Sərraf gözü


Mono-Liza adlı zənın xeylağının adını eşidən, şəklini dəftər-kitabda, televizorda görən hər kəsin qulağı öncə bu sözləri dəlir: Mono-Lizanın sirri hələ də açılmayıb. İlk sual: niyə açılmayıb? Növbəti sual : bəlkə, açmaq istəməyiblər və ardınca da dolaşıq saullar kələfi: bəlkə, heç onun sirri-zadı yoxdur? Arvad xeylağının nə sirri ola bilər axı, ərinə xəyanətdən başqa? Liza bacı da ki, şəkildən göründüyü kimi ərdə olana oxşamır, düzdü, yaşı ötüb; belələrini biz tərəflərdə dul, qulağı ağır eşidən, oturanda dura, duranda otura bilməyən qocalar alır ki, çiməndən-çimənə damda-daşda başına tayqulpla su tökməyə bir adam olsun.

Ancaq şəkli altdan-üstdən, daldan-qabaqdan tədqiq edən əcgahan alimlər qrupu belə fikir yürüdürlər: Mono-Liza şəkildə hamilədir, üzündəki ifadə də doğacağı günün həyacanını, sevincini yaşayan qadınlara xasdır. Əllərini də, guya, şəkildə ona görə diafraqmasının üstündə çarpazlayıb ki, böyüməkdə olan qarnını tamaşaçılardan gizləsin. Sual yaranır; Liza xanım şəkilçəkən kişiyə - Leonardo bəyə - deyə bilməzdimi ki, böyüməkdə olan nahiyədən yuxarı hissəni fırçaya alsın? Bəlkə, deyib, Leonardo qabırğasının qalın yerinə salıb. Hər halda, reallıq göz önündədir; şəkildəki zənən hamilədir. İkinci, nisbətən idealizmə meyilli alimlər isə iddia edir ki, bu, Məryəmin şəklidir? İnkivizitorun tonqalından qorxan Leo onun adını Liza qoyub. Məryəm anadırsa, onun da bircə sirri var, küllü-aləm bilir. Başqa bir alim dəstəsi isə sübut etməyə çalışır ki, Liza nə qadındır, nə də hamılədir, o, əməlli-başlı kişidir, daha doğrusu, Rustavellinin sözləriylə desək, arvad dərisi geyinmiş kişidir, bir növ, bizim “Avropa” hotelinin həndəvərinə yığılan gecəquşuların biridir. Saçı, döşü özünün deyil, geydirmədir, qondarmadır. Hətta guya, bu elə Leonardonun öz şəklidir, guya, Leo özü də zamanında bir az ənliyə-kirşana meyilli imiş.

Sözümüzü canı Mono Lizanın sirrini açmaq deyil, onu deməkdir ki, guya, bu sirr açılsa bəşər hansı mənəvi yüksəlişə nail olacaq? O hansı mənəvi yaradır ki, onu məhz Mono Lizanın sirri ilə sağaltmaq olar?



Tarix: 26.02.2016

42136