İngilislərin düşməni, kommunistlərin arvadı, feministlərin "atası"


Doris Mey Lessinq: “Elə yaşamalısınız ki, ondan yazı doğulsun”

O, uzun müddət İngiltərənin xüsusi xidmət orqanları tərəfindən izlənilib. İngiltərə dövlət arxivinə məxsus bəzi sənədlərin ictimaiyyətə açıqlanması nəticəsində 1943 və 1964-cü illər arasında onun telefon danışıqlarına qulaq asıldığı üzə çıxıb. Üstəlik, onun məktub yazışmaları, eləcə də səyahətləri də xüsusi xidmət orqanlarının məxsusi olaraq nəzarəti altında olub. Britaniya kəşfiyyat xidmətinin fikrincə, yazıçının kommunizmə aşırı simpatiyası olub.

 

Söhbət ingilis yazıçısı Doris Mey Lessinqdən gedir. 22 oktyabr 1919-cu ildə İranda, Kirmanşahda anadan olan yazıçının atası zabit, anası isə tibb bacısı idi. Ailələri 1925-ci ildə ingilis müstəmləkəsi altında olan Zimbabveyə köçür. Doris Mey Lessinq Hararedə qızlar üçün nəzərdə tutulmuş katolik məktəbində təhsil alır. Lakin təhsili başa çatdıra bilmir və oxumağın daşını atır.

Hələ gənc bir qadın ikən, Doris yerli parlamentə işə düzəlir, burada müxtəlif solçu hərəkatların təmsilçiləri ilə yaxınlıq yaradır. Doris birinci dəfə 1939-cu ildə ərə gedir və bu nigahdan iki uşağı olur. İkinci Dünya müharibəsi dövründə Doris özünün ikinci əri - alman mühaciri və marksist Qottfrid Lessinq ilə tanış olur . O, övladları ilə birlikdə 1949-cu ildə Londona köçür və həyatının sonuna qədər burada yaşayır.

Yazar 2008-ci ildə Ədəbiyyat üzrə “əsərlərində qadın təcrübəsindən doğan ehtiras, skeptizm, və uzaqgörənlik gücünə malik xüsusiyyətlərinə” görə Nobel mükafatına layiq görüldü. Doris Lessinq Nobel mükafatı haqqında xəbəri istehza ilə qarşıladı. Tənqidçilər hesab edirdilər ki, məhz fantastik janrda yazılmış kitablar Lessinq üçün Nobel mükafatının verilməsini iyirmi il gecikdirdi. Çünki İsveç akademiyası bu janra o zamanlar ciddi münasibət bəsləmirdi.

Onun “Marta Kvest” (1952), “Uyğun gələn nikah” (1954), “Fırtınadan sonra xırda ləpə” (1958), “Quruyla dövrələnmiş” (1966), “Dörd qapılı şəhər” (1969), “Cəhənnəmə eniş təlimatı” (1971), “Qürubdan əvvəl yay” (1973), “Üç, dörd, beşinci zonalar arasında nikahlar” (1980), “Siriusda aparılan eksperimentlər” (1981), “Səkkizinci planet təmsilçiləri komitəsinin yaradılması” (1982), “Voliyen imperiyasının hissiyatlı agentlərinə dəxli olan Sənədlər” (1983),“Yaxşı terrorçu” (1985), “Beşinci uşaq” (1988), “Və yenə də eşq”, “Mara və Den” (1999), “Tərk edilmiş Ben” (2000) əsərləri dünya ədəbyyatının incilərindən hesab olunur.

Yazıçının Böyük Britaniyanın “The Telegraph” qəzetinə sonuncu müsahibəsini təqdim edirik.

 - Həqiqətlə üzləşməyə hazırsınz?

 

-Həqiqət çox ağırdır. Onun yükü çoxlarını əzir. Necə deyərlər, həqiqət uçrumun dibindədir. Qaraları ağ günə çıxarmaq istəyim bunu mənə göstərdi.

 - Qara irqdən olanlara bəslənilən soyuq münasibətin şahidi olmusunuz.  Bundan başqa qara dərili afrikalılara qarşı müstəmləkəçilərin nifrət və aşağılayıcı münasibətlərininin qarşısına çıxmısınız. Peşman deyilsiniz?

- Əgər nəyin baş verə biləcəyini bilsəydim mübarizə aparardımmı? Cavab - yox. Baxmayaraq ki, onların cəmiyyəti ideal deyildi. Amma mən onların yaşadığı mühitdə böyüyüb tərbiyə almışam. Hazırda isə bu sözlərlə kifayətləmək istərdim: “Mən sizi düzgün olduğunuz təqdirdə müdafiə edəcəyəm. Daha iqtidarı qanla ələ keçirən Muqabeyə görə yox”. Bütün hallarda  bizdə də günah var.

