"Boqsladkiy"


Üç-dörd günün söhbətidir. Yenicə işıq üzü görən “Talant” qəzetinin redaksiyasında oturmuşduq, mən idim, baş redaktor idi, bir də qəzetin fotoqrafı.

 Əyalətlərin birində baş verən bir hadisədən hazırlayacağımız reportajı götür-qoy edirdik. Əhvalat belə idi ki, əyalətdə bir kişi iki qızın arxasınca üçüncü qız uşağını dünyaya gətirən arvadını o ki var döyəndən sonra qucağındakı çağanı əlindən alıb aparıb qoymuşdu həyətdəki itin qabağına. İndi fikirləşirdik ki, əyalətə getmişkən bu cür əhvalatlardan ibarət iri bir yazı hazırlayaq, şəkilli-zadlı. Xırda-xırda araq vurub qeydlər aparırdıq, hərdənbir fotoqraf hıçqırırdı. Bu vaxt redaksiyaya zəng gəldi. Qalxıb telefonu götürdüm:

-  Alo, bura haradır?

- Redaksiyadır, sizə kim lazımdır?

- Ə, bə mənə sizdən başqa kim lazım olacaq?

- Kimsiniz?

-  Ə, Xudaşam da, Xudaşirin, şair, publisist Xudaşirin... Ta məni də tanımadınızsa, heç!

- Buyurun, eşidirəm, Xudaşirin müəllim.

- Sizə tərcümə üçün şeirlər kitabımı göndərmişəm, amma elə tərcümə edin ki, orijinaldan daha yaxşı olsun.

- Kitabınızın adı nədir?

- Ey kül!

- Nə?

-  Ey kül!

-  Gül?

-  ə, yox, kül, kələmin k-sı

-  hə, başa düşdüm, ey kül! Oldu Xudaşirin müəllim, tərcümə edərik, baxarsız, sonra qiymətləşərik.

-   Ə, pula görə narahat olmaginən, uşaqlar özləri xərcini ödəyəcəklər. Amma mənə deyin görüm, kitabın adını ruscaya necə çevirəcəksiniz? Ruslarda kül sözü var.

-  Taparıq, Xudaşirin müəllim, narahat olmayın.

-   Onda ruscası necə səslənəcək?

- Kitabınızın adı “Ey kül”dürsə, rusca olacaq “Uy blin”!

-  “Uy blin”?! ə, bu öz dilimizdəkindən də qəşəhdir ki?

-  Rus dili zəngin dildir!

- Onda qoy bir təzə şeir də oxuyum sənə, gör xoşuna gəlsə, bunu da tərcümə edərsən.

- Oxuyun!

Xudaşirin telefonda şeri oxuduğu müddətdə mən dəstəyi yerə qoyub masaya yaxınlaşdım. Baş redaktorumuz ah, fotoqraf siqaret çəkdi. Mən isə yorğun gəncliyimin acığına bir çappa arağı son çarə kimi göz qırpımında başıma elə çəkdim ki, boynumun fəqərələri şaqqıldadı.

 

Elə qədəhi yenicə masaya qoymuşdum ki, dəstəkdən səs gəldi:

-Nec oldun a bajıoğlu?

Tez yenidən dəstəyi götürdüm:

- Əla şeirdir, kimin şeridir?

-  Necə yəni kimin şeridir, mənim şerimi kim yazmalıdır ki?

-  O mənada demədim, deyirəm, yəni kimə ithaf etmisiniz? Ortada kiminsə adı çəkildi elə bil: “Ovçu Kərim dağda keçi qoymadı”, deyəsən, belə bir misra var idi.

- Ə, o misra bu şeirdə deyil, o şeri hələ tamamlamamışam. Sən hardan oxumusan o misranı?

-  Elə bilirsiz, biz burda lülə quruduruq? Sizin kimi şairin udduğu hava da bizə məlumdu.

-  Sağ olun, day uzatma, onu deyirdim axı, uşaqlar Tümendə şeir kitabımı çap etmək istəyirlər. Şeirləri sənə yollamışam, iki min üç yüz dodaqdəyməzdi, min altı yüz təcnis, bir o qədər də qoşma, sabaha tərcümə edə bilərsiz?

-  Atasını da yandırarıq?

-  Nətəri?

- Deyirəm, oldu, Xudaşirin müəllim, amma bir əngəl var, adınızı da tərcümə etməliyik, çünki ruslar “Xudaşirin” imzasını başa düşməyəcəklər.

-  Ə, düz deyirsən, amma Xudaşirini ruscaya necə çevirəcəksən?-

-  “Xuda” bizdə Tanrının adlarından biridir, ruslar Tanrıya “Boq” deyirlər. Adınızın birinci hissəsinin tərcüməsi artıq hazırdı, indi keçək ikinci şirin olan hissəyə. Ruslar şirin şeylərə “sladkiy” deyirlər. Onda belə çıxır ki, sizin imzanızı “Boqsladkiy” kimi verəcəyək.

- Ə, mən ağsaqqal adamam, nə “Boğzladkiy?” Ayrı bir şey fikirləş.

- Xudaşirin müəllim, inanın mənə Boqsladkiy qoysaq, bütün rus qızları ələkdən saca keçəcək, gəlin mən deyəni edək.

- Boqsladkiy bizim dildə necə olacaq bəs? birdən özümüzünkülər məni ruscadan yenidən Azərbaycancaya tərcümə eləmək istədilər.

- Onda yenə olacaq Xudaşirin.

- Ay sağ ol. Onda zırra getsin.

 

Bu yerdə yenidən baş redaktorumuz ah, fotoqrafımız siqaret çəkdi. Mən isə nə edəcəyimi bilmədən qəfəsdə azadlıqdan məhrum edilmiş iki küskün tutuquşuya əlimdə yumruladığım çörək içini uzatdım. Bir ay əvvəl ad günümdə mənə qəfəsə salınmış iki quş hədiyyə etmişdilər. 



Tarix: 06.05.2016

4123