
“Qırmızı papaqlı qızın nənəsi nazir olduqca canavar ona hücum edə bilməyəcək”
Polşa şairəsi, tərcüməçi, Nobel mükafatı laureatı Vislava Şimborska.
1923-cü ildə dünyaya gələn Vislava hələ 1945-ci ildən şeirləri ilə çıxış etməsinə baxmayaraq, onun ilk kitabı yalnız yeddi ildən sonra işıq üzü görür. Sonralar o, bu kitabdan sosialist gerçəkliyinə uyğunlaşmaq cəhdləri mövcud olduğuna görə imtina edir. 1975-ci ildən bəri Şimborska 10-dan çox kiçik həcmli, lakin dəyərli şeir toplusu nəşr etdirmişdir.
1996-cı ildə “Bəşər gerçəklikləri kontekstində tarixi və bioloji təzahürləri böyük dəqiqliklə təsvir edən poeziyasına görə” Nobel mükafatına layiq görülmüş Polşa şairəsi Vislava Şimborska çoxdandır ki, Avropanın ən görkəmli şairlərindən sayılır. Polşadan xaricdə onun əsərlərinin kiçik bir qismi məhdud dairədə tanınır, lakin onun beynəlxalq şöhrətinin azlığı ilə əsərlərinin bədii qüdrəti arasında heç bir əlaqə yoxdur.
Vislava Şimborska ona Nobel mükafatı verilməsi xəbərini istirahət etdiyi Zakopan dağlarında eşidir: “Mükafatın mənə veriləcəyini qətiyyən gözləmirdim. Nobel mükafatına namizədliyimin irəli sürülməsinin özü mənim üçün böyük şərəf idi Buna görə çox xoşbəxtəm və düzü, mənim üçün gözlənilməz bir hadisədir. İndi qorxuram ki, rahat həyat sürə bilməyim. Mən gərək sevincimi əsərlərimin tərcüməçiləri ilə bölüşəm”.
Şimborskanın poeziyası dünyanın heçliyə yuvarlanmasından, yadlaşmasından və atılmışlığından söz açır. Yadlaşma onun əsərlərinin başlıca mövzularından biridir. Şairə daim başqalarına biganəliyi, qarşılıqlı anlaşmanın olmamasını, insanların sadəcə yanaşı ömür sürməsini təsvir edir. Onun “Babil qülləsində” adlı şerində söhbət edən tərəflər ayrı-ayrı mövzulardan danışırlar, cavabların suallarla heç bir əlaqəsi yoxdur və şeir ayrılıqla bitir.
Şimborska müharibə dövrünun və müharibədən sonrakı nəslin təcrübələrinin təsirinə məruz qalıb. Onun şeirləri XX əsrin ağrılarından bəhs edir. Eyni zamanda Şimborska hər cür incə hisslərin ifadəsindən, deklarasiyasından qaçır. Onun dili gündəlik danışıq dilinin ibarələri ilə doludur ki, öz qabalığı ilə müəyyən qəzəb doğurmaq effektinə malikdir:
Şairə poetik dil formaları yaratmaq ustasıdır. Onun özünəməxsus üslubu şairəni həyatını, demək olar ki, guşənişinlikdə keçirən və yalnız öz bədii idrakının səsinə qulaq asan sənətkarlar sırasına daxil edir. Bu cür həyat tərzi, xüsusən Şimborskanın siyasi və ictimai mövqeyi, eləcə də onun bəşər həyatının ən ümdə məsələlərindən bəhs edən şeirləri 1931-ci ildən Polşanın iri şəhərlərindən birində – Krakovda yaşayan şairənin kommunist hakimiyyəti dövründə o qədər də rahat ömür sürə bilməməsinə səbəb olub.
Vislava Şimborska 2012-ci il fevral ayının 1-də vəfat edir. Şairənin müxtəlif dərgilərə verdiyi müsahibələrdən seçmələri təqdim edirik.
- Dostoyevskinin əsərlərini 14 yaşınız olanda oxuduğunuzu etiraf etmişdiniz. Yaşınıza görə ağır deyildi ki?
- Bəli oxumuşam. Valideynlərimin kitabxanasında olan Dostoyevskinin kitabları çox tez əlimə düşüb. Kitabların vərəqlərini həvəslə, böyük maraqla çevirib oxuyurdum. Təbii ki, əsərlərin dərin mahiyyətini anlamırdım. Sözlərin fəlsəfəsini zamanla başa düşdüm.
Anladım ki, oxucunu əsərindəki hadisələrə cəlb etmək üçün Dostoyevski özünəməxsus bədii üsullara əl atır. O, qəhrəmanlarının əhval-ruhiyyəsində çox incə, az qala, hissolunmaz psixoloji keçidlər yaradır.
- Lakin siz Dostoyevskinin yerinə Dikkensi seçmisiniz. Şerinizdə var bu.
- Düz deyirsiniz. Özüməməxsus dəyərləri ölçən şkalam olduğu üçün bunu heç kəsə nümayiş etdirmirəm. Amma yalnız bir səbəbi sizə demək istəyirəm. Dostoyevskinin romanlarında real və mistik məfhumların qarşılaşdırılması da eyni dərəcədə adi, sadə xarakterlidir. Yoxsulluq, əxlaqsızlıq, böyük şəhərin hər gün qarşılaşdığımız bozumtul və ürəkbulandıran mənzərəsi qəflətən, yuxuyabənzər bir tərzdə kabusa, qarabasmaya çevrilir.