Qaradərili bir insanın yaşadığı cəmiyyəti idarə etdikdən sonra özünü Filipp Toynbi kimi aparacığını düşünmək sadəlövhlük olardı. Bunun əvəzinə çirkin Muqabe var.

Hətta yanımda olan şəxslər iddia edirdi ki, onlar intellektualdırlar. Lakin sonra nə gördük? Aclıq, xəstəlik, korrupsiya, aşağı həyat səviyyəsi.

- Heç sizdə irqçilik hissləri olmayıb?

- Əlbəttə, bu cür hisslərim olub. Mən irqçilərin ətrafında böyümüşəm. Hazırda isə bu cür hisslər mövcud deyil. Hesab edirəm ki, bu cəmiyyətdən gələn bir duyğudur. Vaxt var idi ingilislər romalılar üçün barbar hesab edilsə də hazırda ingilis mədəniyyəti deyilən anlayış var.

Qardaşım başdan ayağa irqçi idi. Bəzən mənə elə gəlirdi ki, qaradərili şəxslər ondan ilhamlanır. Digər tərəfdən yaşadığı cəmiyyət onun necə olacağını diktə edirdi. 30 ilə yaxın idiki onunla görüşmürdük. Görüşəndə isə heç nəyin dəyişmədiyini anladım.

O, yalnız arxaikləşmiş, rəngi ağ olsa da daxilində qaradərili olan və koloniyada yaşamağı bacaran ingilisdir.

- Bəs ikinci yoldaşınızla münasibətləriniz necə idi?

- Kitablarımı ciddi qəbul etmirdi.

- Bu sizə təsir edirdimi?

-Öz ideallarından heç vaxt imtina etməyən yazıçı əlçatmaz və dərkedilməz həqiqətlərə orijinal münasibəti ilə yadda qalmalıdır. O, insanları sevməli, onları olduğu kimi – səhvləri və günahları ilə birlikdə qəbul etməlidir.

Ən əsası özünüz üçün etməlisiniz bunu. Başqalarını zərrə qədər də vecinizə almayın. Yazmaq yaşam tərzi deyil, yazının mühüm bir hissəsi yaşamaqdır. Elə yaşamalısınız ki, ondan yazı doğulsun.

 - Kitablarla aranız necədir?

 

-Çox oxumağın bir qaydası var. Kitabxanalardan, yaxud da bukinistlərdən bəyəndiyiniz kitabları seçmək və ancaq onları oxumaq. Sıxılanda isə kitabı buraxmaq. Axsadığınız yerləri adlamaq. Heç vaxt özünüzü oxumağa məcbur etməyin, yaxud dəb xətrinə nəyisə oxumaq zorunda qalmayın. Unutmayın ki, 20-30 yaşlarında sizi sıxan bir kitab, 40 ya da 50 yaşlarınızda sizə yeni bir qapı aça bilər. Yaxud tərsinə. Zamanı gəlməmiş, bir kitabı heç vaxt oxumayın.

-Sözlər sizi yormur ki?

- Söz dəyərli olduğu təqdirdə insanı yormaz. Digər tərəfdən eləməli olduğumu mənə kitab, hekayə diktə edər. Onu necə yazacağımı hekayə özü müəyyənləşdirir. Hər ifadənin üstündə tər töksəm, yaxşı yaza bilmərəm. Şübhəsiz ki, uydurmaq reallıqları yazmaqdan daha uğurlu nəticəyə gətirib çıxarar.  

- Deyirlər dünyanı gözəllik xilas edəcək. Ədəbiyyat necə, ən azından, nəyisə dəyişə bilərmi?

- Ədəbiyyat bu dünyada nəyisə dəyişirmi, bilmirəm, amma yola davam edirik. Bütün hallarda, məncə, yazıçının vəzifəsi oxucuya sual verdirməkdir.

- Öz düşüncələrinizdə qalırsınız? Feminizmdən gedir söhbət.

 

Ümumiyyətlə, qadın müstəqil subyektdir və ictimai-siyasi fikrin əsas daşıyıcılarından biridir. Qa­dın, hər şey­dən əv­vəl, bə­şər öv­la­dı­dır və onun cəmiyyətin baş­qa üzv­lə­ri ki­mi, öz ba­ca­rı­ğı­nı or­ta­ya çı­xar­maq­dan öt­rü im­kan­la­rı olma­lı­dır. Qa­dın bə­ra­bərhü­quq­lu və­tən­da­şa o vaxt çev­ri­lə bi­lər ki, o, ki­şi­lər­lə bir cər­gə­də bü­tün mə­su­liy­yət və sı­naq­la­rı bö­lüş­dü­rə bil­sin.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 25.04.2016

3983

Ən çox gülünənlər