçürür. Eyni zamanda daxildən gələn sözlər hər kəs üçün anlaşılan və tərbiyəvi xarakter daşımalıdır. Sözün yükü olmalıdır. Bundan başqa soyuq baxışları isitməyi bacaran şeirlər mənəviyyatı ucaldır.

Cavan şairlər üçün bu şok kimi bir şeydir. Çünki cavanlar yalnız hisslərlə yazır. Cəmiyyətin maraq dairəsini nəzərə almaq lazımdır. Sevgi barəsində yazmaq üçün mütləq sevmək lazım deyil. Bax şairlərin üstünlüyü buradadır.

***

İsveç auditoriyası açıq hisslərə çox simicdir. İnsanların üzlərində ifadə olmur, nə gülmür, nə də səslərini çıxarmırlar. Onların düşüncəsinə görə, hissləri büruzə verməmək yaxşı cəhətdir. Odur ki, anlamırsan onlara maraqlısan və ya əksinə, darxıdırıcı insansan.

***

Mənimlə yazmağa başlayan şəxslərin bir çoxu şairlikdən uzaqlaşdı. Digərləri isə məşhur ola bilmədi. Nisbətən mənim məşhurluğum bizim münasibətlərimizə mənfi təsir göstərir.

Belə ki, biz sadə insanlar kimi ünsiyyət saxladğımız zaman hər şey normal olur. Lakin söhbət ədəbiyyatdan düşəndə əvvəlki mehribanlıqıdan, bərabərliyimizdən, səxavətli və ümidlə dolu anlarımızdan heç nə qalmır.

 

***

İsveçdə yazıçılara münasibət Hollandiya olduğu kimi ikilidir. Əgər məhşursansa səni vacib şəxs hesab edirlər. Yox, əgər uğursuzluğa düçar oldunsa hər kəs qarşısında gülünc duruma düşəcəksən. Ciddi qəbul edilmirsən. Bu çox mənfi haldır. Bir çox dünyaca məşhur yazıçılar uğursuzluqlarından sonra dünya ədəbiyyatında öz adlarını yazdıra biliblər. Bu, sadəcə, ədəbiyyata qarşı mənəvi soyqrımdır.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 09.05.2016

4378