Müəllif həyatın dərinliklərində sirli, qaranlıq və nəhs hər nə varsa, onları qabardıb üzə çıxarır. O, baş verənləri, xırda təsadüflərin üst-üstə düşməsini qəsdən faciəvi, nəhs amillərin təsirinə salır.
Dikkens isə oxucunun ürəyini ələ alır və qəhrəmanın əhval-ruhiyyəsinin ən dərin qatlarına enməyincə, onun hisslərini gerçək həyata bağlamayınca əl çəkmir. Tədricən oxucunun şəxsiyyəti qəhrəmanın obrazı ilə birləşir, təfəkkürü onun düşüncə tərzinə doğru meyillənir, istəkləri eyniləşir.
Obrazlı desək: çox istəyərdim ki, indi bir yanımda mister Pikvik, digər tərəfimdə knyaz Mışkin əyləşsin.
- Bəs Dostoyevskinin özü necə?
- Yox. Məhdud sayda yazarlarla şəxsən tanış olmaq istəyərdim.
- Nobel mükafatı aldığınız zaman üç şeir oxudunuz. Niyə məhz bu şeirlər?
- Ehtimal ki, onlar əlimin altında idi. Xüsusi mənası yoxdur. Digər şeirlərim olsaydı onları oxuyardım.
- Nyu-Yorkdakı sentyabr faciəsindən sonra siz “11 sentyabr şəkli” adlı şeir yazmışdınız. Bu terrorçularla bağlı ilk şeiriniz idi?
- Terrorizmlə bağlı ilk dəfə olaraq Polşada “Terrorçu bizi izləyir” adlı şeir yazmışam. Polşa Milli Respublikası müxtəlif terrorçulara qarşı isti münasibət bəsləyirdi və onları təlimatlandırırdı. Bu işi üzərinə gizli polis götürmüşdü. Senzura bu şeirimin dərc edilməsinə qarşı çıxa bilmədi. Çünki bununla ölkə terrorçulara dəstək verdiyini bəyan etmiş olardı.
İşgəncələrlə bağl isə daha öncədən yazmışam. Təəssüf ki, bu mövzu hazırda da aktual olaraq alır. Poeziyanı anlayan oxuyur. Halbuki poeziya terrorçular və işgəncədən həzz alan “qəhramanlar”ın oxuması üçündür. Bax bu ədəbiyyatın faciəsidir.
- Bəli, Usama ben Laden şeirlərinizi oxuyan deyil. Bu dəqiqdir. Lakin ehtimal var ki, 11 sentyabr qurbanlarının yaxınları sizin şeirlərinizi oxusun. Belə çıxır ki, bir tərəfdən ədəbiyyat gücsüzdür, digər tərəfdən onun varlığı insanı gücləndirir. Ümumiyyətlə, Nyu-Yorkdan olan televiziya verilişlərinə baxmısınızmı?
- Sonradan izlədim. İnsanlar özlərini yanan binanın pəncərələrindən canını qurtarmaq üçün atırdılar. “11 sentyabr şəkli” adlı şeirim onlara həsr edilib.
- Bir çox müsahibələrinizdə qeyd etmisiniz ki, terrorçuların qarşısını heç kəs və heç nə ala bilməyəcək. Onların qurbanları hər kəs yazıçı, qulluqçu, siyasətçi, heç bir günahı olmayan şəxslər olacaq. Terrorçular restoranları, evləri, biznes mərkəzlərini və nəhayət, yüksək binanı ələ keçirərək məhv edəcək.
- İndiki dünyada peyğəmbər olmaq asandır. Gələcəkdə hansı faciənin baş verəcəyini görmək cüzi ağıl tələb edir. Öncəgörücülüyüm olur. Amma bu dərəcədə düzgün proqnoz verməyim yadıma düşür. Müəyyən məqsədlər üçün yaradılan terrorçular sonradan sərbəst buraxılır. Lakin xalta hər zaman onların boynunda olur.
Siyasətçilərin sülh çağırışları terrorçuların humanist olmasına bənzəyir. Mümkünsüz bir vəziyyətdir. Ədalət zəfər çala bilər. Əgər onu müəyyən dövlətlər dəstəkləsə.
Yenə obrazlı formada deyib: Qırmızı papaqlı qızın nənəsi nazir olduqca canavar ona hücum edə bilməyəcək .
- Bəzi yazar və şairlər masa arxasında sözün məcazi mənasında dünyadan köçürlər. Sizdə necədir?
- Siz fikir vermisinizmi tanınmış bəstəkarların çoxu ayla bağlı müsiqi bəstələyir. Hər şey yuxarıdan gəlir. Söhbət ilahi varlıqdan getmir. Sadəcə, ortada psixoloji durum mövcuddur. Bütün dinlərdə əllər birləşdirilərək yuxarı qaldırılır.
Yəni biz dünyadan köçmürük yerimizi dəyişirik. Mənəvi və ruhən dünyanı tərk edirik. Bu hər kəsdə alınmır. Yenə də bu hisslər bizə yuxarıdan verilir. Bədii həyatda olduğu kimi reallıqda da hər şey yuxarıdan gəlir.
Hazırladı: Günəş Fərhadlı
Tarix: 02.05.2016
