Vedrəyə, saqqala, şapalağa görə baş verən müharibələr


Dünyada tarixində 14 500 müharibə olub. Qəribə olsa da son 3500 il ərzində dünyada yalnız  230 il müharibə olmayıb.

 Bu müharibələrin ən uzunu İngiltərə ilə Fransa arasında gedən 100 illik müharibə hesab olunur. Nə az nə çox 115 il (1338-1453). Son 116 ildə isə 40-dan çox müharibə olub. Nəticədə 100 milyondan çox adam ölüb.

Dünyaca məşhur analitiklər hesab edirlər ki, tarixdə baş verən müharibələrin arxasında bəzən çoxalan insan sayının azaldılması dayanırdı. Texnika və elm inkişaf etdikcə insanların məhvetmə üsulları da yenilənib. Məsələn: müalicəsi olmayan və xüsusi laboratoriyalarda icad edilən xəstəliklər, GMO məhsullar, fast-foodlar.

Bütün bu yeni texnoloji yeməklər tədricən insanı daxildən məhv edir. Lakin yenə də ən effektli üsul müharibə olaraq qalır. Çox vaxt müharibələrin arxasında siyasi məqsədlər dursa da bəzən tarixdə utancverici və qəribə müharibələr də mövcud olub. Yəni elə müharibələr olub ki, adi bir vedrəyə, yaxud saqqala görə başlayıb. Həmin müharibələri təqdim edirik.

“Pirojnaya görə müharibə”

1838-ci ildə Meksikada yaşayan fransız iş adamı Fransa kralı Lui Filipə 10 il əvvəl onun şirniyyat sexinin yağmalanması barədə şikayət edir. Onun sözlərinə görə, 10 il əvvəl 1828-ci ildə hərbi formada olan şəxslər onun şirniyyat sexinə daxil olaraq  bütün pirojnaları yeyiblər.

Bunun əvəzində Fransa Meksikadan dəymiş ziyanı ödəmək üçün 600 000 pesa məbləğində vəsait tələb edir.

Adi bir pirojnaya görə bu qədər vəsait həqiqətən çox idi. Nəticədə Meksika Fransaya olan borcunu və faizləri verməkdən imtina edir. Fransa isə öz növbəsində Meksikaya  müharibə elan edərək donanmasını Atlantik okeanda Meksikanın ticarətlə məşğul olduğu adalara göndərir.

Meksika da hiyləyə əl atır. Belə ki, Texasla iqtisadi əlaqələri qurmaqla ziyandan qaçır. Özünü təhqir edilmiş sayan Kral Lui Texasa da müharibə elan edir. Sonda blokada aradan götürülür. Meksika borcunu qaytarır, fransız şirniyyat sexi isə işini davam etdirir.

“Oturacaq üstündə müharibə”

İngiltərənin Qana ərazisinin işğal etməsi çox rahat formada davam edirdi. Heç bir qəbilə və ya xalq onlara qarşı müqavimət göstərmək istəmirdi. Lakin Aşanti xalqı ilə problem çıxır. Bu problemi isə ingilis-qubernator yaradır. Belə ki, general-quberntaor məlumat alır ki, Aşanti xalqının qızıldan oturacağı var və həmin oturacaq hakmiyyətin simvoludur.

O, oturacaqda əyləşmək istəsə də Aşanti xalqı buna imkan vermir. Xalq üsyana qalxır. Nəticədə ingilislər Aşantilərin üzərinə ordu göndərərək üsyanı bir neçə il ərzində yatıra bilir. Bu günə qədər həmin oturacaqda bir dənə də olsun ağdərili insan əyləşməyib.

 “Emuların Böyük Müharibəsi”

Bu savaş 1932-ci ildə Avstraliyada baş verib. Savaş Avstraliya ordusu ilə emu dəvəquşuları arasında bir həftə davam edib. Belə ki, emuların buğda sahələrinə hücumu bütün əhalini ayağı qaldırır. Dəvəquşuların qarşısını almaq üçün əsgərlər pulemyotla silahlanmışdılar. Dəstəyə Ser Corc Pirs adlı şəxs başçılıq edirdi. Elə o vaxtdan etibarən Corc “dəvəquşu müharibəsi naziri” adlandırılırdı.

İlk hücum 2 noyabr, ikinci hücum isə 12 noyabrda Avstraliyanın Kempion şəhərində baş verdi.  Məkana müxtəlif yerlərdən atəşlər açıldı. Nəticədə 20 000 dəvəquşu öldürüldü. Bu hadisə Avstraliyada bir neçə dəfə baş vermişdir.

“Futbol müharibəsi”

“100 saatlıq müharibə” adıyla tanınan müharibə 1969-cu ildə El-Salvador və Honduras arasında baş verib və 5 gün davam edib. Müharibənin səbəbi iki ölkə arasındakı siyasi konfliktlər və immiqrasiya problemləri ilə bağlı idi. Konflikt 1970-ci ildə FİFA Dünya Kubokunun Şimali Amerikada ikinci seçmə mərhələsi zamanı başlamışdı.

 El-Salvador ordusu 1969-cu ilin iyulun 14-də Honduras üzərinə hücuma keçib. Amerika Dövlətləri Təşkilatı iyulun 20-də iki ölkə arasında sülhün bərqərar olmasına nail ola bilib.

“Donuz müharibəsi”

Müharibə ABŞ və Britaniya hakimiyyətinin sərhədi olan San Xuan adalarında bir donuzun öldürülməsi nəticəsində başlamışdı. Müharibə zamanı yeganə itki donuzun ölümü idi və bu müharibə ABŞ tarixinə qansız müharibə kimi daxil olub.

“Vedrə müharibəsi...”

Müharibə 1325-ci ildə İtaliyanın Bolonya və Modena şəhərləri arasında baş verir. Səbəb isə adi verdə olur. Belə ki, boloniyalı süvari şəhər xəzinəsinə məxsus vedrəni oğurlayaraq Modena şəhərinə qaçır. Boloniya şəhərinin elçiləri vedrəni Boloniya şəhərinin mülkiyyəti olduğu üçün geri istəyirlər.

Amma modenalılar bu təklifə rədd cavabı verir. Sonda 22 il davam edən Boloniya-Modena müharibəsi baş verir. Lakin sonda Boloniya vedrəni geri qaytara bilmir. Çünki müharibəni uduzur.

“Saqqal müharibəsi...”

Bu müharibənin tarixi Osmanlı imperiyası ilə bağlıdır. Belə ki, 1500-cü ildə ticarət danışıqları üçün sultan II Bəyazidin qəbuluna gələn venesiyalı elçilər sultanın qəribə təklifi ilə qarşılaşırlar.

Bəyazid Venesiyanın, doğrudan da, Türkiyə ilə sülh istədiyini sübut etmək üçün elçilərdən saqqala and içməyi tələb edir. Cavabında venesiyalılar həmşiə saqqallarını qırxdıqlarını bildirirlər.

Cavabdan qəzəblənən sultan “onda sizin şəhərin bütün sakinləri meymuna bənzəyir”, - deyə çığırır. Özünü təhqir olunmuş hesab edən Venesiya dərhal Osmanlıya müharibə elan edir. Lakin buna peşman olurlar. Çünki Osmanlı döyüşçüləri Venesiya ordusu və donanmasını darmadağın edir.

“Cenkinsin qulağına görə müharibə”

Qəribə olsa da bəzən dövlətlər öz güclərini nümayiş etdirmək və qonşu dövlətlərə görk olsun deyə müharibə etmək istəyir. Bunun üçün isə bəzən bir bahənə bəs edir. Elə XVIII əsrin əvvəllərində Karib dənizi hövzəsində mübarizəyə başlayan Britaniya və İspaniya imperiyaları kimi.

İki dövlət arasında “soyuq müharibə” olsa da tərəflər bunu “isitmək” üçün səbəb tapa bilmir. Ancaq uyğun səbəb sonda tapılır. Belə ki, 1738-ci ildə ingilis matrosu Bob Cenkins hansısa səhvinə görə ispaniyalı kapitanın onun qulağını kəsməsindən parlamentə şikayətlənir. İspan gəmisindəki xidmətindən sonra 7 il ərzində qulağını qoruyub saxlayan ingilis dənizçi onun nə vaxtsa, yerinə tikiləcəyinə ümid bəsləyirdi.

Sonda parlament ingilis təbəəsinin 7 il əvvəl kəsilən qulağına görə İspaniyaya müharibə elan edir. 1739-1742-ci illər ərzinə Britaniya-İspaniya arasında baş verən bu müharibə tarixə “Cenkinsin qulağına görə müharibə” adı ilə daxil olur.

“Şapalağa görə müharibə...”

19-cu əsrin ortalarında fransalı səfir Əlcəzair hökmdarından alınan borcları və borc faizini ödəməyi tələb etmək üçün onun hüzuruna gəlir. Bundan qəzəblənən hökmdar isə uzun mübahisələr edir. Hisslərini cilovlaya bilməyən əlcəzairli hökmdar səfirin alnından yavaşca şapalaq vurur. Təhqir olunan səfir buna baxmayaraq heç bir reaksiya vermir.

Yalnız bir neçə il sonra daha doğrusu 1830-cu ildə Əlcəzairi işğal etməyi planlaşdıran Fransa bəhanə kimi bu şapalağı bəhanə göstərir.

“İtə görə müharibə”

Yunanıstanla Bolqarıstan arasında münasibətlər hər zaman yaxşı olmayıb. Xüsusən də Birinci Dünya müharibəsindən sonra. Belə ki, 1925-ci ildə iki ölkə sərhədində yerləşən Petriç rayonunda yunan əsgər Bolqarıstan sərhədinə tərəf qaçan iti tutmaq üçün onun dalınca qaçır və bilmədən sərhədə çox yaxınlaşır.

Lakin Bolqarıstan sərhəd xidmətinin əsgəri bu səhvi bağışlamır və yunan əsgəri güllələyir.

Yunanıstan isə öz növbəsində qisas alacağını bildirir. Ertəsi gün Petriç kəndinə hücum edən yunanlar 50 bolqar hərbçisini öldürür. Lakin 10 gün sonra Yunanıstan öz ordusunu Bolqarıstandan çıxarır və 45 min funt kompensasiya ödəyir.

 Hazırladı: Günəş Fərhadlı



Tarix: 18.04.2016

11250